Ömürdən pay


Vaqif Nuri
Bu yazıya 1016 dəfə baxılıb.

Yaxşı insanları sevin və uca tutun. Onları sevənləri Allah da sevər.

Nəvəm Mustafa bu gün olduqca kədərli idi. Səbəbini soruşanda xeyli susdu. Yanaqlarına süzülən göz yaşlarını gizlətməyə çalışsa da bacarmadı. Xeyli sükutdan sonra ağlaya-ağlaya dedi: “Veysəl babamız bu gün yığışıb Türkiyəyə gedir. Birdəfəlik!” Mustafanın bu halı və dediyi sözlər mənim kimi nəvələrim Osman və Musanı da kövrəltdi.

Əziz oxucular! Söhbət 18 il Azərbaycanda yaşayıb, sərt qışda, qızmar günəş altında yorulmaq bilməyən qayğıkeş insan, öz qayğıkeşliyi ilə hamının qəlbinə yol tapan qardaşımız Veysəl Tatlı Əfəndidən gedir. O Veysəl Əfəndidən ki, Şamaxı rayonunun Mədrəsə kəndində, Göyçay şəhərinin mərkəzində, Ağdaşın Xosrov kəndində, Zaqatala şəhərində məscid və mədrəsələrin tikilməsində xüsusi əməyi və payı olmuşdur.

1994-95-ci illərdə Şamaxı rayonunda icra başçısı işləmiş Hacı Xudaverdi Lazımov belə deyir: “1994-cü ilin yaz aylarından biri idi. Otağımda oturmuşdum. İçəri ağsaqqal, nurani bir nəfər daxil oldu. Danışığından məlum oldu ki, türk qardaşlarımızdandır.Özünəməxsus mədəni bir tərzdə mənə müraciət etdi: “Əfəndim məscid tikdirmək üçün Mədrəsə kəndində bizə torpaq sahəsi verməyinizi xahiş edirəm”.

Mədrəsə kəndinə getdik. Kəndin mərkəzində olan boş torpaq sahələrinə baxdıq və münasib yerdən torpaq sahəsi ayırdıq. Tezliklə məscid tikintisinə başlanıldı. İşlər sürətlə gedirdi. Mən hər dəfə gedəndə bu tikintiyə baş çəkirdim. Hər dəfə də o pirani insanı orada görürdüm. Məlum oldu ki, bu gözəl insan məscidin hər daşında əlinin izi olan, qısa müddət ərzində məscidin istifadəyə verilməsində əməyi olan türk qardaşımız Veysəl Tatlıdır”.

Bəli, Veysəl Əfəndi Azərbaycanda çox işlər görmüş öz mərdliyi, insanpərvərliyi ilə uşaqdan böyüyə kimi hamının qəlbinə yol tapmışdır.

Bakı şəhərində bu günlərdə Gəncliyə Yardım Fondunun geniş toplantısında Veysəl Tatlıya fondun xatirə hədiyyələri təqdim olundu. Xatirə hədiyyələrini türk dünyasının böyük alimi, mütəfəkkiri Osman Nuri Topbaş həzrətləri təqdim etdi. İstər böyük alimin, istərsə də fondun prezidenti Əhməd Tecim bəyin Veysəl Tatlı haqqında dedikləri xoş sözlər, gözəl fikirlər Veysəl Əfəndinin əməyinə verilən yüksək qiymətdir.

Quran hafizi Veysəl Tatlı imanlı, zəhmətkeş, vətənpərvər adam kimi tanınır. Hacı Veysəl Əfəndinin bu xüsusiyyətlərinə görə qəlbimdə xüsusi yeri və payı var.

Bir dəfə o, qəmli baxışlarla mənə baxıb dedi: “Qarabağ fəryadı, dərdi türk millətinin ən yaralı yeridir. Xocalı soyqırımı, oradakı körpələrin, uşaqların kütləvi surətdə işgəncə və xüsusi amansızlıqla qətlə yetirilməsi qəlbimizi həmişə didib parçalayır və yandırır. Torpaqlarımız uğrunda müharibə başlasa 70 yaşım olmağına baxmayaraq hər an silaha sarılıb vətən, doğma torpaq, doğma Qarabağ uğrunda döyüşə getməyə hazıram”. Hacı Veysəl Əfəndi kövrəldi. Səsi titrədiyinə görə söhbətinə davam etmədi.

Bu insanın uzun illər Azərbaycanda çəkdiyi zəhmət, insanlara bəslədiyi böyük qayğı əbədi olaraq bizim qəlbimizdə yaşayacaq. Əli Quranlı, dili ayəli, zəhməti bərəkətli olan, əllərini qaldırıb etdiyi dualar insanlara iman, xeyir, bərəkət, şəfqət gətirən Veysəl Əfəndimizə uzun ömür, can sağlığı, işlərində müvəffəqiyyətlər arzulayırıq.

 

 

Hər qarış torpaqda sənin izin var,

Ürəklərdə xoş əməlin, sözün var.

Ucaltmısan neçə-neçə camilər

Hər daşında əllərinin izi var.

 

Tikdiyin, qurduğun bizə pay oldu,

Böyük əməllərin qəlblərə doldu.

Sevdin vətənimi vətənin kimi

Aldığın mükafat sağollar oldu.

 

 

Yaratmaq eşqiylə döyünür qəlbin,

İlahidən gəlib bu güc, bu qüvvət,

Vətənə bağlıdır hər vaxt həyatın

Səni ucaldıbdır çəkdiyin zəhmət.

 

Ömür yollarında uca bir dağsan,

Paklıqdır, düzlükdür tutduğun yollar,

Vaqifin gözündə hər vaxt cavansan

Yüz il yaşamağa hələ haqqın var.


Vaqif Nuri
Bu yazıya 1016 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.