Sevgidə Aldadan 0lmayaq


Xədicə Şahin
Bu yazıya 1035 dəfə baxılıb.

Monqolustanlı bir qızla tanış oldum. Gözləri çəkilmiş, yanaqları qırmızı (Monqolustanda yaşayanlar çox ət yedikləri üçün kapilyar damarları diqqətə çarpan olur və ona görə o bölgənin insanlarının qırmızı yanaqlı olduğu deyilir. Təxminən bir ailə yalnız bir qış mövsümündə bir at və iyirmi beş qoyun yeyir), boynu bükük, tək gəzən, tək oturan, üzündə həmişə hüznlü bir təbəssüm olan gənc bir qız.

Gözəl bir söz vardır: "Dərd gələrkən bütün qohumlarıyla birlikdə gəlir". Bu gənc qıza da dərd gələrkən nəinki qohumlarını, həm də dostlarını da gətirmişdi. Anasını, üzünü xatırlaya bilməyəcək qədər kiçik yaşda itirmiş və ailədə itilib-qaxılan, qapazaltı birinə çevrilmişdi. Sevgisiz böyüyən bədən az qala hər xəstəliyə xüsusi dəvətnamə göndərmişdi.

 Az qala dünyada sevginin olduğunu unudan bu gənc quluna, Vədud (sevən və sevgini ürəklərə yerləşdirən) olan Allah mərhəmətiylə yetişib, gənc qızın ürəyində küllənən sevginin ortaya çıxıb alovlanması üçün yolunu Qazaxıstanın sevgi yuvası halına gələn Çimkənt Mədrəsəsinə salmışdı.

Gəldiyi zaman çox ürkək, kimsəyə etibarı olmayan, tək, kənarda, küncdə gəzən, gözdən uzaq biri idi. Buna görə də dərslərində çox müvəffəqiyyətsiz idi. Bir tərəfdən də heç bitməyən imtahanı, xəstəliklərlə mübarizə edirdi.

Mənim də bu ölkədə və mədrəsədə ilk illərim idi. İlk müəllimliyin verdiyi həyəcanla əlimə keçən təhsil kitablarını belə demək olarsa oxuyub qavrayırdım. Məqsədim təhsil kitablarındakı kimi idealist bir müəllim ola bilmək idi. Təəssüf ki, bu qızcığaz da özünü idealist müəllim kimi aparan naşı müəllimin şagirdi idi. Nə qədər bildirməməyə çalışsam da içimdə bu tənbəl qıza hirslənir və bunu içimdə gizləyib hiss etdirməməyə çalışırdım. Bir gün bu qız, bu xoş münasibətə güvənərək yanıma gəldi və bir az zəif də olsa türk dilində mənə həyat hekayəsini danışdı. Bu qıza can yandırdığım üçün "sən mənim üçün qiymətlisən, sənə bütün ürəyimlə inanıram, səndə digərləri kimi müvəffəqiyyətli ola bilərsən" dediyim zaman, gözləri parladı və "bu günə qədər mənə güvənən ilk adam siz oldunuz, müəllimim!" dediyində saxta güvən təlqinində olduğum üçün içdən içə özümü qınayıb, bir az da utandım. Çünki bacaracağına inanaraq bu sözü söyləməmişdim. Bir ay keçdi bu qız cəmiyyətə qarışmışdı və imtahan etdiyimdə kitabın harasından soruşsam dərhal cavabını verirdi. Bu hala özüm də inana bilmirdim. Sevginin saxta olanı bunu bacarırsa, gerçək sevgi nələri bacarmaz ki dedim. Və bir müddət də olsa təhsil kitablarına ara verib şagirdlərimin içinə qarışaraq və gerçək sevgini təcrübə edərək idealist müəllim olmağa qərar verdim.

Buna bənzər bir hadisə də Mədrəsənin kişilər olan hissəsində yaşanmışdı. İzindən gələn müəllim qarşısında gedən şagirdi çox sevdiyi şagirdi zənn edib, əlini şagirdin çiyninə qoyub, "bavırım (qardaşım) necəsən? Sənin üçün darıxmışdım" deyərkən birdə baxıb ki, dərsləriylə heç əlaqəsi olmayan, müəllimin də ondan çox da razı olmadığı başqa bir şagirdiymiş, amma yenə də hiss etdirmədən əli çiynində söhbətə davam etmiş və o il, o şagird saxta sevgi nümayişində olan müəllimin ən yaxşı şagirdi olmuşdu.

 Əslində, ideal bir müəllim, ideal bir ana, ideal bir ata, ideal bir dost və s. ola bilmək üçün təhsil kitablarını əzbərləməyə ehtiyac yoxdur. Aləmlərin Rəbbinin biz qullarını öyrətmək üçün göndərmiş olduğu kitabını bir dəfə belə mənasını düşünərək xətm etsək o bizə yetər. Allah Təala sevginin nələri bacardığını ayəti- kərimədə bizə belə bildirir:

 "Yaxşılıqla pislik bir olmaz. Sən pisliyi ən gözəl bir şəkildə (sevgiylə) dəyişdir. Bir də baxarsan ki, səninlə arasında düşmənlik olan kimsə sanki yaxın bir dost olmuşdur” ( Fussilət 34).

Sevginin təhsildəki yeri çox böyükdür. Sevgisiz verilən təhsil eynilə kompyuter yaddaşına yüklənən məlumat kimidir. Kiçik virus o məlumatı, o əməyi çökdürməyə yetər. Cəmiyyətdə zalım, qatil, oğru nə qədər insan varsa hamısının həyatına baxsaq, az qala 100%-ə yaxını sevgisiz böyüyən insanlar olduğunu görərik. Bir körpə doğulduğu zaman nə qədər sevimli, nə qədər günahsızdır. Çoxumuz onları "cənnət qoxulum" deyə əzizləyirik. Cənnət qoxulu əmanətlərə necə sahib çıxırıq, onlara necə bir həyat təqdim edirik ki, böyüyərkən bir anda başımıza bəla olurlar.

Vədud olan Rəbbim ürəklərimizə gerçək sevgini yerləşdirsin ki, virtual olan saxta sevgilərlə özümüzü və bizə güvənənləri aldadanlardan olmayaq. Amin!

 


Xədicə Şahin
Bu yazıya 1035 dəfə baxılıb.