Hikmət Axtarmaq İstəyən Təfəkkürlə Zinətlənsin


Samirə Mahmudova
Bu yazıya 923 dəfə baxılıb.

Təfəkkür sükut edərək düşünmək, Allah Təalanın təxliq (yaratma) sifətinin əsəri olan hər yaradılışın mahiyyətini dərk etmək mənalarına gəlir. Allah Təala ilahi nizam olaraq yaratdığı aləmin əsrarəngizliyini, əzəmətini və möhtəşəmliyini insanlara göstərmək, Yaradanını təsbeh və təqdis etmək məqsədilə Qurani-Kərimdə insanları bütün bunları düşünməyə, idrak etməyə sövq etmişdir. Çünki sükut və təfəkkürlə hikmət qapıları açılır, furqanın dərin mənaları insanlara daha öncələri fərqinə varmadıqları neçə-neçə sirli səhifələri düşünməyə qərq edir. Varlıqlar içərisindəki yeganə ağıl və idrak sahibi olan insanı ona verilən bu saysız-hesabsız nemətlərin şükrünü yerinə yetirməyi, digər varlıqlarla bir olmamasını dərk etməyə, ona yüklənilən ilahi əmanətin həqiqi daşıyıcısı olmağa çağırır. Necə ki, Mövlana Cəlaləddin Rumi bir kəlamında bunu gözəl ifadə etmişdir:

“Ey qardaş, sən təfəkkür ilə həyat tapmalısan. Bədən ət və sümükdən ibarətdir. Heyvanlardan fərqi yoxdur. Əgər təfəkkürün güldürsə, sən bir gül bağçasındasan (dünya cənnətindəsən). Əgər tikanı düşünürsənsə (nəfsani arzularına ram olmusansa), təndir küllüyündəsən”.

Mövlana insana yüklənilən ilahi əmanəti unutmamasını, Yaradanına qarşı şükür duyğusunun şüuru içərisində olduğunu xatırlatmaq istəmişdir.

Kainatda ağıllara heyrət verən şeylərin və kainatın təşəkkülündə və bunlarda hökm sürən hadisələrdə inkarı mümkün olmayan bir nizam, ahəng və tərtib vardır. Kainatı bu dərəcə düzənli və tərtibli edən bir tərtibləyicinin olması zəruridir. O, bir və tək olan Allah Təaladır. Allahı ən çox düşünərək təfəkkür edən Peyğəmbərimiz (s.ə.s.) olmuşdur. Uca əxlaqın xüsusiyyətlərini özündə daşıyan Allah Rəsulu daima əshabını da təfəkkür etməyə və Yaradanının əzəmət və ucalığını idrak etməyə  sövq edər, özü də bu təfəkkürün örnəyini özündə yüksək səviyyədə əks etdirərdi. Rəsulullah (s.ə.s.) bir gecə səhərə yaxın oyanmış, bayıra çıxmış və bu ayələri oxumuşdur:

“Göylərin və yerin yaradılışında, gecə ilə gündüzün bir-birinin ardınca gəlib gedişində ağlı səlim sahibləri üçün, həqiqətən, açıq ibrətlər vardır. Onlar, ayaqdaykən, oturarkən, yanları üstə yatarkən (hər zaman) Allahı xatırlar, göylərin və yerin yaradılışı haqqında dərin-dərin düşünərlər (və belə deyərlər), Rəbbimiz! Sən bunları boş-boşuna yaratmadın. Səni təsbeh edərik. Bizi cəhənnəm əzabından qoru!” (Ali İmran, 3/ 190-191)

 Peyğəmbərimiz (s.ə.s.) daha sonra evə qayıdaraq yatmış, bir müddət sonra yenidən qalxıb çölə çıxmış, göyə baxaraq eyni ayələri oxumuş və geri dönüb dəstəmaz aldıqdan sonra namaz qılmışdır.

Allah Rəsulu daima Qurani-Kərim ayələrini oxuyarkən mənaları  üzərində fikrə qərq olar, Allahı təsbeh edən ayələr gəldikdə “Sübhanallah” deyər, dua ayələri gəldiyində Allaha yalvarar, əzab ayələri gəldiyində isə ümmətinin ondan uzaq olması üçün Allaha sığınardı. Hədisi-şərifdə belə buyurulur:

 “Quran bir zənginlikdir ki, ondan sonra kasıblıq olmaz. Qurana sahib olan, ən möhtəşəm xəzinəyə sahib olmuşdur və ondan başqa da zənginlik yoxdur” (Heysəmi, Məcmaüz-Zəvaid, VII, 158)

Buna dəlil olaraq Abdullah ibn Məsud Quranın necə bir böyük sərvət olduğunu ifadə etmək üçün : “Kim elm istəyirsə Quranın mənaları üzərində təfəkkür etsin, təfsiri və qiraəti üzərində fikrini cəmləsin! Çünki onda əvvəlkilərin və sonrakıların elmi mövcuddur” buyurmuşdur.

                                                         


Samirə Mahmudova
Bu yazıya 923 dəfə baxılıb.