Pərdənin Ardı


Məryəm Dəmir
Bu yazıya 863 dəfə baxılıb.

Təfəkkürün mövsümü varmı?

Təfəkkürün məkanı varmı?

Təfəkkürün zamanı varmı?

Təfəkkür insanın mənəvi halına görə dəyişərmi?

Cavab :  Bəli.

Kainata baxarkən yazda ayrı mənzərə görərsən, baharda yer üzünün dili insana bir başqa cür açılar, payızda təfəkkür dünyana hüzn kimi çökər …

Bəs qış?….bax, hal-hazırda yaşadığımız zaman dilimi… qış, bayaq soruşduğumuz sualın cavabında gizlidir... görəsən, qış mövsümündə olduğumuz üçün belə hiss edirik... yoxsa qısa iki günlük rayon sevdasımı yazdırır bu sətirləri... İsmayıllıdan keçməkmi, yoxsa Şəkidəki bir neçə saatmı qəlbimi dindirdi?  Zaqtaladakı soyuq qış günündə mehriban insanlarmı isitdi içimi?

Hər bir mələyin enməsinə vəsilə olduğu qar dənələri nə qədər yaraşır yer üzünə... Qar dənələri 3000 metrdən 2 saata enir və heç biri digərinə dəymir. Uca Yaradan sanki gözlərimizi və könüllərimizi boyamaq üçün 3000 metrdən yer üzünə qədər pozulmadan endirilən bu altıbucaqlı qar kristallarını, təbii ki, anlayan gözlərə və könüllərə xitabən, təbiətin gözəlliyi deyib keçənlər nəfslərini qoy aldatsınlar, biz isə təfəkkürümüzə baxaq, deyir. Bir mütəfəkkirdən sitat gətirərək :

“Bu cahan, aqillər (ağıl sahibləri) üçün seyri bədayi (ilahi sənətı ibrətlə tamaşa və təfəkkür), axmaqlar üçün isə yemək ilə şəhvətdir!”

  • Əhməd ər-Rifai belə buyurur:

“Tə­fək­kür, Rəsulullahın (s.ə.s.) ilk əmə­li­dir. Belə ki, bü­tün fərz­lər­dən əvvəl Onun ibadəti, Al­lahın məxluqatı­nı və bunun kimiləri təfəkkürdən ibarətdir. Belə isə siz də ib­rət və­si­lə­si olaraq təfək­kü­r edin”.

  • Bununla yanaşı hədisi-şərifdə belə buyurulur:

“Rəbbim mənə sükutumun təfəkkür olmasını əmr etdi”. (İbrahim Canan, Hədis Ensiklopediyası, XVI, 252, 5838 )

“Al­lahın ya­rat­dıqla­rı üzərin­də təfək­kür edin… (Dey­ləmi, II, 56; Hey­sə­mî, I, 81)

“Təfəkkür kimi ibadət yoxdur”. (Əli əl-Müttaqi, XVI, 121).

 

  • Əbud-Dərda (r.a) belə buyurur:

“Bir saat təfəkkür, qırx gecə nafilə ibadətdən üstündür”. (Deyləmi)

Təfəkkür nə deməkdir? Necə edilir? Deyib yorulmamağımız üçün bizi bizdən daha çox sevən Uca Yaradanımız ayəti-kərimələrlə misallar göstərərək, biz acizləri təfəkkürə dəvət edir:

       “Yeri döşəyən, orada möhkəm dağlar, çaylar yaradan və bütün meyvələrdən cüt-cüt yetişdirən də Odur. O, gündüzü gecə ilə örtüb bürüyür. Həqiqətən də, bunda dərin düşünən adamlar üçün dəlillər vardır” (Ər-Rad 3).


     Göydən sizin üçün yağmur endirən Odur. Ondan (o sudan) siz də, içində (heyvanlarınızı) otardığınız ağaclar (və otlar) da içər (ağaclar və otlar da onun vasitəsilə bitər). (Allah) onunla (o su ilə) sizin üçün əkin (taxıl, bitki), zeytun, xurma, üzüm və bütün (başqa) meyvələrdən yetişdirir. Düşünüb-daşınanlar üçün bunda (Allahın vəhdaniyyətini sübut edən) dəlillər vardır” (Ən-Nahl, 10, 11).

“Biz bu Quranı bir dağa endirsəydik, Allahın qorxusundan onu, baş əymiş, parça-parça olmuş görərdin. Bu misallari, təfəkkür etsinlər deyə insanlara veririk” (Əl-Haşr, 59/21).

Nəhayət, yaratdıqlarımı düşünün deyir Gözəli sevən Rəbbimiz…

Uca Allah Quranda fərqli  xüsusları dilə gətirdikdən sonra “… Şüphəsiz bunda təfəkkür edən (düşünən) insanlar üçün ibrətlər vardır” (Ən-Nahl, 11) buyurur. İnsanları təfəkkürə dəvət edən bu ifadə Quranda daha beş yerdə işlənir (Ər-Rad, 3; Ən-Nahl, 69; Ər-Rum, 21; Əz-Zumər, 42; Əl-Casiyə, 13).

«Şüphəsiz ki, göylərin və yerin yaradılışında, gecə ilə gündüzün bir-birinin ardınca gəlişində, ağıl sahibləri üçün (Allahın birliyini göstərən) dəqiq dəlillər vardır.

Onlar, ayaqda durarkən, oturarkən, yanları üzərinə yatarkən (hər an) Allahı zikir edərlər; göylərin və yerin yaradılışı haqqında təkkür edərlər və:

Rəbbimiz! Sən bunları boş yerə yaratmadın. Sən pak və müqəddəssən. Bizi cəhənnəm əzabından qoru! (deyərlər)» (Âli İmran, 190-191).

Bu ayəti-kərimələr nazil olduğu gecə Allah Rəsulu (s.ə.s.), güllər üzərindəki şehləri titrədəcək göz yaşları ilə səhərə qədər ağlamışdır.

Şüuraltı dediyimiz qavramı boş şeylərlə doldurmamaq üçün təfəkkür etmək vacibdir. Təfəkkürə başlarkən, zehnimiz dincəlməklə yanaşı həm də, Rəbbimiz bu anları heç təxmin edə bilməyəcəyimiz qədər savabla mükafatlandırır.

Elə isə bizə düşən kainata (kainat dediyimiz qavram ilk olaraq görə bildiyimiz çevrəmiz daha sonra isə  görə bilmədən inandığımız məkanlardır) baxarkən boş nəzərlərlə deyil, ibrət gözü və bəsirətlə baxa bilməktir.


Məryəm Dəmir
Bu yazıya 863 dəfə baxılıb.