“Səhra Çörəyi” Xurma


Kəmalə Hüseynova
Bu yazıya 1792 dəfə baxılıb.

Az adam tapılar ki, xurmadan dadmasın. Çoxları üçün o desertdir. Amma isti ölkələrdə xurma “səhra çörəyi” titulunu qazanıb. Xurma palmaları hələ bizim eradan 3500 il əvvəl Nil sahillərində yetişdirilmişdir. Xurmanı “ağacda yetişən konfet” də adlandırırdılar. Xurma  Quranda haqqında bir çox ayədə bəhs olunan, cənnət nemətləri arasında «bənzərsiz xurma» («Rəhman» surəsi, 68) ifadəsi ilə qeyd edilən bir meyvədir.

     «Doğuş sancısı onu bir xurma ağacının gövdəsinə söykənməyə məcbur etdi. Dedi: "Kaş ki, mən bundan əvvəl ölüb qurtaraydım və ya tamamilə unudulub getmiş olaydım!" Dərhal alt tərəfindən ona belə bir nida gəldi: "Kədərlənmə, Rəbbin sənin üçün alt tərəfində bir irmaq axıtdı. Xurma ağacını özünə tərəf silkələ, üstünə təzə yetişmiş xurma tökülsün! Ye-iç, gözün aydın olsun...» («Məryəm» surəsi, 23-26).

     Allahın Hz.Məryəmə «xurma yeməsini» bildirməsinin bir çox hikməti var. Xurma həm böyüklər, həm uşaqlar, həm də hamilə qadınlar üçün çox faydalıdır. Alimlər hesab edirlər ki, gündə 15 dənə xurma qəbul etməklə insan bir gündə ona lazım olan maqnezium, dəmir, kalsium ehtiyacını ödəyir. Bəzi dietoloqlara görə isə, 1 ədəd xurma və bir stəkan süd insanın qida maddələrinə olan tələbatını ödəyir.

     Xurmadakı şəkər qan şəkərini sürətlə yüksəldən qlükoza deyil, meyvə şəkəri olan fruktozadır. Fruktoza isə beynin yaxşı işləməsini təmin edir. Buna görə də, şagird və tələbələrin xurmadan çox istifadə etməsi məsləhət görülür.

     Xurmada hamilə qadınların qəbul etməli olduğu B vitamin qrupuna aid fol turşusu da var. Fol turşusu (B9) bədəndə yeni qan hüceyrəsinin yaranmasında, bədənin əsasını təşkil edən amin turşularının təşəkkül tapmasında və hüceyrələrin yeniləşməsində mühüm vəzifələri yerinə yetirən bir vitamindir. Xurmadakı kalsium və fosfat isə skeletin yaranıb formalaşması və bədənin sümük quruluşunun balanslaşması üçün çox mühüm elementlərdir.

    Xurmanın tərkibindəki maqnezium böyrəklər üçün də çox əhəmiyyətlidir. Bir insan gündə 2-3 xurma yeməklə maqnezium ehtiyacını ödəyə bilər. Xurmadakı B1 vitamini sinir sisteminin fəaliyyətini asanlaşdırır. O, bədəndəki karbohidratların enerjiyə çevrilməsinə, protein və yağların bədənin başqa ehtiyacları üçün istifadə edilməsinə kömək edir. B2 vitamini ilə də bədənin enerji təminatı və hüceyrələrin yeniləşməsi üçün protein, karbohidrat və yağların yandırılmasına yardım edir.

    Xurma tərkibindəki A vitamini sayəsində görmə qabiliyyətini və bədənin müqavimətini artırır, sümükləri və dişləri gücləndirir. Xurma betakaroten maddəsi ilə də çox zəngindir. Betakaroten xərçəngin qarşısını alan xüsusiyyətə malikdir.

   Xurmada protein də var və bunun sayəsində bədənin xəstəlik və infeksiyalardan qorunmasını təmin edir, hüceyrələri yeniləşdirir və bədəndəki mayeni balanslaşdırır. Xurma ağır işlə, fiziki işlə məşğul olanlara enerji verir, bədənə istilik gətirir. Onun tərkibində xolesterin yoxdur.       

   Xurmadan xurma balı, şəkər, şirə alınır, ağacın özəyindən isə palma unu çəkilir. Hətta ərəblər xurmadan məcun hazırlayırlar ki, onu 1 il saxlamaq mümkündür. Təzə xurmalardan meyvə salatında, bulkalarda, ev peçenyelərində, tortlarda istifadə olunur.

Xurma konfeti

Kişmiş və xurmanı yuyub aşsüzənə tökərək 4-5 dəqiqə buxarda saxlayın. Sonra kağız dəsmalın üstünə sərib qurudun. Xurmanın çəyirdəklərini çıxarıb kişmişlə birgə ətçəkən maşından keçirin. Qoz boyda dairəciklər hazırlayıb kakaoya batırın. Sonra bərkimək üçün soyuducuya qoyun. Tez və asan hazırlanan dadlı, faydalı konfetlər hazırdır.

Xurma kiseli

Xurma kiseli də dadlı olduğu qədər faydalıdır. Xüsusilə, ürək-damar xəstəliyindən əziyyət çəkən insanlar daha çox qəbul etməlidirlər. Bunun üçün sizə aşağıdakı ərzaqlar lazım olacaq:

Xurma 130 q

Limon turşusu- bir çimdik

Su- 900 q

Nişasta- 40 q

Şəkər tozu- 50 q

Hazırlanma qaydası:

Xurmaları yuyub çəyirdəklərini təmizləyin. Sonra onu 2 dəfə ətçəkən maşından keçirib, qaynayan suya əlavə edin. 10 dəqiqə qaynayandan sonra xurma kütləsini su qarışıq ələkdən keçirin. Qazanı sobanın üstünə qoyun və oraya şəkər tozu və limon turşusu əlavə edib qaynadın. Qaynara düşəndən sonra yarım stəkan soyuq suda həll etdiyiniz nişastanı oraya əlavə edin. Kisel qaynayan kimi sobanı söndürün və otaq temperaturunda soyumağa qoyun. Süfrəyə qatı xama ilə təqdim edin.

 


Kəmalə Hüseynova
Bu yazıya 1792 dəfə baxılıb.