Qarpız kəsdim bal kimi


Şəbnəm Vaqif
Bu yazıya 1286 dəfə baxılıb.

Allah Təalanın  bizə bəxş etdiyi nemətlərindən biri də qarpızdır.  Qarpız-Cucurbitaceae fəsiləsindəndir. Tərkibində şəkər qlükoza, boyayıcı maddələr, üzvi turşu, alma turşusu, karotin, B1, B2, C vitaminləri, dəmir və kalsium duzları vardır. Qarpızın vətəni Afrikadır. Azərbaycanda, əsasən Sabirabadda, Saatlıda, Abşeronda və digər bölgələrdə becərilir. Qarpız toxumunda 30% yağ vardır.

Qarpız dadlı olduğu qədər də, faydalıdır. Tərkibində olan şəkər, qlükoza, B, C vitaminləri, dəmir və kalsium duzları sayəsində qarpız orqanizmdə olan bir çox narahatlıqları aradan qaldırmağa kömək edir. Bədənə sərinlik verir, susuzluğu aradan qaldırır, qan təzyiqini, ürəyin funksiyasını yaxşılaşdırır, orqanizmi yad cismlərdən təmizləyir. Acqarına yeyilən qarpız böyrəklərin fəaliyyətini yaxşılaşdırır. Qarpız bütöv halda - qabığı və tumları ilə bərabər doğranıb qazana yığılır. Bəkməz halına düşənə qədər qaynadılır. Bir bankaya yığıb saxlanır. Böyrəklərdə olan kristal duzları təmizləmək üçün onu porsiyalara bölüb gün ərzində içmək mümkündür. Lakin bunu yalnız kristalları əritmək üçün istifadə etmək olar. Qarpız yüksək temperatur hesabına orqanizmin itirdiyi su ehtiyacını ödəməklə yanaşı, həm də onu xərçəng xəstəliyindən  qoruyur. Mütəxəssislər belə hesab edirlər ki, qarpız çəyirdəyi ilə birlikdə yeyildikdə orqanizm üçün daha faydalıdır. Qarpız lif baxımından çox zəngin, həm də xolesterol səviyyəsi aşağı olduğundan bağırsağın fəaliyyətini yaxşılaşdırır. Qarpızın orqanizmi xərçəng xəstəliyindən, infarktdan qorumaq, öd ağrılarını azaltmaq xüsusiyyəti də var. Onun suyunu bal və zəncəfillə qarışdırıb içmək bəlğəmi kəsir. Qarpızı çox vaxt yeməkdən sonra qəbul edirik. Bu düzgün deyil. Yeməkdən dərhal sonra yeyilən qarpız köp əmələ gətirir. Ona görə də qarpızı əsasən acqarına yemək məsləhətdir. Onun qabığından hazırlanan mürəbbə sinə ağrısı, mədə və həzm zəifliyini aradan qaldırır. Qan təzyiqinin nizamlanması,arıqlamaq kimi faydaları olan qarpız yay mövsümünün ən çox qəbul edilən qidalarındandır. Qarpızla pəhrizə başlamazdan öncə həkimlə məsləhətləşmək lazımdır. Çünki qarpız monodiet pəhriz sayıldığından zəif immunitetə sahib insanlarda ağır fəsadlar törədə bilər. Qarpız pəhrizində 5 gün ərzində bütün məhsullardan imtina olunur. Bu müddət ərzində yalnız qarpızla qidalanırsan. Gündəlik rasion çəkiyə görə təyin edilir. Hər 10 kq-a 1 kq qarpız düşür. Pəhriz zamanı mayelərdən yalnız adi su, ya da yaşıl çay qəbul etmək olar. 5 gündən sonra siz 3kqdan 5-kq a qədər artıq çəki itirəcəksiniz.

Qarpız seçmək böyük məharət tələb edir. Qarpız alarkən onun rəngi daha tünd olanına üstünlük verin. Çünki rəngi tünd, üstəlik də açıq ləkələr olan qarpız daha şirin olur. Sonra onun saplaqlı hissəsinə diqqət yetirin. Əgər saplaq ot kimi yaşıldırsa, deməli hələ tam yetişməyib. Yox, əgər solgunlaşıbsa deməli tam yetişib və bal kimi şirin çıxacaq. Adətən avqust ayında tam yetişmiş qarpız olur.

