İnsanlığın Öndəri


Bu yazıya 1124 dəfə baxılıb.

 

    Ey Rəsulum, de ki: “Ey insanlar, əgər Allahı sevirsinizsə, mənə   tabe olun ki, Allah da sizi sevsin və  günahlarınızı bağışlasın”. (Əli İmran surəsi)

 Allah Təala insanoğlunu yoxdan var edərkən, onu sahibsiz, rəhbərsiz və başıboş yaşatmamışdır. Axirət dünyasından qabaqki bu dünya həyatında doğrunu, yalnışı, haqqı, həqiqəti anlatmaq və bu ülvi prinsiplərlə yaşamaqdan ötrü elçi olaraq Peyğəmbərlər göndərmişdir. Müqəddəs kitabımız Qurani-Kərimdə adları keçən bu elçilər vasitəsi ilə yaratdığı qullarına ilahi mesajlar vermişdir.

Cənabı Haqq, ən son elçi olaraq Hz. Məhəmmədi göndərdi. Onu müqəddəs Quran ilə dəstəklədi və insanlığa tanıtdı. Hətta İlahi kitabda onu təriflədi, ucaltdı. Rəsulullah haqqında belə buyurdu:

“Şübhəsiz, sən böyük bir əxlaq üzərindəsən ” (əl-Qələm, 4). Aləmləri nizamla idarə edən, Allah öz elçisini belə tərif etdi. Həqiqətən Hz. Peyğəmbərin gətirdiyi din orjinal və pozulmamış halı ilə Quranda, söz və davranışlar da hədis qaynaqlarında mövcuddur. Əsirlərdir günümüzə qədər gəlib çatmış hədislərdə əxlaq, mənəviyyat, iqtisad, siyasət, fərdi və ictimai bütün mövzular insan mənafeyi üçün keçərlidir. Hz. Peyğəmbər (s.ə.s) Uca Allahın dinini təbliğ edərkən, əvvəlcə Ona inanları qardaş elan etdi. Beləcə insanlar İslamdan əvvəl məhrum olduqları birlik və bərabərliyi, bir-birlərini  sevməyi, bir-birlərinə yardımçı olmağı Rəsulullahın rəhbərliyində tapdılar. Ayə və hədislər işığında İslam dininin qardaşlıq, sevgi, mərhəmət və hörmət dini olduğunu gördülər. Mövzu ilə bağlı Qurani-Kərimdə: “Bütün möminlər ancaq qardaşdırlar. Elə isə hər zaman araları pozularsa, qardaşlarınızın arasını düzəldin və Allaha qarşı məsuliyyətinizin süurunda olun ki, bağışlanasınız” hökmü bizə açıqca yol göstərir.

Ən gözəl nümunə olan Hz. Peyğəmbərin həyatı Qurandır. Hz. Peyğəmbər (s.ə.s.) şəfqət, mərhəmət, səbir və vəfada bir nümunədir. Hətta Hz. Peyğəmbərin (s.ə.s.) mərhəmət və xoş münasibəti sadəcə insanlarla tamamlanmırdı. Belə ki, Peyğəmbərimizin heyvan və hətta əşyaya xoş münasibət və mərhəmətlə davranılması lazım gəldiyinə dair bir çox əmr, tövsiyələri vardır. Məsələn, ”Haqsız yerə bir sərçəni öldürəndən, Allah Təala qiyamət günü hesab soracaqdır” buyurur. Bu sualı Ondan soruşduqda: “Quşun haqqının, normal bir şəkildə kəsilməsi və yeyilməsi olduğunu açıqlayır”.

Rəsulullahın üzü daima gülərdi. İnsanlığın öndəri ancaq təbəssüm tərzində özünü göstərirdi. Ucadan güldüyü əsla görülməmişdir. Səhabələrdən Haris b. Hazim Rəsulullah (s.ə.s.)dən daha gülərüzlü birini görmədiyini söyləmişdir. Gülüzlü Peyğəmbərimizin xanımları, Peyğəmbərimizin (s.ə.s)  onlara qarşı şəfqətinin bir an belə azalmadığını, nur üzündən təbəssümünun heç vaxt əksik olmadığını bildirmişlər. Peyğəmbərimizin ailə içindəki problemləri son dərəcə incə bir üslubda yoluna qoyması hər bir müsəlman ailəsinə nümunədir.

    Hz. Peyğəmbərimiz (s.ə.s) bir gün qızı Hz. Fatimənin evinə gəlmişdir. Hz. Əlini evdə görmədikdə:

 ”Əmin oğlu haradadır?” deyə soruşdu. Hz. Fatimə anamız:

“Aramızda bir narazılıq oldu. Ona  görə mənə hirsləndi və çıxıb getdi”, dedi.

Rəsulullah (s.ə.s.) səhabələrdən birinə onun harda olduğunu öyrənməsini əmr etdi.

Səhabə: “Məsciddə yatır!” deyə xəbər verincə, gedib ona, “Qalx, ey Əbu Turab, qalx, ey Əbu Turab (yəni, ey torpaqlı!), deyə səslənmişdir.

Onun bu xoş, qəlbə fərəh verən xitabı problemi rahatca nizama qoymuşdur. Sonralar Hz. Əlinin ən çox sevdiyi adı Əbu Turab olmuşdur. Peyğəmbərimiz (s.ə.s) həyatında vəfa çox mühüm yer tutur. Rəsulullah ailə həyatında vəfa nümunəsi olaraq unudulmaz izlər buraxmışdır. Məsələn, ilk xanımı Hz. Xədicə anamızın sevgi, hörmət və fədakarlığını əsla unutmamış, onu hər fürsətdə hörmətlə yad etmişdir. Hz. Aişə anamız bəzən Ona “sanki dünyada Xədicədən başqa qadın yox!” deyərdi. Bütöv bir əxlaqı tamamlamaq üçün göndərilən uca şəxsiyyətin davranışları hər bir müsəlmanın ibrət nümunəsi sayılmalıdır.

   Əvvəlin və axırın seyyidi Məhəmməd (s.ə.s.)in qüsursuz ibadət həyatı hər bir müsəlman üçün ən böyük yoldur. Rəsulullah fərz namazlarını məsciddə, nafilə namazlarını evdə qilardı. Buradan açıqca dərk etməliyik ki, müsəlmanın evi, içində ibadət edilən, Quran oxunan və Allah Təalanın zikr edildiyi bir evdir.

     Yaradımışların ən üstünü və şərəflisi olan, açılan hər bir gülün səbəbkarı Hz.  Mustafanın nümunəvi həyatını anlayaraq, dərk edərək, Ona və Əhli beytinə olan sevgimizlə Uca Yaradana qovuşmaq mümkündür. Kövsərin sahibi, möminlərin şəfaətçisi canımızın fəda olduğu, O böyük öndərin ibadət və itaət dolu həyatı axirətimizə gedən yolda bizə nur saçan işıqdır. Ölkəmizdə dinimizin gətirdiyi prinsiplərin düzgün bir şəkildə təbliğ olunması, din, dövlət münasibətlərində, vətənpərvərlik hisslərinin cəmiyyətə aşılanmasında, müsəlman kimliyimizdə Hz. Məhəmməd (s.ə.s.)in nurunun millətimizin işığı olmasını Uca Yaradandan diləyirəm. Amin!

 



Bu yazıya 1124 dəfə baxılıb.