Münəvvər Yüksək Ülsevən xanımla reportaj


Bizim AİLƏ
Bu yazıya 1048 dəfə baxılıb.

Niyət gözəldirsə, aqibət də gözəl olar.

Sevgili Münəvvər xanım oxucularımızla tanış olmaq üçün özünüz haqqında bizə qısa məlumat verərsinizmi?

1946-ci ildə doğulmuşam. İki oğlum var. Həyatımın əsas hissəsini onların tərbiyəsinə həsr etmişəm. Hazırda İstanbulda ailəmlə birlikdə yaşayıram. Əsasən xeyriyyə işləri ilə məşğul oluruq.

80-ci illərdə Ərzurumda zəlzələ baş verdikdən sonra orada yerləşən yetimxanalardan biri uçdu. Bundan sonra vəqf quraraq yetimxanada qalan uşaqları öz himayəmizə götürdük. Onları böyütməyə çalışdıq. O vaxta qədər də xeyriyyə işləri ilə məşğul olurduq, amma vəqf qurduqdan sonra bu işi daha proqramlı və dövlətin icazəsi ilə etməyə başladıq. Daha sonralar ibtidai siniflərdən ibarət məktəb açdıq. 12 il uşaqlara təhsil verdik. Əsas odur ki, biz bu işi çox sevirdik. Kasıblara yardımlar paylayırdıq. Başqasının işinə yaradığımızı gördükcə özümüzü xoşbəxt hiss edirdik. Mən həyatım boyu belə işlər gördüyümə görə çox xoşbəxtəm. Bütün bunları bizə verilən mənəvi tərbiyənin əsasında etdik. Allah üçün xeyir işlər görən insanlarda nə bir sıxıntı, nə depressiya, nə də xəstəlik qalır. Beləcə də psixoloqa, həkimə ehtiyac olmur. Bunu mən şəxsi təcrübəmə əsasən deyirəm. 

Münəvvər xanım Azərbaycan müstəqillik qazandıqdan sonra buraya gələn ilk Türk qardaşlarımızdansınız. O günlərin xatirəsini bizimlə bölüşərsinizmi?

      Eşitdiyimə görə insan ilk dəfə yeni bir yerə getdiyi zaman, torpağa ilk ayağını qoyduğu anda etdiyi dua qəbul olurmuş, mən də Azərbaycana ilk dəfə gələrkən əlimi açdım və Allaha dua edərək dedim: “Burada yaşayanlar bizim çox sevdiyimiz müsəlman qardaşlarımızdır. Sən onlara yardım et”.

Burda mənim çox gözəl dostlarım var. Sovet dönəmində biz Azərbaycana gələ bilmirdik. Sovet hökuməti dağıldıqdan bir az sonra əlaqələr yaranmağa başladığı anda mənim dostlarım məni dəvət etdilər və mən də böyük məmnuniyyətlə Bakıya gəldim. İnanın ki, ilk dəfə Bakıya gəldiyim zaman özümü Vətənə gəlmiş kimi hiss etdim. Təəssüf ki, Bakı heç yaxşı görünmürdü. Müharibə yeni başlamışdı. Şəhərdə ürək açan heç nə yox idi. İçməyə su, sabun, çörək, küçədə acsanız yeməyə heç nə tapmaq olmurdu. O zaman içimdə bir hüzün var idi.

      Amma  bunlarla yanaşı rastlaşdığım çox gözəl məqamlar da var idi. İnsanlar yenicə azadlığa qovuşmuşdular. Onların içində bir ümid, sevinc var idi. Biz əmin idik ki, hər şey yaxşı olacaq. Biz də o zaman düşünürdük nə edək, insanlara çətin vəziyyətdən çıxmaları üçün necə kömək edə bilərik?

      Azəri qardaşlarımızla bizim aramızda ayrı bir sevgi, ayrı bir bağ var. Biz sizlərlə bir bütün kimi, bir əlin barmaqları kimiyik. O bağ bizi bir-birimizə daha da yaxınlaşdırdı.

    Bu gün mən nəhayət iyirmi ildən sonra yenidən Bakıya gələrkən tam başqa bir mənzərə ilə qarşılaşdım. Azərbaycana gələndə həqiqətən tanımadım. Çox gözəlləşmiş, maliyyə və iqtisadiyyat baxımından çox inkişaf etmişdir Azərbaycan.

Azad olmaq, öz vətənində azad istədiyini etmək, başqa dövlətin əsarəti altında olmamağın necə bir nemət olduğunu mən bu gün Bakıya gələrkən daha yaxşı anladım.

Münəvvər xanım təcrübəli bir ana və xeyriyyəçi bir qadın kimi deyə bilərsinizmi gənclərin yetişdirilməsində mənəvi tərbiyə önəmlidirmi?

