Revmatizm


Vüqarə Məmmədova
Bu yazıya 1779 dəfə baxılıb.

     Revmatizm (kəskin oynaq revmatizmi) – streptokok infeksiyasının ağırlaşması olub, qızdırma, oynaq patologiyası və ürəyin revmatik zədələnməsi kimi proseslərlə xarakterizə olunur. Əsasən, əhalinin cavan, yaşlı hissəsində rast gəlinir.

Revmatizm adətən ilin soyuq vaxtlarında başlayır. Revmatizm epidemik xəstəlik olmasa da onun yaranmasına səbəb olan streptokok infeksiyası epidemiya xarakteri daşıya bilər. Buna görə də xəstəlik məktəblərdə, uşaq evlərində, xəstəxanalarda, həmçinin, yoxsulluq, şəraitsizlik içində yaşayan böyük ailələrdə baş verən streptokok epidemiyalarından sonra birdən meydana çıxır. Bakterioloji və seroloji müayinələr göstərir ki, revmatizm - A qrupundan olan β-hemolitik streptokok infeksiyasına qarşı orqanizmin özünəməxsus allergik reaksiyasıdır.

Streptokok infeksiyası keçirmiş xəstələrin 2,5%-də bir ay ərzində kəskin revmatizm inkişaf edir. Xəstələr revmatizmidən qabaq angina, skarlatina, orta qulağın kəskin iltihabı, qızıl yel kimi xəstəliklər keçirdiklərini qeyd edirlər. İnfeksiyaya qarşı immunitet yaranmadığından təkrar infeksiyalaşma zamanı revmatizmin növbəti atakası baş verir. Revmatik proseslə zədələnmiş toxumaları mikroskopik müayinə etdikdə bütün bədən boyunca yayılmış xarakter xırda düyünlər – qranulomalar aşkar olunur. Ürək klapanları üzərində yaranan belə qranulomalar Aşoff-Talalayev düyünləri adlanır.

    Revmatizmin ilk mərhələsində oynaqlar ətraf toxumaların ödemləşməsi hesabına şişkinləşir. Növbəti mərhələlərdə isə oynaq boşluğuna süzülən mayenin miqdarı artır. Analoji proses perikard və plevra boşluğunda da baş verə bilər. Ürəyin xarici qişasının revmatik iltihabı perikardit, əzələ qişasının iltihabı miokardit, daxili qişasının iltihabı isə endokardit adlanır. Bir sıra hallarda bütün qişalar eyni zamanda prosesə qoşulur ki, buna pankardit deyilir. Revmokarditin ən qorxulu forması endokarditdir, çünki bu zaman klapanları zədələyən çapıq və deformasiyalar yaranır, klapanlar qısalır və ürək çatmazlığı əlamətləri inkişaf edir.

 

Formaları:

1. revmokardit (ürək forması)

2. revmatik poliartrit (oynaq forması)

3. revmatik xoreya (müqəddəs Vitt rəqsi)

4. revmatizmin dəri forması

5. revmatik plevrit

 

Simptomlar:

Xəstəlik kəskin şəkildə, keçirilmiş streptokok infeksiyasından təxminən üç həftə sonra başlanır. Çox vaxt temperatur 40 dərəcəyədək artır, nəbz sürətlənir, titrətmə, möhkəm tərləmə, halsızlıq yaranır, oynaqlar şişkinləşir və ağrılı olur. Prosesə ilk növbədə ən iri və işlək oynaqlar qoşulur. Prosesə cəlb olunan oynaq şişir, qızarır, əllə yoxlamada isti olur, hərəkət zamanı güclü ağrılar baş verir. Ağrılar uçucu xarakterli olur və bir oynaqdan digərinə keçir. Əgər xəstədə sürətli və ya aritmik nəbz, döş qəfəsində ağrılar, ürəyin dilatasiyası və perikardın sürtünmə küyü müəyyən olunursa, bu artıq ürəyin zədələnməsini göstərir. Kəskin revmatizmli xəstələrin 95%-də EKQ-də qulaqcıq-mədəcik keçirici sistemində ləngimə (blokada) qeyd olunur.

    Bəzi hallarda, xüsusən də uşaqlarda revmatizm daha yumşaq, hətta xronik formada keçə bilər. Belə uşaqlarda yalnız ümumi halsızlıq, taxikardiya və oynaqlarda yüngül qeyri-spesifik ağrılar olur.

   Revmatizmin dəri forması (həlqəvi eritema və revmatik düyünlər), xoreya (hərəki pozuntular) və revmatik plevrit nadir hallarda rast gəlinir.

Ürək zədələnməsinin əlamətləri qeyd olunmadıqda adətən letal nəticələr baş vermir, əks halda xəstələrin ömrü xeyli qısalmış olur.

 

Müalicə:

Revmatizm zamanı uzunmüddətli yataq rejimi mütləq göstərişdir. Ürəkdə aktiv revmatik proses olduqda fiziki yüklənmə daha çox zədələnməyə səbəb olur. Prosesin ilkin mərhələlərində antibiotiklər faydalı olur. Sonrakı mərhələlərdə iltihab əleyhinə müalicə daha effektlidir.

 

Revmatizm zamanı pəhriz

Revmatizmin kəskinləşməsi zamanı 3-4 gün ərzində meyvə pəhrizi saxlamaq, daha sonra isə balanslaşdırılmış qida rejiminə keçmək məsləhət görülür. Xəstənin qəbul etdiyi qida məhsulları zülallarla və vitaminlərlə, xüsusən də C vitamini ilə zəngin olmalıdır. Qidada xörək duzu, karbohidratlar (şəkər, ağ çörək, kartof), qızardılmış və yağlı yeməklər, ədviyyatlar, çay, qəhvə, alkoqol məhdudlaşdırılmalıdır.

   Revmatizm zamanı ilin fəslinə uyğun olaraq qarpız, təzə qaragilə meyvələri, bunlardan hazırlanmış dəmləmə (1 stəkan qaynar suya 1-2 çay qaşığı), bişirmə və kisellər, ballı quşüzümü şirəsi qəbul etmək məsləhətdir.

 

Revmatizmdə xalq təbabəti

 

Yonca vannası

50 qr xırdalanmış çöl yoncasının otu bir litr qaynar suda 2 saat müddətində dəmlənir. Süzüldükdən sonra xəstə oynaqlara vanna edilir. Belə vannaları gecə yatmazdan qabaq qəbul etmək məsləhətdir. Müalicə müddəti 12-14 gündür.

 

Atpıtrağı ilə andız qarışığı

Hərəsindən 10 qr olmaqla atpıtrağı kökləri və andız kökləri bir stəkan qaynar suda 20 dəqiqə müddərində vam odda qaynadılır, bundan sonra 4 saat müddətində oddan kənarda dəmlənir və süzülür. Gündə 3-4 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı qəbul edilir.

Kərəviz bişirməsi

100 qr kərəviz kökləri ilə birlikdə yarım litr suya tökülür və həcmi bir stəkan qalana qədər qaynadılır. Süzüldükdən sonra dəmləmə gün ərzində fasilələrlə içilir. Bu dəmləmə bir neçə gün ərzində ağrıları azalda bilər.

 

 


Vüqarə Məmmədova
Bu yazıya 1779 dəfə baxılıb.