Ebru sənəti


Vüsal Qaraqaşlı
Bu yazıya 1099 dəfə baxılıb.

Çox qədim bir bəzəmə sənəti olan ebru sənətinin harda və nə vaxt meydana gəldiyi dəqiq olaraq bilinmir. Sənət tarixçilərinə görə ebru kəlməsinin kökü Çağatayca damarlı mənasını verən “ebrə” sözündən götürülmüşdür. Bu da ebru sənətinin Orta Asiyadakı Türküstanda Çağatay Dövrünə (15-ci əsr) təsadüf etdiyini göstərir. Daha sonralar ebru sənəti İrana gəlmiş və fars dilindəki “ebri” (buluda bənzər) və ya “ab-ru”(su üzü) adlarıyla tanınmışdır.

Ebru - əsası xüsusi maddədən (bamiya suyu, dəniz kadayıfı (yosun növü), səhləb, heyva tumu və s. ola bilər) istifadə edərək artırılmış su üzərinə, gül budağından və at quyruğundan hazırlanmış fırçalar vasitəsilə, suda əriməyən metal oksidlərdən ibarət olan və mal-qara ödüylə qarışıq boyaların səpilməsindən sonra bir biz vasitəsilə müxtəlif şəkillər verərək və ya dəyişiklik etmədən üzərinə kağız qoyaraq alınan kağız bəzəmə sənətidir. Təbiətdə mövcud olan müxtəlif torpaq kütlələrindən alınan, suda əriməyən metal oksidlər yaxşıca əzilərək zərif hala gətirilir. Boyalara həm əzərkən, həm də sonra istifadə zamanı mal-qara ödü qatılır. Öd boyaların suyun üstündə açılmasına, bir- birinə qarışmamasına imkan verir və eyni zamanda, bir növ yapışqan kimi boyaları kağıza yapışdırır.

Yuxarıda ebru sənətinin görünən texniki tərəfi haqqında ümumi bir məlumat verildi. Lakin ebruda suyun üzərində meydana gələn şəkillər Canabı Haqqın bir təcəlliyat-ı ilahiyəsi dediyimiz bir meydana gəlmədir ki, bunları ifadə etmək çox çətindir. Bu şəkillər həm insanın cüzi iradəsiylə, həm də eyni zamanda, Allahın külli iradəsiylə sirli bir meydana gəlmələrdir...

Çox qədimdən bəri ebrudan vacib yazışmalarda fon olaraq istifadə edilmişdir ki, bundan da məqsəd üzərindəki yazını dəyişdirməyə mane olmaq idi. Çünki yazı dəyişdiriləndə altda olan ebru da zədələnir və yenidən bərpa edilə bilməzdi. Sonra ebru kitab cildlərində yan kağız və ya qapaq olaraq və hüsnxət sənətində fon olaraq istifadə edilmişdir. Bir müddət sonra bu sənətə bəzi çiçək motivləri də əlavə edilmişdir. Hatib Məmməd Əfəndi (1773 vəfat etmiş) çiçəklərin ilk ana cizgilərini çəkmiş və daha sonra gələn ustadlar bəzi mücərrəd çiçəkləri bu sənətə əlavə etmişlər. Məsələn, Nəcməddin Okyay (1883-1976) gül və laləni, ondan sonra gələn tələbələrindən Mustafa Düzgünman (1920-1990) çobanyastığını, dəyərli müəllimim Hikmət Barutçugil isə Əfsun çiçəyini çəkmişdir. Ebru sənətində kağız boyasının yerinə parça boyalarından istifadə etməklə parçada, ya da keramika boyalarından istifadə etməklə keramikada və yaxud şüşə boyalarından istifadə etməklə şüşə üzərində ebru əldə etmək olar. Ebru sənətinin əsasən su və torpaq boyalarından istifadəsilə meydana gəlməsi və ortaya çıxan mücərrəd şəkillər insana Quran ayətlərini xatırlatır:


“Biz, həqiqətən, insanı tərtəmiz (süzülmüş) palçıqdan yaratdıq. (Biz Adəmi torpaqdan, Adəm övladını isə süzülmüş xalis palçıqdan - nütfədən xəlq etdik) ”.   əl-Mu’minun, 12

 

“...hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?! Yenə də iman gətirməzlər?”  əl-Ənbiya, 30
 

Müasir dövrdə ebru sənətindən bir çox sahədə istifadə edilir. Buna görə də ebru tarixi bu gün böyük bir yenilənmə hərəkəti içində bir mücərrəd sənət kimi son dərəcə rəsmə yaxın abstrakt əsərlər bəxş etməktədir.
 

Və hər şey Uca Allahın (c.c) təcəlliyat-ı ilahiyəsidir; ebruda. Hz. Məhəmməd (s.a.s.) bu həqiqəti hər zaman olduğu kimi çox gözəl bir şəkildə ifadə etmişdir:


"Allah gözəldir. Gözəli sevər"



Vüsal Qaraqaşlı (Ebru sənətkarı, Rəssam)
 


Vüsal Qaraqaşlı
Bu yazıya 1099 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.