Qida zəhərlənməsi


Vüqarə Məmmədova
Bu yazıya 2504 dəfə baxılıb.

        Qida zəhərlənməsi - bakteriyalarviruslar və parazitlər kimi ziyanlı mikroorqanizmlərin qidaya bulaşması zamanı həmin qidanın istifadəsinin nəticəsində yaranan haldır.

    Yay aylarında daha tez-tez rast gəlinən qida zəhərlənməsi əsasən ishal, ürək bulanması, qusma və mədə ağrıları ilə özünü göstərir. Düzgün diaqnoz üçün qan analizi vacibdir. Adətən qida zəhərlənməsi bir neçə günə düzəlir lakin bəzi zəhərlənmə halları var ki, həddən artıq ciddi problemlərə yol aça bilər və bu zaman ciddi həkim nəzarətinə ehtiyac vardır.

     Zəhərlənməyə səbəb nədir? - Köhnə, təmizliyinə və saxlama qaydalarına əməl etmədiyimiz qidalar. Qida zəhərlənməsi, əsasən, ərzaq məhsullarının gigiyenik qaydalara uyğun saxlanılmaması və tərkibinə mikrob daxil olması nəticəsində baş verir. Yeməklərin istifadə vaxtına riayət edilməməsi, meyvə-tərəvəzlərin lazımınca təmizlənməməsi də zəhərlənməyə şərait yaradır. Süd və süd məhsulları, kremli, mayonezli, yumurtalı yeməklər, münasib şəraitdə saxlanılmayan ət və dəniz məhsulları da tez xarab olur. 
     Nə etmək lazımdır? Gündəlik istifadə edilən ət, toyuq, süd kimi məhsulları saxlayarkən aralarında keyfiyyətsiz məhsulların olmamasına diqqət yetirin. Çünki 1 kq toyuq ətinin yanına qoyulmuş 100 qramlıq keyfiyyətsiz ət toyuq ətinin də keyfiyyətini poza bilər. Xüsusilə, rütubət mikrobların inkişafı və çoxalması üçün şərait yaradır. Yeməklər təmiz şəraitdə hazırlansa, təmiz yerdə saxlansa, zəhərlənmə də olmaz. 
Kanalizasiya suları qarışmış suda meyvə-tərəvəz yuyuruqsa, zəhərlənmə ehtimalı daha çox olur. Dizenteriya, tif, hepatit A kimi xəstəliklər də belə şəraitdə yayılır. Ümumiyyətlə, təmizliyinə şübhə etdiyimiz hər bir qida və içki zəhərlənməyə yol açır. 
     Zəhərlənmə özünü necə büruzə verir? Qida zəhərlənməsi 2-10 gün arasında özünü göstərir və ishal, ürəkbulanması, qusma, sancılar, qızdırma ilə müşahidə olunur. Bəzən eyni yeməyi iki nəfər yesə də, biri zəhərlənir, o birisi isə yox. Bu, yaşdan, orqanizmdən və zəhərlənməyə səbəb olan bakteriyalardan, immunitet sistemindən asılıdır. 
Bundan başqa, xəstə mütləq həkimə çatdırılmalıdır. Çünki qida zəhərlənməsi orqanizmi təhlükə altına ala bilər. Qusma və ishal nəticəsində orqanizmdə su itkisi olduğundan ölümlə nəticələnir. Zəhərlənmə aradan qaldırıldıqdan sonra orqanizmin su itkisini təmin etmək və enerjinin bərpası üçün şirin qidalar və bol miqdarda sudan istifadə etmək tövsiyə olunur.

