Təfəkkür edə bilirikmi?


Gülnarə Seyidova
Bu yazıya 1026 dəfə baxılıb.

Təfəkkür dərk etməkdir.

Təfəkkür özünü dərk etməkdir.

Təfəkkür Dünyanı dərk etməkdir.

Təfəkkür bütün bunları içinə alaraq Allahı dərk etməkdir.

Bütün qüsurlardan münəzzəh olan Uca Yaradan ilk öncə dünyanı daha sonra isə insanı yaratdı. Və insana ağıl, dərrakə verdi ki, insan Allahın yaratdıqları üzərində təfəkkür edib Onun böyüklüyünü dərk etsin ki, Haqq yolundan ayrılmasın.

 

İnsanoğlu tarix boyu həyatı başda olmaqla hər zaman "varlıq"ın mənasını və sirrini kəşf etməyə, araşdırmağa, öyrənməyə çalışmışdır. Bu axtarış və kəşf, mədəniyyətlərin, sənət və incəsənətlərin yaranması üçün insanların qabiliyyətini üzə çıxaran bir potensiala çevrilmişdir. Bu axtarışda təfəkkürün ya da ağlın, bacarıqların müsbət yönə istifadə edilməsi vacib bir məqamdır. Çünki varlığın sirr və hikmətinin kəşf edilə bilməsinin təməlində məlumat və təcrübə ilə yanaşı, "varlıq" üzərində dərin təfəkkürün ayrı bir dəyəri vardır. Hər bir insanın düşünmə qabiliyyəti olsa da, hər düşünənin mütəfəkkir olmadığı məlumdur. Çünki təfəkkür müəyyən bir elmi təcrübə ilə yanaşı, ağlın bütün zehni qabiliyyət və dinamikliyi ilə əlaqəlidir.

Şübhəsiz, düşünmə və təfəkkür, insanı digər canlılardan ayıran əsas xüsusiyyətlərdəndir. Bəlkə də bu xüsusiyyət, insanı insan edən ən əhəmiyyətli faktdır. Belə ki, hər iki xüsusiyyət də insanlığın tarixi qədər qədim və köklüdür.

Zəmanəmizdə sərvətlərin, şəhvətlərin, qanun və sərhəd tanımayan nəfslərin, mövqelərin, dünya həzz və ləzzətlərinin, cəhalətin örtdüyü ağıl və qəlblərin, ictimai münasibətlərdə nə cür çətinliklər ortaya çıxardığı məlumdur. Həqiqət budur ki, regional və qlobal səviyyədə insanlığın yaşadığı ağır, çətin və fəlakətli hadisələrin təməlində təfəkkür əksikliyinin, həyatı və yaradılış məqsədlərini bilməməkdir. Halbuki, zəmanəmizin insanı olaraq dərs və ibrət alacaq böyük bir tarixi təcrübəyə və biliyə sahibik.

Bu içində yaşadığımız kainatın yaranması, varlığını davam etdirmə keyfiyyəti, bir qisim qanunlara, nizamlara bağlanmışdır. Ciddi bir təfəkkür, təhlil gərəkdiyində bu qanunların, nizamların öz dilləriylə "Bizi Allah yaratdı" dedikləri eşidiləcək.

Kainata, təfəkkürlə baxıb araşdırdığımızda, əşyanın kor-koranə axan bir sel kimi sürünmədiyini; hər hadisənin bütün yönləriylə hesablandığı; hər şeyin eninə-boyuna ölçülüb-biçildiyini; bütün məxluqatın bir nizam və qanun əsasında dünyaya gəlib, yenə bir nizam və qanunla köçdüyünü görürük. Və şüurumuzun, sanki belə qışqırdığını eşidirik: "Kainatda təsadüfü heç bir hadisə yoxdur. Hər şeyi, əlində tutan Allah, istədiyi kimi dəyişdirər-çevirər, istədiyi şəklə salar..."

ATOMLARI HƏRƏKƏT ETDİRƏN QÜVVƏ NƏDİR?

Canlıların ən kiçik parçası olan hüceyrənin içinə daxil olsanız, möcüzələrlə qarşılaşarsınız. Məsələn, insan bədənini təşkil edən hüceyrələr ilə heyvanların və bitkilərin toxumalarını təşkil edən hüceyrələrin bir-birindən fərqli olduğunu görərsiniz. İnsan bədənindəki bir hüceyrədə hemoqlobinin sayı 69 mindirsə, heyvan hüceyrəsindəki hemoqlobinin sayı 40 mindir. Bu ədədlər heç bir zaman dəyişmir. Bunların düzülüşü isə qarşı-qarşıya, bir-birinə keçirilmiş zəncirlər kimidir. O halqaların hər hansı birinə müdaxilə edildiyi an, zəncir pozulacaq və canlının həyatının itməsinə səbəb olacaq. O kiçik müdaxilənin nəticəsi olan dəyişmə, canlının ölümü ilə nəticələnəcək.

Hər hüceyrənin içindəki kimyəvi maddələr fərqli miqdardadır və müxtəlifdir. Bəzisində dəmir, bəzisində fosfor, bəzisində maqnezium olmaqla yanaşı miqdarları da fərqlidir. Hüceyrənin quruluşuna görə dəyişən bu miqdar və növlərin dəyişməsi ehtimalı və imkanı da yoxdur. Elmi araşdırmalar nəticəsində, sadə bir misal olaraq diqqətinizi çəkdiyim, bədənin ən kiçik parçası olan hüceyrənin ölçüsü ilə əlaqədar olaraq, bu həqiqət sübut olundu: "Zərrələri hərəkət etdirən, atomları istiqamətləndirən; bunlara şəkil verib, nizama salaraq insanı, heyvanı, bitkini və bütün əşyanı xarakterik xüsusiyyətlərlə ayrı-ayrı yaradıb yaşadan Allahdır".

