Uşaqların Xoşbəxtliyi


Mətanət Kərimova
Bu yazıya 1109 dəfə baxılıb.

Allah-Təala dünyaya gələn hər bir körpəyə paklıq, günahsızlıq və xalis təkallahlıq nemətini təmənnasız bəxş edir. Xaliq olan Allah onun valideynlərinin dininə, dilinə, imkanlarına və sairə xüsusiyyətlərinə baxmadan uşaqlara öz mərhəmətini göstərir. Hətta valideynləri Allaha şərik qoşan müşrik və ya Onu inkar edən ateist və digər günah sahibləri olsalar belə Rəhman olan Rəbbimiz onların körpələrini pak yaradır. Bu barədə Allah təala buyurur: “(Ya Rəsulum! Ümmətinlə birlikdə) batildən haqqa tapınaraq (pak bir müvəhhid, xalis təkallahlı kimi) üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (islama) tərəf tut. Allahın dinini (Onun yaratdığı tövhid dini olan islamı) heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur...” (Rum, 30)

Əbu Hüreyrə Peyğəmbər (s.ə.s)in bu ayəni aşağıdakı kimi açıqladığını demişdir: “Doğulan hər bir insan fitrətlə (təkallahlı kimi) dünyaya göz açar. Sonradan valideynləri onu yəhudiliyə, xristianlığa və yaxud məcusiliyə (atəşpərəstliyə) sürükləyərlər”.(Buxari, Cənaiz, 78)

Əbu Hüreyrə belə buyurur: “Allahın insanları yaradarkən onlara bəxş etdiyi fitrəti Onun məxluqatı üçün dəyişilməzdir. Doğru din budur. Din və fitrət isə İslamdır”.

Həsən əl-Bəsri deyir ki, Allaha and olsun ki, Rəbbimiz Öz kitabında belə buyurur: “(Ey Peyğəmbərim!) Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən (gələcək) nəsillərini çıxardıb onların özlərinə (bir-birinə) şahid tutaraq: "Mən sizin Rəbbiniz deyiləmmi?" - soruşmuş, onlar da: "Bəli, Rəbbimizsən!” – demişlər. (Əraf, 172)

Ayənin mənası budur ki, doğulan hər bir insan öz Xaliqini tanıyaraq Onun Rəbb olduğunu qəbul edir. Deməli, Allah-təala bizdən öncə hələ uşaqlarımızın ana bətnində olmazdan əvvəl onların xoşbəxtliyini istəmişdir.

Uşaqların dini tərbiyə altında böyütməsinə qayğı göstərən Allah Elçisi (s.ə.s.) buyurur:

“Övladlarınızı yeddi yaşına çatanda namaza çağırın. On yaşında isə onları (namaza gəlmədikləri təqdirdə) vurun və (bu yaşda onların) yataqlarını ayırın”.(Əbu Davud, Kitabus- salət, 26)

Allah Elçisi (s.ə.s.) deyir: “Hər biriniz bir himayəçisiniz və öz rəiyyətinizə görə məsulsunuz”.(Əbu Davud, Xərac, 1)

Bu mənada kişi öz ailəsinin himayəçisi və öz rəiyyətinə görə məsuldur. Həmçinin qadın da öz ərinin evində himayəçi və ailəsinə görə məsuldur.

Bizim hər birimiz öz övladlarımıza diqqət yetirir, himayə edir və qayğı göstəririk. Lakin bir çoxlarımızın göstərdiyi himayə və qayğı yalnız onların fiziki sağlamlığı və maddi rifahı üzərində qurulmuşdur. İnsanın öz övladının yüksək səviyyədə qayğısına qalması tərifəlayiq bir işdir. Lakin övladını maddi cəhətdən təminatlı, mənəvi cəhətdən isə kasıb görmək heç bir valideynin arzusu deyil. Xüsusən də, Peyğəmbərimiz (s.ə.s.) buyurur ki: "Zəngin şəxs var-dövləti çox olan deyil, əksinə nəfsi tox olandır". (Tirmizi, Zühd, 40)) Buna görə də hər iki istiqamətə diqqət göstərmək lazımdır.

Müslimin “Səhih” əsərində Abdulla ibn Məsuddan belə bir hədis rəvayət olunur: “Nütfənin ana bətninə düşdüyü yüz iyirminci günündə mələyə ruh üfürülməsi və dörd kəlimə yazmazı əmr olunur: Ruzisi, əcəli, əməli, bədbəxt və ya xoşbəxt olması...”

Alın yazısı mübahisə olunmaz bir məsələdir. Bu heç də o demək deyil ki, insan dünya ruzisi qazanmaqda, axirətdə xoşbəxtlik və yaxud bədbəxtliyə nail olmaqda əmək sərf etməyərək bütün ümidini qədərinə bağlamalıdır. Əvvəla mələyin onun üçün nə gətirdiyi qeybdir. Heç kəs bilə bilməz ki, onun qədərində nə yazılıb. Buna görə də müsəlman dünya və axirət xoşbəxtliyini qazanmaq üçün var gücü ilə çalışmalıdır. Çünki hər bir xeyir əməldə güclü olan mömin zəif mömindən daha xeyirli və Allah qatında daha sevimlidir. Allah buyurur: “Dünyadakı nəsibini də unutma”. (əl-Qasas, 77)

Qədərin, yəni Allah tərəfindən hər bir insanın alın yazısının yazıldığını və hər şeyin də ona uyğun cərəyan edəcəyini öz əshabələrinə çatdırdıqdan sonra Allah Elçisi (s.ə.s.) onlara belə demişdir: “Əl edin. Kim nə üçün yaradılmışsa ona da yetişəcək”.

Qeyd edildiyi kimi, müsəlman valideyn öz övladlarının və öhdəliyində olan uşaqların tərbiyəsinə xüsusi diqqət yetirməlidir. Yaddan çıxartmaq lazım deyil ki, ibadət təkcə namaz qılmaqla bitmir.

Böyük fəziləti olan bu vacib əməl, yəni namaz qılmaq Allahın buyurduğu vaciblərdən biridir. Onunla yanaşı digər vacib əməllər vardır ki, həmin işlərə də Cənnət vəd verilib. Böyük İslam alimlərindən birinə sual verilir ki: “Bəs Allah Quranda deyir ki, namaz insanı pis əməllərdən çəkindirir. Lakin mən namaz qılmaqla yenə də pis əməllərə yol verirəm. Alim isə ona belə cavab verir: Sən Allahın Öz Kitabında tələb etdiyi namazı qılmırsan”.

Deməli, savab əməllər bir-birinə bağlıdır. Onların sanki biri o birini ardınca dartır. Valideynin öz övladının qayğısını çəkməsi savab əməllərdəndir.

Allah-Təala bizləri və övladlarımızı əməlisaleh bəndələrdən etsin. Amin!


Mətanət Kərimova
Bu yazıya 1109 dəfə baxılıb.