    Sağlam bir cəmiyyət qurmaq üçün bir bina tikərcəsinə daşlarını düzgün və tam qoymalısan. Əgər daşların biri əksik olsa o bina ya da o cəmiyyət çökər. Siz maddi inkişafınız artdıqca onunla yanaşı mənəvi inkişafı da eyni ölçüdə artırmalısınız. Bir həkimin dərmanı kimi verilməlidir ki, ruh sağlığı yerində olan gənclər yetişdirək. Vətənini, millətini sevən, başındakı rəhbərə hörmət bəsləyən bir nəsil yetişdirək.

Cəmiyyətin, insanların maddi yöndən güclənməsi hələ onun tam formalaşması demək deyil. Onlar eyni mənəvi yöndən də yetişməlidirlər ki, sağlam bir bütünə çevrilsinlər. Əks halda yəni mənəviyyatın olmadığı cəmiyyətdə insanlar depresiyaya, sıxıntıya, narkomaniyaya doğru getdiyini görürük.

Yaxşı xatırlayıram, 1990-cı ildə ilk dəfə Bakıya gələndə insanlarda bir çaşqınlıq var idi. Mənəvi güc axtararkən yalnış dini anladan insanlardan yapışırdılar. Yəni o qədər ac idilər. Müstəqillik qazanaraq öz bayraqlarını sancmışdılar, amma nə edəcəklərini hansı səmtə yönələcəklərini bilmirdilər. “Mən kiməm?”-deyə kimliklərini axtarırdılar. Amma Allahın lütfü ilə bunu qısa zamanda tapacaqlarından əmin idik. İndi hər şey çox gözəldi. Sizin gənclərin bu anda ancaq mənəviyyata ehtiyacı var. Mənəviyyatı gözəl olan vətənini, dövlətini sevən gözəl gənclərin önü daha açıq olar. Allaha yaxınlıq olduğu zaman, öz həyatlarında da gözəl şeylər etməyə başlayarlar. Rəblərinə yaxın olduqca bədənləri və zehinləri də sağlam olar Bax o daşı da yerinə belə qoymaq olar.

Münəvvər xanım mənəvi tərbiyəni kimlər və necə verməlidir?

     Gənclər həqiqi dini hər anlamı ilə, mükəmməlliyi ilə öyrənə biləcəkləri yetərli qədər məktəb, mədrəsə, məscid, ağıllı insanlar var. Onlar bu imkanlardan kifayət qədər istifadə edə bilərlər. Belə yerlərdə gedilməsinə icazə verilmədikdə ya getmədikdə gənclər həqiqətən boşluqda olurlar. Və bu boşluq onları barlara, orada verilən içkilərə, narkotik dərmanlara, mənasız oyunlara yönəldir.  Bu cür həyat tədricən o dövlətin iqtisadiyyatını çökdürür. Amma gənclər idmanla, sağlam həyat tərzi ilə, ağılla Allaha daha yaxın olmaqla, faydalı proqramlarla güclərinə güc qatmış olarlar.

    Müasir günümüzdə materialist yetişdirilən uşaqlar daha çoxdur. Yəni mənim həyatım, mənim pulum mən nə olacam qayğısı. Həqiqi müsəlman, yəni Allaha həqiqi qul olan müsəlman heç vaxt sabahın qayğısını çəkməz. Amma sabahın qayğısını çəkərcəsinə gecə gündüz çalışar. Sabahın qayğısını niyə çəkməz, “mənə Allah güc verər mən də çalışaram. Ona da qulluğumu edərəm. İnanaram ki, mənim kürəyimi heç kim yerə vurmaz”, bu fikirlə yaşayıb, uşaqlarımıza da bu şüuru verə bilsək, o zaman heç bir qorxumuz qalmaz. Amma uşaqlarımız boşluqlarda qalarsa siz istədiyiniz qədər ən bahalı maşınlar, markalı geyimlər, evlər alsanız da yenə də onlar bədbəxt və depresiyada olacaqlar. Allah qorusun narkotik vasitələrə aludəçilik, intihar kimi bədbəxt hadisələrə səbəb olar ki, bunu da bütün dünyada görürük.

   Bu gün bir çox ölkələrdə insanlar ac ikən, qalmağa evləri yox ikən digərləri daha imkanlıları, islami gücü olmayan, mənəvi boşluğu olan insanlar müəyyən bir yaşa gəldikdən sonra yalnış düşüncələrə qapılırlar. Artıq heyvanlar itlər, pişiklər saxlayaraq onlara küllü miqdarda pul xərcləyirlər. Onları həkimlərə, bərbərlərə, dərziyə aparırlar. Amma onun əvəzində gedib bir yetimxanadan baxa biləcəkləri bir uşağı övladlığa götürmürlər. Halbuki, yetimxanalarda qayğıya, sevgiyə, diqqətə möhtac nə qədər uşaqlar var. Bununla yanaşı bunu edənlər dövlətə, iqtisadiyyata da dəstək olurlar. Amma bunu etmirlər. Çünki belə bir tərbiyə görməyiblər.

