İlk Addım


Şəbnəm Vaqif
Bu yazıya 1279 dəfə baxılıb.

Sentyabrın 15-i yeni dərs ili başlayır. Həmin gün, xüsusilə ilk dəfə məktəbə gedən birincilər və ilk dəfə ali məktəbə gedən 11-ci sinif məzunları üçün daha həyəcanlı və  yaddaqalan, həm də çətin olur. Bu çətinliklər hansılardır və onları necə dəf etmək olar?

    Məktəb balaca şagirdin qarşısına tələblər qoyur. Demək olar ki, uşağın bütün həyatı dəyişir: maraqları, həmyaşıdları və böyüklərlə ünsiyyəti və s.- hamısı məktəb problemlərinə tabe olur.

   Bir çox valideynlər elə düşünürlər ki, övladları oxumağı, yazmağı və 100-ə qədər saymağı bacarırsa, gələcəyin birinci sinif şagirdi məktəbə tam hazırdır və heç bir problemi olmayacaq. Lakin sonra uşaq məktəbə getmək istəməyəndə qarşıya suallar çıxır: “Axı uşaq məktəbə getmək istəyirdi, bəs indi nə oldu?”, “Dərsini gec qavrayır”, “Tez yorulur”, “Halsız olur” və s. Ən yaxşısı, nələrin olduğunu başa düşməyə çalışaq. Valideyn qayğısı görən, evdə sərbəstliyin dadını çıxaran balacalar birdən-birə məktəb qanunlarına tabe olmağa başlayır. İndi o, məktəbdə valideyninə deyil, heç vaxt üzünü görmədiyi, tanımadığı müəlliminə tabedir. Buna görə də, birinci sinif şagirdinin məktəbə adaptasiyası çətin olur. Xüsusilə də, bağça təlimi görməyən balacalar daha çox əziyyət çəkirlər. Bağça təlimi keçən uşaqlar daha sərbəst, məsuliyyətli, ünsiyyətcil olurlar.

   Birinci sinif şagirdinin adaptasiyasının əsasını fiziki və psixoloji hazırlıq təşkil edir. Uşağın sağlamlıq vəziyyətinə əsasən valideyn onun gələcəkdə adaptasiya zamanı hansı problemlərlə qarşılaşacağını müəyyən edə bilər. Əgər övladınızın səhhətində hər hansı problemlər varsa, onu dərslərlə yükləməyin, dərsində və istirahətində tarazlığı saxlamağa çalışın. Yuxarıda dediyimiz kimi, zəif uşaqlar daha tez yorulur, halsız olur və bu çətinlik qarşısında davam gətirməyib məktəbdən “küsürlər”.  

   Bir çox valideynlər uşağın psixoloji hazırlığına o qədər də önəm vermirlər. Lakin psixoloji hazırlıq adaptasiyada əsas rol oynayır. Uşağın məktəbə psixoloji hazırlığına daxildir: yaş normasına əsasən ali psixoloji funksiyalar (yaddaş, diqqət, təfəkkür, nitq); özünüidarəetmə və iradə (dinləmək, qulaq asmaq bacarığı, özünü ümumi qaydalara uyğun apara bilmə); kommunikativ sferanın inkişafı (həmyaşıdları və böyüklər ilə ünsiyyət vərdişi); intellektual komponent. Bütün bunlar uşaqda inkişaf etdiriləndə uşaq qarşısına çıxan çətinliklər qarşısında təslim olmaz. Uşaq məktəbə ilk addımlarını atanda məqsədini bilməlidir. Təbii ki, bu vəzifə də valideynlərin üzərinə düşür. İlk addımında uşağa dayaq olanda, valideyn himayəsini hiss edən uşaqda özünə əminlik yaranacaq və gərginliyi azalacaq.

    Birincilərdən keçək, 11-ci sinfi bitirib, ali məktəblərə qəbul olan tələbələrə. Dünən şagird, bu gün tələbə. Ali məktəbdə dərsə başlayanda keçmiş məktəbli silsilə problemlərlə üzləşir: birincisi, birdən- birə təhsilin üzərində əvvəlki qədər idarə səviyyəsi aşağı düşür, ikincisi, təhsilin strukturu dəyişir, böyük auditoriyalar, 80 dəqiqəlik dərs, tanımadığı qrup yoldaşları, elmi dərəcəsi olan müəllimlər və daha nələr, nələr... Yeni təhsilin uğurla davam etməsi üçün tələbə özü öyrənmə fəaliyyətini planlaşdırmalı, realizə və idarə etməlidir.

   Birinci məsləhət odur ki, bütün situasiyalarda özünü itirməsin. Dünyada hələ də yaxşılar var. Ona görə də məsləhət almaq üçün ağıllı insanlara üz tutun. Lakin onu da unutmayın ki, çoxları yalnız məsləhət verməyi sevir. Elələrindən uzaq olmağa çalışın. Onu da bilin ki, siz universitetdə təhsil alan ilk və sonuncu deyilsiniz. Əgər istəyirsinizsə universitet illəriniz səmərəli keçsin, sizə verilən  şansdan maksimum dərəcədə yararlanın. Bunun üçün seçdiyiniz ixtisasın peşəkarı olmağa can atın. Hər şeyin yaxşı olacağını özünüzə təlqin edin. Yeni dərs günündə hamınıza uğurlar!!!

 


Şəbnəm Vaqif
Bu yazıya 1279 dəfə baxılıb.