Qarpızı uzun müddət saxlamaq mümkündür. Əgər istəyirsinizsə, qarpızı uzun müddət saxlaya biləsiz, ona əlcəksiz toxunmayın. Özü də əlcəklər parçadan olmalıdır. Qarpızları 1х1m ölçüsündə olan qəfəsdə saxlamaq daha məqsədəuyğundur. Qəfəsə saman yığmaq lazımdır ki, həm qarpızlar diyirlənib bir-birlərinə dəyməsinlər, həm də belə halda uzun müddət saxlamaq mümkündür. Otağın temperaturu +1...+3°С, rütubət  isə 80— 85% olmalıdır. Əks halda qarpızın dadı dəyişəcək. Saxlama zamanı vaxtaşırı qarpızları yerindəcə diyirlətmək lazımdır ki, üzərində ləkələr yaranmasın. Beləcə, hətta qış mövsümündə də sevdiklərinizi qarpıza qonaq edə bilərsiniz.

QARPIZ MÜRƏBBƏSI

Tərkibi:

Qarpız qabığı – 1kq,

şəkər – 1,2kq,

vanilin – 0,5q,

limon duzu – 1,2q.

Hazırlanma qaydası:

Qarpız mürəbbəsi üçün qalınqabıq qarpız növləri götürülür. Əvvəlcə qabığın yaşıl hissəsi nazik kəsilib atılır, düzbucaq və romb (1,5-2) və ya kub (2-3 sm) formasında doğranılır. Sonra təmiz yuyulub üstünə qaynar şərbət tökülür, arada 8 saat saxlanılmaqla 3 dəfəyə bişirilir, hazır olana yaxın limon duzu və vanilin əlavə edilir.


 

 

Duza qoyulmuş qarpız

Qəribə səslənsə də, qarpızı da digər tərəvəzlər kimi duza qoymaq mümkündür. Qarpız yuyulur və 2 sm qalınlığında hissələrə bölünür. Sonra şüşə bankalar yuyulur və sterilizə edilir. Qarpız dilimləri bankaya yerləşdirilir və üzərinə qaynayan su əlavə olunur. 10 dəqiqə saxlayandan sonra qarpızlar süzülür və proses yenidən təkrarlanır. 10 dəqiqədən sonra suyu süzüb duzlu suyu qaynaya-qaynaya bankadakı qarpız lətinin üstünə tökürük. Bankaların ağzı möhkəm bağlayıb və soyuduruq. Sonra sərin yerdə saxlayırıq.

Duzlu suyun hazırlanması: 30 q duzu bir litr suya töküb 10 dəqiqə qaynadır, sonra onu tənzifdən süzüb yenidən qaynadırıq. Sonra üzərinə 15 ml 9%lik sirkə  əlavə edirik.

Qarpız kokteyli

Əvvəlcə 300 qr qarpızı buzla birgə qarışdırıcıyla çalırıq. Sonra ayrıca olaraq, 3 ədəd kivini çalıb qarpızdan alınan pürenin üzərinə əlavə edirik. Beləliklə, kokteylimiz hazırdır.  

Qarpız salatı

Əvvəlcə quru tavada təmizlənmiş balqabaq tumlarını qızardırıq. Qarpızı tumlardan təmizləyib kub formasında doğrayıb boşqaba düzürük. Ağ pendiri sürtkəcdən keçirib qarpız parçalarının üzərinə əlavə edirik. Sonra balqabaq tumlarını və üyüdülmüş qara istiotu onun üstünə səpirik. Bundan sonra zeytun yağını salatın üzərindən gəzdiririk. Salatımız hazırdır.

Qarpız şirəsi

Əgər qışda konservləşdirilmiş qarpız şirəsi içmək istəyirsinizsə, o zaman 10 litr qarpız şirəsi almaq üçün 17kq lətə 600 q şəkər tozu və 20 q limon turşusu əlavə edib qaynadın. 5 dəqiqə qaynayandan sonra bankalara töküb  ağzını möhkəm bağlayın.  


Şəbnəm Vaqif
Bu yazıya 1286 dəfə baxılıb.