Mənəviyyatı zəngin olan bir insan ehtiyac sahibi birini görərkən dərhal yaxınlaşar, dərdini soruşar, yardım etməyə çalışar. Bax əsl müsəlmanlıq da budur. İslamiyyətdə əsas paylaşmaq, yaralı könülləri oxşamaq, onların qayğısını çəkməkdir. Onlara ağsaqqal, ağbirçək olmaq, əsas vəzifəmiz də odur.

Biz insan olaraq bu dünyaya nə üçün gəldik? Yaxşı bir qul olmalıyıq, hədəfimiz olmalıdır. Vətənə, millətə xeyirli, dövlət adamlarına hörmət göstərməliyik.

 

Mənəvi tərbiyənin Vətən, millət sevgisinə təsiri vardırmı?

 

Mənəviyyat zəif olduqda pul olsa da insanlarda nə vətən millət sevgisi olar nə də rahatlıq. Vətənini sevməyən onu necə müdafiə edər? Etməz. Amma imanı varsa Allah sevgisi varsa deyər ki, mən quru çörək yeyərəm, su içirəm, amma Vətənim mənim canımdır onu tərk etmərəm. Bax bizə belə nəsil lazımdır.

Biz bu tərbiyəni öz əcdadımızdan gördük. Bizim bayrağımız Qurani-Kərimlə eyni boğçaya qoyulur və evin ən gözəl yerində saxlanılır. Biz bayrağımızı açarkən öpərək açarıq. Bu ənənə əcdadımızdan gəldi, hələ də davam etdirilir. Biz bunu görməsəydik. Bu bayraq mənim canım, dinim, imanım, qanım, hər şeyimdir. Biz onu boş yerə asmırıq. Bayraq - Vətən - Quran bunlar bir-birindən ayrılmayan gözəl üçlükdür.

Sevgili Münəvvər xanım təcrübəli bir ana kimi bizim gənc analarımıza övladlarını düzgün yetişdirmələri üçün hansı məsləhətləri verə bilərsiniz?

“Cənnət anaların ayaqları altındadır” deyiblər. Atanın ayaqları altında deməyiblər. Niyə görə ananın ayaqları altındadır? Ana fədakardır. Ana olmaq çox böyük bir vəzifədir. Bir cəmiyyətin dirək daşlarını oturdandır analar.

“Torpaq ana” ifadəsini eşitməmiş olmazsınız. Nəyə görə torpaq ana. Çünki torpağa nə əkərsən verər, heç vaxt çürüməz.Ona əvvəlcə sevgi verin, daha sonra ona qulluq edin, suyunu verin gübrəsini verin. O böyük bir mənbə olar. Yüzlərcə, milyonlarca insanı bəsləyər. Bax ana da belədir. Uşaqlarının da həqiqətən, mənəviyyatını da, iqtisadiyyatını da, şəxsiyyətini də yetişdirən anadır. Həqiqətən, ana olmaq asan deyil. Çünki uşağı tək yedirdib, içirtməklə iş bitmir. Dünyaya gələn onsuzda boyüyür. Yeyir, içir, amma mənəvi qidasının verilməsi təbibin verdiyi dərman kimidir. Dozasını yaxşı ölçmək lazımdır. O zaman o uşaqda həm mənəviyyat, həm də vətən, millət sevgisi olur. Eyni zaman da özü üçün də ruh və bədən sağlığı olur. Analıq vəzifəsi mənim fikrimə görə belədir.

Düşünün, bir anadan bir neçə, bəzən 8-9 uşaq dünyaya gəlir, o zaman ana cəmiyyət üçün nə qədər insan yetişdirmiş olur? Bir nəsil o anadan gəlir. Əgər o ana gözəl toxumlar əkirsə bir xeyirli nəsil gəlir.

Azərbaycan xanımları çox gözəldir. Çox fədakardırlar. Onlar öz övladlarını ən gözək şəkildə yetişdirməyə çalışırlar. Bütün gənc analara bunu demək istəyirəm zaman tez keçir, ömür tez keçir, əbədi bir gözəllikdə tez keçir. Bizi tək qurtaran insanlara faydalı olmaq, ailəmizə, vətənimizə torpağımıza faydalı olmaq, sevmək və çalışmaqdır.

Sevgili Münəvvər xanım dəyərli vaxtınızı ayırıb bizimlə səmimi söhbət etdiyinizə görə sizə təşəkkür edirik.

Sonda mən də sizə demək istəyirəm ki, dərginizi hər zaman oxuyuram. Çox bəyənirəm. Hər yöndən çox gözəl və zəngin bir dərgidir. Siz insanlara faydalı olmağa çalışırsınız. Allah xeyirli işlərinizi müvəffəq eyləsin. Amin.

 


Bizim AİLƏ
Bu yazıya 1048 dəfə baxılıb.