Bilənlər və bilməyənlər


Bizim AİLƏ
Bu yazıya 982 dəfə baxılıb.

Ayəti kərimədə “...Bilənlərlə bilməyənlər bir olarmı?..” (əz-Zümər, 9) buyurulur.

Qurani-Kərimdən və hədisi-şəriflərdən öyrəndiyimiz kimi, əsasən, bilən insanın xüsusiyyətləri bunlardır:

Bilən, məxluqatın və mülkün həqiqi sahibini tanıyır, Yaradandan ötrü yaradılanlara qarşı sonsuz bir şəfqət və mərhəmət qucağı olur.

Bilən, bağışlayar; səbr edər, sevər. Bilən, Rəbbinin rızasını və yaxınlığını axtarar, o, fədakarlıqdan həzz alar.

Bilən, incitməz, inciməz. Onun lisanı, rəhmət saçar.

Bilən, dünya ilə axirət, yəni qul rızası ilə Haqq rızası arasında seçim etmək məcburiyyətində qalarkən, Haqq rızasına üstünlük verər.

Bilən, ayaqüstə ikən, oturarkən, yanı üstə uzanarkən, yəni hər zaman “Bir” olan Rabbi ilə bərabər olmağa çalışar. (Ali İmran, 191)

Bilən, kainatdakı ilahi qüdrət qarşısında daima təfəkkür edər. Nəzakətli, diqqətli və gülərüzlü olması onun xarakterinə çevrilər.

Bilən, könül insanıdır.

Bilən, hər yerdə və hər əhvalda hüzur və səadəti tapar.

Bilən, özünü toplumdan məsul hesab edər.

Bilən, vətənin, millətin, bayrağın əmanət olduğunu dərk edər. Çünki, imanın, namusun, malın, canın mühafizəsi; vətən və millətin mühafizəsi ilə olar.

Bilən, “nəfsin əsarəti”ndən qurtulmaq üçün ruhani bir həyat yaşamağa çalışar.

Bilən, fani dünyanın aldadıcı oyunları ilə məşğul olmaqdan qurtulmuşdur. Özünə məxsus mülkiyyəti də qəlbindən kənarda saxlayar.

Bilən, qəlbinin kassa olmasından, şöhrət və şəhvətin şərrindən qurtulandır.

Bilən, şəhvət, sərvət və şöhrətin çağırışlarına qarşı “maazallah” (Allaha sığınıram) (Yusif, 23) deyə biləcək qəlbə sahibdir.

Bilən, ilahi elmin əzəməti qarşısında özünün heçliyini dərk edər.

Bilən, bilmədiyini biləndir.

Bilən, axmaqlığı uzaqlaşdıraraq nəyi bilməsi gərəkdiyinin şüuru içərisindədir.

Bilən, iman meyvəsi olan mərhəmət, xidmət və təvazökarlıqdan həzz alar.

Bilən, kainatdakı ilahi sənət möcüzələrinin cazibəsinə heyran olar. O, cahilin dilindən anlayar.

Bilən, ağıl və qəlb hissiyatının ahəngi içindədir.

Bilən, imanın eşq və vəcdinin həyəcanı içindədir.

Bilən, irfanla nəsiblənər.

Bilən, Rəbbini qəlbində tanıyıb, hər şeyi bilər. Onu bilməyən heç nəyi bilməz.

Bax, əsas təhsil də bunları bilməkdir.

“Bilməyənlər”in məlum xüsusiyyətləri bunlardır:

  1. Küfr və nankorluq.
  2. Yalnız çətinliyə düşdüyü zaman Allaha yalvarmaq, işləri düzəldikdən sonra qulluq və yalvarışı tərk etmək.
  3. Nəfsani arzulara ram olaraq insanları Allahın yolundan çevirmək üçün Ona şərik qoşmaq. Belə ki, ayəti-kərimədə:

“Nəfsinin istəyini ilahiləşdirən kimsəni gördünmü?” (əl-Furqan, 43) buyurulur.

Cənabı Haqq hər birimizi gerçək bilənlərdən eyləsin. Amin.

 

 


Bizim AİLƏ
Bu yazıya 982 dəfə baxılıb.