Faydalı Elm Öyrənməyin Fəziləti


Osman Nuri Topbaş
Bu yazıya 1047 dəfə baxılıb.

Elm Özünü Bilməkdir

Bütün elmlər Allah-Təalanın məxluqlara və hadisələrə qoyduğu qanunların kəşfindən ibarətdir. Elmlərin inkişafı da bu kəşflərin artırılması ilə mümkündür. Lakin bu təbii qanunları kəşf edib onlara ilişib qalmaq həqiqi mənada "bilmək" deyil.

Bilmək sənətdən sənətkara gedərək kainatda hökm sürən bu qanunların sahibini tanımaqdır. Onun qüdrət və əzəmətini idrak edə bilməkdir. Bunun nəticəsi də Onun rizasını qazanmaq üçün cəhd göstərməkdir.

Bilmək ilahi ehtişam və qüdrət naxışlarından agah olub varlıqların hal dilindən anlamaqdır. Hikmətdən agah olub kainatda sərgilənən ilahi sirlərə vaqif ola bilməkdir.

Bilmək ehtiyaca cavab verəni tapmaqdır. Ən mühüm ehtiyac isə, ayeyi-kərimədə bildirildiyi kimi "müsəlman olaraq can verə bilmək"dir.

Məhz elmi bu məqsədlə öyrənən, yəni onu "irfan"a çevirə bilən adam həqiqi mənasıyla "bilən"lərdən olar.

Yunus Əmrə həzrətlərinin bu xüsusdakı ifadələri xüsusi bir sirr və hikmət daşıyır:

Elm elm bilməkdir, elm özün bilməkdir,

Sən özünü bilməzsən, bu necə oxumaqdır?

Oxumaqdan məna nə, adam Haqqı bilməkdir,

Çün oxudun bilməzsən, ha bir quru əməkdir!

İyirmi doqquz heca, oxursan ucdan- uca,

Sən əlif dersən hoca, mənası nə deməkdir?

 

 

Zahiri və maddi məlumatlar insan üçün kafi deyil. Onlar həqiqi elmə ancaq bir vasitə ola bilər. Əsl və faydalı bir elm maddi elmlərlə mənəvi elmləri birləşdirmək surətiylə təhsil edilə bilər. Elmin bu iki istiqaməti iki qanad kimidir. Siz heç tək qanad ilə uçan bir quş gördünüzmü?..

Həqiqi elmi əldə etmək bir tərəfə, bir də öyrəndiklərini bayağı ehtiraslarına alət edərək insanlara zülm edənlər vardır. Bunlar əslində elmə xəyanət etmiş olarlar. Bu səbəblə elmin fayda verməsi üçün nəfsi duyğuların aradan qaldırılması, ağıl və iradənin Quran və Sünnəyə tabe olunması zəruridir. Mənəvi tərbiyədən məhrum bir şəkildə öyrənilən elm insanı mənfi yollara sürükləyərək bir aldanış vasitəsinə çevrilə bilər.

Çox təəssüf ki, bu gün elm təhsilində insanın daha çox zehni qabiliyyətlərinə əhəmiyyət verilir. Əxlaq, xarakter və şəxsiyyətə kifayət qədər diqqət yetirilmir. Halbuki, elmin layiqincə daşına bilməsi bu kimi qəlbi fəzilətlərə bağlıdır. Elmini irfana çevirə bilməmiş bir kim­sə hü­quq təh­si­li aldıqdan son­ra haqq və əda­ləti bərqərar edə­cə­yi yer­də zalım bir cəllada çevrilə bilər. Həmçinin, tibb təh­si­li görmüş bir kim­sə də şə­fa verəcəyi yer­də in­san qəssabına çevrilə bilər. Mər­hə­mət və mə­həb­bətdən məh­rum bir ida­rə­çi isə sahib olduğu elmlə əm­ri al­tın­da­kı­la­ra zülm edən bir qəddar olar. Be­lə insanlar elm sa­yə­sin­də bir ca­hi­lin verəcəyi zərərdən qat-qat artığını verə bilərlər.

Nəhayət, elm insanın həm könül dünyasını, həm də ölümündən sonrasını işıqlandıran bir sərmayə olmalıdır.

 

Elm Əməl Üçündür

Elmin həqiqəti yaşanmasıyla ortaya çıxar. Bildiklərini həyata tətbiq etməyən alim "kitab yüklü uzunqulaq"(əl-Cumuə, 5) kimi boş yerə hamballıq edər. Əgər bir elm insanı Haqqa, həqiqətə, təqvaya, saleh əməllərə sövq edirsə elmdir. Yoxsa şeytanda da elm vardı, Qarun da elm sahibi idi. Lakin elm nəfslərini qabardıb onları dəhşətli bir qürur və təkəbbürə sürükləmişdi.

