Təfəkkürü Mevt


Fatimə Zəhra
Bu yazıya 982 dəfə baxılıb.

Nə dünyada ölümdən qaçacaq bir zaman və məkan, nə qəbirdə təkrar geriyə dönəcək bir imkan, nə də qiyamətin şiddətindən gizlənəcək bir sığınacaq vardır…

İnsan, həyatın axışında yaşama sevinci ilə ölümdən qorxu kimi iki müthiş ziddin içində çalxalanar. Daima axıb gedən həyat və ölümün həqiqi mənaları dərk edilmədən, yaradılışın sirr və hikməti ilə insanən gerçək mahiyyəti də qavranılmaz.

Ölüm, istisnasız hər həyat səyyahının başına gələcəkdir.

Ənbiya Surəsinin 35-ci ayətində:

“Hər canlı ölümü dadar. Bir imtahan olaraq sizi xeyirlə də şərlə də sınayırıq. Və siz ancaq bizə döndürüləcəksiniz…” buyurulur.

Peyğəmbərimiz (s.ə.s.):

“Bütün həzzləri kökündən yox edən ölümü çox xatırlayın!” (Tirmizî, Qiyamət, 26) buyurur.

Təfəkkürü mevt, (ölümü təfəkkür etmək) ölüm gəlmədən əvvəl onu xatırlamaqdır. Beləcə, nəfsaniyyətdən uzaqlaşaraq, şəxsi iradə ilə Rəbbin hüzuruna hazırlanmaqdır.

İnsanın, bitmək-tükənmək bilməyən dünyəvi əməlləri, fani ümid və təsəlliləri, qəbir toprağına düşən nə müthiş bir xəzan yarpağıdır. Qəbiristanlıqlar, fani hayatlarını bitirən ana-ata, uşaqlar, sevgili, qohum və dost adresləri ilə doludur. Dünya həyatı istər sarayda, istərsə samanlıqda yaşansın, bütün yolların və döngələrin məcburi çıxış nöqtəsi qəbirdir. Ondan qaçıb qurtaracaq nə bir zaman, nə də bir məkan vardır.

Ayəti-kərimədə buyurulur:

(Ya Peyğəmbər!) De: “(Qorxub) qaçdığınız ölüm sizi mütləq yaxalayacaqdır. Sonra siz gizlini də, aşkarı da bilənin (Allahın) hüzuruna qaytarılacaqsınız. O da sizə (dünyada) nələr etdiyinizi (bir-bir) xəbər verəcəkdir! (əl-Cümə, 8)

Dünya, aldadıcı bir ilğım, axirət isə ölümsüz bir həyatdır. Ümumiyyətlə, insan, həyatın min bir  təzahürləri içərisində güzgüdəki yalanların əsiridir. Hər an bu yalanlar ilə vəfasızlığını davam etdirən bu dünya, bir aldanış məkanı deyil bəs nədir?

İnsan nə üçün ibrət almır. Axı, hər fani varlığın sağlamlığı və gümrahlığı zaman dəyirmanında daimi bir  şəkildə üyüdülməkdədir! Qafil bir həyat; uşaqlıqda oyun, gənclikdə şəhvət, yetkinlikdə qəflət, qocalıqda əldən gedənlərə həsrət, min bir çırpınış və peşmançılıqdan ibarətdir.

Ölüm, insanın şəxsi qiyamətidir. Qiyamətimizdən əvvəl oyanaq ki, peşman olmayaq. Yoxsa hər faninin məchul bir zaman və məkanda Əzrail ilə qarşılaşacağı mütləqdir. Ölümdən qaçılacaq heç bir məkan yoxdur.

Nə qəribədir ki, insan, bir neçə gün qonaq olaraq gəldiyi bu dünyada özünü aldadır. Hər gün cənazə səhnələrini gördüyü halda, ölümü özünə uzaq görür. Özünü, hər an itirə biləcəyi fani əmanətlərin daimi sahibi sayır. Halbuki insan, ruhuna cəsəd geydirilərək bir qapıdan dünyaya daxil edildiyi zaman, artıq ölüm yolunda addımlamağa başlayar. O yolun bir hazırlıq məkanına başladığı halda bu həqiqətdən əksəriyyət qafil yaşayar. Bir gün gələr, ruh cəsəddən çıxarılar. Axirət qapısı olan qəbirdə, digər bir büyük səfərə yola salınar.

