1 aprel nə günüdür, doğruluq, yoxsa yalan?


Mətanət Kərimova
Bu yazıya 1095 dəfə baxılıb.

1564-cü ildə Fransa kralı IX Çarles, il başlanğıcının yanvar ayının birinci günü olması barədə qərar verdi. Bundan əvvəl Fransada yeni ili 1 apreldə qeyd edirdilər. O zamanki rabitə şərtlərində IX Çarlesin bu qərarı ölkədə çox da yayılmadı. Məsələdən xəbərdar olanlar isə protest məqsədilə köhnə adətlərinə davam etdilər. 1 apreldə şənliklər keçirtdilər. Digərləri isə onları aprel axmaqları kimi qəbul etdilər. 1 aprelə bütün axmaqların günü adını verdilər. Bu gündə mühafizəkarlara sürpriz hədiyyələr verdilər, təşkil olunmamış qonaqlıqlara dəvət etdilər, gerçək olmayan xəbərlər yaydılar. Uzun illər sonra yanvarın ilk ay olmasına öyrəşdilər və 1 aprel gününü mədəniyyətlərinin bir parçası kimi görərək davam etdirdilər. Oradan da bütün dünyaya yayıldı.

 Bəzilərimiz fikirləşir ki, bu, çox pis gündür. Milləti aldadırlar. İnsanlara bir anlıq da olsa, əziyyət verirlər. Amma bəzilərimiz də bunun çox gözəl gün olduğunu və əyləncə, yumor hissinin yüksəlməsi məqsədilə edildiyinə görə bəyənir. Amma gəlin bir də bu tərəfinə diqqət edək. 364-365 günün yalnız bir gününü insanlar aldadıldığının fərqinə varır. Və ya özü hiss etməsə belə, bir müddətdən sonra onu aldadan insan ona gerçəyi açıqlayır. Həm də bu bir ildə bir günü çıxmaq şərtilə əgər həmin insan aldadıldığının fərqinə varmasa da, ona aldadıldığı barədə heç bir məlumat verilmir. Amma ən azından 1 aprel günündə onu aldadan şəxs ona aldatdığını deyir. Bu səbəbdən də 1 aprel - “doğruluq” günüdür desək daha məqsədəuyğun olar. Həm də pis-yaxşı artıq hamının arasında bu gün yayıldığına görə hər bir insan bu günün “aldatma və gülünc” günü olduğunu bilir. Amma digər günlər “aldatma” günü elan olunmadığına görə, buna fikir vermirik. Amma bəlkə belə ifadə olunsa daha ağlabatan olar. “1 aprel – doğruluq günüdür”.

            Amma bir məsələyə cavab tapa bilmədim. O da bundan ibarətdir ki, bu gözəl iş olsa idi niyə İslam Peyğəmbəri (s.ə.s.) buyurub: “Zarafatla belə yalan danışmaq olmaz”.

            Bax, bu barədə fikirləşməyə dəyməzmi?!

Bir dəfə Peyğəmbərimizdən (s.ə.s.) soruşurlar:

“- Mömin qorxaq ola bilərmi?

Peyğəmbərimiz (s.ə.s.):

“- Bəli” deyə cavab verir.

“- Mömin paxıl ola bilərmi?

Peyğəmbərimiz (s.ə.s.):

“- Bəli” deyə cavab verir.

 “- Mömin yalançı ola bilərmi?

Peyğəmbərimiz (s.ə.s.):

“- Xeyr” deyə cavab verir.

Peyğəmbərimiz (s.ə.s.) o səhabənin suallarına cavab verərkən, ümmətinə böyük və çox vacib bir məlumatı çatdırmaq istəyib. Əlbəttə, müsəlman, mömin bəndəyə nə qorxaq olmaq, nə paxıl olmaq, nə də bunun kimi bəyənilməyən xüsusiyyətlərə sahib olmaq yaraşmaz. Həm Peyğəmbərimiz də (s.ə.s.) möminin paxıl və ya qorxaq olmasını istəməyib, burada sadəcə əsas məsələ, insanda ola biləcək bəyənilməyən əxlaqi xüsusiyyətlərin müqayisəsi vurğulanıb. Yəni mömin kəs mal-dövləti, pul-paranı o qədər sevə bilər ki, həddini aşaraq paxıllıq edə bilər. Bir çox hallarda həyatda  qorxduğu şeylər də ola bilər. Ola bilsin bu, onun imanının zəifliyindəndir. Amma mömin bəndə yalan danışa bilməz, yalan danışmamalı, yalançı olmamalıdır. İkisindən biri olmalıdır, ya mömin olmalıdır, ya da yalançı.

Yalan danışmaq bütün millətlərdə, hər yerdə və hər ölkədə pis xüsusiyyət kimi tanınır. Özünə və ətrafındakılara hörmət edən şəxs heç bir zaman yalanı qəbul edə bilməz.

Bu mövzumuzda biz yalan danışmaq və onun pis nəticələri haqqında müfəssəl olaraq yazmaq niyyətində deyilik. Yalan danışmaq mövzusu çox uzun mövzudur.  Sadəcə xatırlatmaq istədik ki, müsəlman ölkələrində də - çox təəssüf – “yalan danışmaq günü” nü qeyd etmək kimi pis bir adət yayılmışdır. İnsanlar bundan xoşlanırlar. Kimsə etiraz etsə belə inciyirlər və hətta həmin insanı axmaq da sayırlar.

İldə bir dəfə yalan danışmaq, xoş zarafat kimi yola verməkdə nə qəbahət var ki?! Bəli, belə bir sualı bizə də verə bilərlər və ya şeytan bunu bizim də içimizə sala bilər. Peyğəmbərimiz (s.ə.s.) öz hədislərindən birində bizə bildirmişdir: “...Bəndə o qədər yalan danışar ki, sonunda Allah qatında yalançılar sırasına yazılar”. (Müslim, Birr və Sıla, 29)

Bir də siz münafiqin əsas xüsusiyyətlərini bilirsinizmi?! Peyğəmbərimizdən (s.ə.s.) rəvayət olunan hədisi xatırlayaq: “Münafiqin üç xisləti vardır (üç şeydən tanınar). Danışdısa yalan deyər, vəd etdisə sözünü tutmaz, əmanətə xəyanət edər”. (Buxari, İman, 24)

Sonunda bir şeyi qeyd edək ki, kimlərdənsə, hansısa millətlərdənsə bizə gəlib çatan bu “1 aprel-aldatma” gününü qeyd etmək artıq adət şəklini alıbdır. Nədənsə bu gün gələndə bəzi insanlar çox sevinirlər. Bu adəti heç tərk edə bilməyənlər, daim adət-ənənəyə uyğun hər il maksimum sayda adam aldatmağı xoşlayanlar, buna səy göstərənlər var. Onlar bəlkə də bilmirlər bu adət kimdən, haradan və necə gəlib, amma bu xüsusiyyəti heç unutmurlar.

 Bizə ən gözəl nümunə və örnək, Peyğəmbərimiz Hz. Məhəmməddir. Zarafat etsə belə yalan danışmazdı. Onun  xüsusiyyətlərini, sünnətini, gözəl əxlaqını davam etdirmək yerinə, mənasız adətləri davam etdirmək müsəlman şəxsə ar deyilmi?

 


Mətanət Kərimova
Bu yazıya 1095 dəfə baxılıb.