Bu baxımdan elm layiqincə həzm edilib əmələ çevrilməz, əxlaqa əks olunmazsa, bütün əməklər israf olmuş sayılar. Peyğəmbərimiz (s.ə.s.) belə bir elmdən Allaha sığınmışdır:

"Allahım! Fayda verməyən elmdən, qorxmayan qəlbdən, doymaq bilməyən nəfsdən və qəbul edilməyən duadan Sənə sığınıram" (Müslim, Zikr, 73; Nəsai, İstiazə, 13, 65).

İmam Qəzali həzrətləri belə buyurur:

"Ömrünün sonuna bir həftə qaldığını öyrənsən, bu qısa zamanda mütləq sənə faydalı olacaq bir elmlə məşğul olarsan. Dərhal qəlbini yoxlayar, dünyəvi ehtiras və mənfəətlərlə əlaqəni kəsərsən. Gözəl xasiyyətlərlə bəzənməyə çalışarsan. Halbuki, insanın çıxdığı hər gün və gecədə ölməsi mümkün və ehtimaldır. Elə isə səni Allahın əzəməti qarşısında duyğulandırıb mənəviyyatını düzəldəcək elmlərlə məşğul ol!"

Salman Farisi (r.a.) Dəclə kənarında gedərkən yanındakı yoldaşı əyilib su içmişdi. Salman (r.a.):

"- Bir daha iç!" dedi. Yoldaşı:

"- Doydum!" cavabını verdi. Həzrət Salman:

"- Yaxşı, içdiyin suyun çaydan bir şey azaltdığını söyləyə bilərsənmi?" deyə soruşdu. Yoldaşı:

"- Xeyr!" dedi. Bu səfər Salman (r.a.):

"- Məhz elm də belədir, tükənməz. O halda, sənə fayda verəcək elmi öyrən!" –deyə tövsiyə etdi. (Əbu Nuaym, Hilyə, I, 188)

 

Həyat Qurtaran Elm

Bir nəhv ali­mi (dilçi) gə­mi­yə min­mişdi. Səfər əsnasında elmindən razı halda gəmiçi ilə söhbətə başladı. Hərdən gəmiçiyə müxtəlif suallar verirdi. Ondan “bilmirəm” cavabını aldıqca da qürurlanaraq:

“- Yazıq! Cəhalətin üzündən ömrünün yarısı boşa gedib” – deyirdi.

Tə­miz qəlb­li gə­mi­çi­nin bu dav­ra­nı­şa qəlbi qırılsa da, kamillik gös­tə­rib ca­vab ver­mə­di. Bu minvalla gedərkən qəflətən güclü fır­tı­na başladı və gə­miyə dəhşətli dalğalar hücum edərək onu yırğaladı. Hamını  bö­yük bir tə­la­şın bürüdüyü o hən­ga­mə­də gə­mi­çi dil aliminə baxıb:

"- Ey us­tad, üzə bilirsən?" de­yə soruş­du.

Dilçi saralıb-solmuş və­zi­yət­də kə­kə­lə­yərək:

"- Xeyr, bil­mirəm!.." de­di.

Bu cavabı alan gəmiçi məhzun əda ilə belə dedi:

“- Nəhv bilmədiyim üçün mənim ömrümün yarısı məhv olmuşdu. İndi isə üzə bilmədiyin üçün sənin bütün ömrün məhv oldu. Çünki gəmimizin bu fırtınadan xilas olmaq imkanı yoxdur. Ey nəhv alimi! Bu dəryada nəhvdən çox üzmək elminin daha faydalı və zəruri olduğunu bilmirdinmi?..”

Bu fa­ni vü­cud gəmisi ölüm girdabında çırpınarkən yaşanmayan, irfana çevrilməyən və sırf nəfsə xitab edən bilgilər fayda verməyəcəkdir.

Günah dəryasında boğulmaqdan xilas olmağın yeganə çarəsi halal-haramı bilmək və bunları həyata tətbiq etməkdir. Yalnız belə bir elm bizi iki dünya saədətinə nail edə bilər.

 

 

PEŞƏ VƏ İXTİSAS TƏHSİLİ

 

Allah-Təalanın heç şübhəsiz hər insana verdiyi zəka, qabiliyyət və təmayüllər bir-birindən fərqlənir. İnsanların müxtəlif qabiliyyət və xarakter sahibi olmaları nəticəsində dəyişik peşələr ortaya çıxmışdır. Cəmiyyət rifahının davamı üçün hər peşəyə və mütəxəssisinə ehtiyac vardır. Peşə seçimində diqqət yetiriləcək ilk xüsus halal-haram sərhədlərinə riayət etməkdir.