      Ən ağır bakterial qida zəhərlənmələrindən biri Botulizmdir. Bu zəhərlənmələr 20% hallarda ölümlə nəticələnir. Botulizm  törədiciləri təbiətdə geniş yayılmışdır və torpaqda sporları uzun müddət yaşama qabiliyyətini saxlaya bilir. Sporlar müxtəlif ərzaq məhsullarına düşərək (tərəvəzlərə, toxumlara, taxıl məhsullarına, ətə) onları yoluxdura bilər. Qeyd etmək lazımdır ki, botulizm törədicilərinin çoxalması və inkişafı ancaq anaerob (oksigensiz) mühitdə mümkündür. Ona görə də botulizmlə zəhərlənmə ən çox ev şəraitində hazırlanmış  konserv məhsullarından, kolbasadan, vetçinadan, balıqdan baş verir. Xəstəlik çox vaxt kəskin başlayır, əzginlik, baş ağrıları, mədədə yanğı hissi, ürəkbulanma, çoxsaylı qusma və ishal olur. Daha sonra botulizm üçün spesifik simptomlar qoşulur: görmənin ikiləşməsi, göz qapaqlarının sallanması, bəbəklərin daralması, udma, çeynəmə, nitq qabiliyyətinin pozulmaları belə əlamətlərdəndir.

   Botulizmin profilaktikası üçün, ərzaq məhsullarının qışa hazırlanması və konservləşdirilməsi, saxlanılması və istifadəsi zamanı sanitar-gigiyenik norma və qaydalara ciddi riayət etmək lazımdır. Vaxtı keçmiş, bulanıq və qapağı qalxmış konserv məhsullarını qətiyyən istifadə etmək olmaz. Meyvə və tərəvəzlər ev şəraitində konservləşdirilərkən son dərəcə diqqətlə təmiz yuyulmalıdır. Əgər bu cür şübhəli ərzaq məhsulları qəbul etmiş qrup halında və tək-tək şəxslərdə mədə-bağırsaq pozğunluqları müşahidə edilərsə, dərhal xəstəxanaya müraciət etmək lazımdır. Qalan ərzaq dərhal istifadədən çıxarılmalı və bakterioloji müayinə üçün laboratoriyaya verilməlidir.

    Bundan başqa qeyri-mikrob mənşəli qida zəhərlənmələri də mövcuddur ki, bunlara az təsadüf edilir, lakin daha ağır keçir və bəzən də ölümlə nəticələnir. Qeyri-mikrob mənşəli qida zəhərlənmələrinə zəhərli göbələklə zəhərlənmələr, alaq otlarından zəhərlənmələr, arı balı ilə zəhərlənmələr, ərzaq məhsullarına zəhərli kimyəvi maddələrin qarışmasından baş verən zəhərlənmələr və s. aiddir. Bunlardan ən çox rast gəlinəni zəhərli göbələklərin qəbulundan baş verən zəhərlənmədir ki, buna da səbəb yeməli göbələklərin zəhərli göbələklərlə səhv salınmasıdır. Bu cür halların qarşısını almaq üçün təsadüfi adamlardan göbələk almamalı, ancaq yeməli olduğuna əmin olduğunuz növ göbələkləri əldə etməlisiniz.

     Zəhərlənmələrdən qorunmaq üçün aşağıdakı qaydalara nəzər salaq: 
1. Yemək bişirilərkən 1 saat ərzində yeyilməlidir. 
2. Tərkibində başqa maddə olmayan təbii yeməklərdən istifadə edin. 
3. Yemək və içkilər mümkün qədər açıq yerdə saxlanmamalıdır. 
4. Məhsulların son istifadə tarixinə diqqət yetirin. 
5. Yeməklər yenidən qızdırıldıqda qaynama nöqtəsinədək qızdırılmalıdır. 
     Qida zəhərlənmələrinin  uşaqlar arasında daha çox yayılmasının qarşısının alınmasında təkcə sanitar orqanların deyil, valideynlərin də nəzarəti mühüm rol oynayır. Valideynlər aldıqları ərzaqlara  diqqət yetirməli, tərkibini və ən əsası buraxılış tarixini nəzərdən keçirməlidir. Sertifikati olmayan ərzaqdan imtina edən insan bu kimi hallarla qarşılaşmaz.

 


Vüqarə Məmmədova
Bu yazıya 2504 dəfə baxılıb.