Zaman dilimindən düşən hər anın, bizi sabahkı həqiqətə yaxınlaşdırdığını, ayəti-kərimə nə gözəl ifadə edir:

“Kimə uzun bir ömür versək, biz onun yaradılışını (güc və qüvvətini alaraq) tərsinə çevirərik. Heç (bu mənzərəni) düşünmürlər? (Bu ibrətli səfəri idrak etmirlərmi?)” (Yasin, 68)

Ayəti-kərimədə, insana ən gözəl şəkildə nəsihət edilir. Dünyanın əsas xüsusiyyəti vəfasızlıqdır. Verdiyini tez də geriyə alır. Bir gün yüksəldər, sabahsı gün quyunun dibinə atar. Kölgə kimidir. Onu tutmaq istəsən daim qaçar. Sən qaçsan da səni hər zaman izləyər. Arxasından qaçdığım şeylərə bu gün-sabah nail olaram deyərkən, bir də baxarsan ki, ömür sona çatib. Dünyaya könül verən sonda mütləq acizlərdən olar. Bəzən insanı yerə çırpar. Vəsvəsələrinin ardı-arası kəsilməz. Rəftar və hərəkətləri vəfasızdır. Özünə bağlananları çox asan fəda edir.

Düşünülməlidir ki, nə dünyada ölümdən qaçacaq bir zaman və məkan, nə qəbirdə təkrar geriyə dönəcək bir imkan, nə də qiyamətin şiddətindən gizlənəcək bir sığınacaq vardır…

Bir səhabə Rəsulullaha (s.ə.s.):

“Hansı mömin daha ağıllıdır, ya Rəsulullah?” deyə soruşdu.

Peyğəmbər (s.ə.s.) də belə buyurdu:

“Ölümü tez-tez xatırlayıb, ölümdən sonrası üçün ən yaxşı hazırlıq görən kimsədir. Bax, əsil ağıllı insanlar onlardır…” (İbn-i Macə, Zühd, 31)

Fudayl bin İyaz deyir ki:

“İnsanlara nəsihət üçün ölüm kifayətdir”.

Abdullah bin Ömər (r.a.) söyləmişdir:

“Peyğəmbər (s.ə.s.) mənə:

«Dünyada bir yad, hətta bir yolçu kimi davran! Özünü ölülərdən və qəbir əhlindən say» buyurdu”.

Tabiinin böyüklərindən Mücahid bin Cəbr (r.a.) deyir ki:

Abdullah bin Ömər (r.a.) bu hədisi söylədikdən sonra mənə bu nəsihəti verdi:

“Ey Mücahid! Sabah olarkən nəfsinə axşamdan söz etmə! Axşam da nəfsinə sabahdan bəhs etmə! Xəstəlikdən əvvəl sağlıqdan, ölmədən əvvəl də həyatından istifadə et! Çünki ey Allahın qulu, sən sabah nə halda olacağını (ölü yoxsa, diri olacağını) bilmirsən!” (Tirmizi, Zühd, 25)

Həyat səhnəsinin son pərdəsi olan ölüm, hər kəsin öz aqibətini xəbər verəcəyi bir güzgü kimidir.

İnsan nəfs maneəsini aşaraq, təfəkküri mevt nəticəsində ruhunda gizlənən gözəl xüsusiyyətləri üzə çıxarmağa nail olarsa, ölüm, Uca olan Rəbbə qovuşma həyəcanına çevrilər. Belə ölümlər, Mövlana Cəlaləddin Ruminin təbiri ilə “Şəbi Arus”, yəni toy gecəsidir. Bu elə bir yoldur ki, bəşər üçün ən dəhşətli hadisə olan ölümü gözəlləşdirir. “Ölümü gözəlləşdirmək” üçün isə nəfs maneəsini aşıb tövbə, təvəkkül, qənaət, zikir, təvəccüh, səbir və razılıq kimi qəlbi hallarla kamala çatmaq zəruridir.

Qəlbin bu saflığa çatmasında təfəkküri mevtin başqa heç bir şeylə müqayisə edilməyəcək mühüm bir təsiri vardır.

Ölüm, axirət səfərinin zəruri bir başlanğıcıdır. Bu səfərə çıxmazdan əvvəl, qəlbi mərifətullah ilə ölümə hazırlamaq, ölümün qayğılarından qurtularaq qəlbin səhhət və sağlığını təmin edə bilmək, çox vacib bir şərtdir. Beləcə, “Ölmədən əvvəl ölün” sirri reallaşar və insan yox edilmiş nəfs hakimiyyəti yerinə Allaha məhəbbət və itaəti, kamil şəkildə gerçəkləşdirmiş olar.

 


Fatimə Zəhra
Bu yazıya 982 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.