Dinimiz işləməyi, bir peşə sahibi olub halal yoldan ruzi qazanmağı ibadət olaraq qəbul etmiş və buna çox əhəmiyyət vermişdir. Bütün peyğəmbərlərin bir peşəsi vardır. Zəkəriyyə (ə.s.) dülgərlik, Davud (ə.s.) dəmirçilik, İdris (ə.s.) dərzilik etmişdir. Allah Rəsulu (s.ə.s.) də çobanlıq və ticarətlə məşğul olmuşdur.

Rəsulullah (s.ə.s.) belə buyurmuşdur:

"Heç kim əsla öz qazancından daha xeyirli bir ruzi yeməmişdir. Allahın Peyğəmbəri Davud (ə.s.) da öz əlinin əməyini yeyərdi". (Buxari, Büyü 15, Ənbiya 37)

 

 

Bütün işləri elm və ibadət olan əshabi-suffə ehtiyaclarını qarşılayacaq qədər işləyərdilər. Gücü-qüvvəti yerində olan Suffə əhli dağdan odun gətirmək, su daşımaq kimi əllərindən gələn hər cür işi görərdilər. Qazandıqları pulla da infaq edər və yoldaşlarına yemək aparardılar. (Buxari, Məğazi 28, Cihad 9; İbn Sad, III, 514). İffət və vüqarları səbəbiylə heç kimdən heç nə istəməzdilər.

Uqbə bin Amr (r.a.) belə deyir:

“Sədəqə ayəsi nazil olduqda kürəyimizdə yük daşıyaraq qazancımızdan infaq etməyə başladıq…" (Buxari, Zəkat, 10; Müslim, Zəkat, 72) (Sədəqə ayəsi, Tövbə Surəsinin 103-cü ayəsidir:

(Ya Rəsulum!) Onların mallarından sədəqə (zəkat) al. Bununla onları (günahlarından) təmizləmiş, pak etmiş olarsan. Onlardan ötrü dua et, çünki sənin duan onlar üçün bir arxayınçılıqdır (rahatlıqdır). Allah (hər şeyi) eşidəndir, biləndir”.)

Həzrət Ömər (r.a.) miskinliyi, tənbəlliyi və zamanın boş yerə xərclənməsini heç sevməzdi:

"Hər hansı birinizi nə dünya, nə də axirət işiylə məşğul olmadan, heç bir iş görməyən vəziyyətdə görmək xoşuma gəlmir" deyərdi. (Əbu Quddə, Zamanın Qiyməti, s. 97)

"Hərəkətdə bərəkət var" deyiblər. İnsan daim xeyirli bir işlə məşğul olmalı, boş qalaraq nəfsə və şeytana fürsət verməməlidir.

Digər tərəfdən, boş-boş oturan bir insan lüzumsuz söhbətlərə dalmağa başlayar. Boş danışdıqda da həm özünə, həm də başqalarına zərər verər. Bu səbəblə Həzrət Ömər (r.a.) oğullarına belə tövsiyə edərdi:

"Şəhərə çıxdığınız zaman ətrafa dağılın (hər kəs özünə bir iş tapsın!) Bir yerdə toplanıb qalmayın! Çünki mən bir yerdə qaldığınız zaman münaqişə edərək bir-birinizdən küsəcəyinizdən və ya aranızda bir pislik çıxmasından qorxuram" (Buxari, əl-Ədəbul-Müfrəd, № 415).

 

Elə isə hər bir müsəlman gənc Allahın lütf etdiyi imkanları ən yaxşı şəkildə qiymətləndirmək məcburiyyətindədir. Kimin nəyə qabiliyyəti varsa, özünü o istiqamətdə inkişaf etdirməyə cəhd göstərməlidir. Məsələn, elmə qabiliyyəti olan bir kimsə faydalı elmlərlə məşğul olmalı və o sahədə ən yüksək səviyyəyə çıxa bilmək üçün cəhd göstərməlidir. İdarəçi olmağa qabiliyyətli bir adam isə sövq və idarə elmi ilə birlikdə məsuliyyətlərini də öyrənməlidir. Digər peşə qabiliyyətləri də bunun kimidir.

Rəsulullah (s.ə.s.) buyurur:

"İnsanların ən xeyirlisi, onlara faydalı olandır" (Beyhəqi, Şuab, VI, 117; İbn Həcər, Mətalib, I, 264) .

Bu müjdəyə nail ola bilmək üçün müsəlman bir gənc ən faydalı və gözəl peşəni seçməlidir.

 


Osman Nuri Topbaş
Bu yazıya 1047 dəfə baxılıb.