Elm dünyasına bir çox yenilikləri və Nisbilik nəzəriyyəsini gətirən Einştein: "Elm nə qədər irəliyə gedərsə getsin, insanlar ilk mistiklərdən birinin dediyi kimi deyəcək: "Görünən şeylər, görünməyən şeylər tərəfindən yaradılmışdır".

Nəzərini kainata gəzdirən insanın, özünü və digər məxluqatı mükəmməl bir tənasüb ilə yaradıb qidalandıran; bacarıqlı bir həkim kimi, hər şeyi insanlara əlverişli vəziyyətə gətirən Allahı anlamaması və tanımaması bəsirətsizlikdir, korluqdur.

Ən kiçik xarici müdaxilələrdən belə zərər görüb həyatını itirə bilən bu həssas hüceyrə, yediyimiz hər şeydən və tənəffüs etdiyimiz havadan nəsibini alar. Lazımlı minaralları, vitaminləri, karbohidratları və oksigeni təmin edib, hərəkət edər və çoxalar. Olduğu yer və quruluşu etibarilə gəzməyi, uçmağı və üzməyi mümkün deyil, amma, o hüceyrə, yaradılışına əsasən hər yerə gedər və bölünərək törəyər. Bir ikən iki, üç, dörd olar. Xüsusiyyətlərini qoruyaraq mövcudiyyətini davam etdirər.

Diqqət yetirsək, insan bədəninin nələrə ehtiyacı varsa, hamısının ən münasib formada ona təqdim olunduğunu görərik.

Məsələn, mikroskopla görünən və mikronla ölçülən hüceyrələrin belə qidalanması və yaşamaları bu cürdür. Turşulardan və amin turşularından mürəkkəb hüceyrə, ortadakı nüvə və ətrafındakı stoplazma ilə xaricdəki incə bir pərdədən ibarət əlsiz, ayaqsız bir şeydir.

Bir hüceyrədə görünən bu keyfiyyət mütəşəkkil dairələr halında, kainatın hər tərəfində də müşahidə edilir. Hüceyrəni böyütsəniz insan, insanı böyütsəniz kainat olar. Kainatı kiçiltsəniz insan, insanı kiçiltsəniz atom meydana gəlir. Bax, kainatda bu cür bir tənasüb və tövhid vardır.

Bir də üzünüzü çevirib, uzaqdan uzağa göz qırpıb, bizə təbəssüm edən ulduzlarla bəzədilmiş səmaya baxdığınızda; yer üzündəki qumlardan daha çox və bizim planetimizdən min dəfələrlə böyük planetləri, ən kiçik bir nizamsızlıq olmadan gəzdirib dolaşdıran, ahənglə orbitlərində tutan Allahın mövcudiyyətini, qüdrətini görəcəksiniz. Hətta, dünyamıza düşərkən atmosferdə yanıb parçalanan meteorların, sanki, şeytanların başına vurub: "Diqqət yetir, bunlar Allahın qüdrət və iradəsiylə fırlanır", dediklərini eşidəcəksiniz. Ulduzların, günəşlərin, qalaktikaların, kosmik buludların, hətta ən kiçik meteorların öz dilləri ilə "Allah vardır. Bizi, fəza boşluğunda tutub, bir-birimizə çarpdırmadan gəzdirən, ahənglə dolaşdıran Odur" dediklərini eşidəcəksiniz.

İslam dinində elmə və təfəkkürə nə cür əhəmiyyət verildiyi göz önündədir. Quranın ilk əmrinin oxu olması (Ələq, 1-2.), bu mövzudakı ayələrin "yaradılışa" və mədəniyyətlərin inşasında sanki açar olan "qələm"in vurğulanması səbəbsiz deyil. Mənalı bir təfəkkür, hər şeydən əvvəl "oxuma" və "qələm"ə bağlıdır. Bu səbəbdən təfəkkür qabiliyyəti müəyyən bir elmin məhsuludur.

Elm, Allahın varlığını və birliyini isbat edib bəsirətsizlərin gözlərindəki pərdəni cırmaq üçün bir dayaqdır.

Elmin hansı istiqamətinə baxsanız, onun təbəssümlü çöhrəsində Allahı görəcəksiniz. O baxış və fikirlə arzu, xahiş içində araşdırmalara yönələcəksiniz. Hər hüceyrədə həyat nüvəsini tapdığınız kimi, Allaha aid məna nüvələrini də tapacaqsınız. İmanınız və yəqininiz ilə araşdırma şövqünüz artacaq, elmi və texnoloji səviyyəniz yüksələcək, yeni mərhələlər qət edəcəksiniz.

Quranın təfəkkür xüsusundakı xəbərdarlıqlarına və təşviqlərinə uyğun olan, iman şüurunu həqiqətən qavrayan möminin, elm və fənn baxımından geri qalmasına imkan yoxdur. Möminlər, əgər geri qalmış, yeni üfüqlərə çata bilməyiblərsə, deməli, Quranın xəbərdarlıqlarına əməl etməmiş, iman şüurunu qazana bilməmişlər.

Elmin, bacarığın, milli şüurun artması, elm və texnikanın inkişafı və nəhayət, axirətin qazanılması; Allahı və yaratdıqlarını elmlə təfəkkürün birləşdirilməsi nəticəsində olacaq!..

 

 


Gülnarə Seyidova
Bu yazıya 1026 dəfə baxılıb.