Sevgi


Aysel Əmiraslanova
Bu yazıya 946 dəfə baxılıb.

İnsan dünyaya gəlməmişdən əvvəl sevilər, sevildiyi üçün də dünyaya gələr. Sevdiyi insanlarla birgə olar, birlikdə yeyib-içər, gəzib-oynayar və yavaş-yavaş böyüyər. Sonra o da sevər. Amma bəziləri sevsə də, sevilsə də sevdiklərinin, əlindəki nemətlərin qədrini bilməzlər.   Onlar hamıya qarşı qəddar olsalar da, mütləq onları da sevənlər vardır.

Sevgi Allahın insanların qəlbinə qoyduğu bir duyğudur. Çünki o duyğu Allahda da vardır. Allah bizləri sevir, bizim cənnətə girməyimizi istəyir. Bunun üçün də dini hökmləri yerinə yetirməyimizi tələb edir. Rəbbimin bizdən istəkləri yalnız bizim xeyrimizədir.

Bizə deyilən bir şeyi bəzən qorxu, bəzən də sevgi ilə yerinə yetiririk. Amma heç israr da etmirik. Məsələn: Bir müdir işçilərinə nəyisə əmr edir, işçi də işini yaxşı görmək üçün həmin deyilənə olduğu kimi riayət edir. Amma qarşılığı nə olur? Ancaq pul...

Bəs Allah bizə nəyi buyurur?

Allah bizdən göndərdiyi  müqəddəs Qurani-Kərimdə yazılanları yalnız oxumağımızı yox, oxuduğumuz kimi də əməl etməyimizi istəyir. İmana, sünnəyə sarılmağımızı istəyir. Qurani- Kərimdə:

“İman gətirib yaxşı işlər görənləri isə, Biz (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyik. Allahın haqq olan vədi üzrə, onlar orada əbədi qalacaqlar. Allahdan daha doğru danışan kimdir?!” (Nisa, 122) deyilir. Lakin insan nəfsinə düşkün olduğu üçün puldan başqa heç nə görmür. Fikirləşmir ki, qazandığı pulla “cənnəti” ala bilməz. Yalnız dünyadakı ürəyi istədikləri bəzi şeyləri ala bilər.

            Ömrü dolduran məhəbbət imtahanları, əslində, məcazi eşqlərin həqiqi eşqə çevrilməsinə qapı açmaq üçündür. Məhəbbət sahibləri bu istiqamətdə sona qədər yola davam edərlərsə, nəticədə Allaha qovuşarlar. İndi bəhs edilən mövzu dünyalıq olan fani sevgidən Allaha yönələn sevgidir. Bir də mənəvi sevgi vardır ki, insan bunu düşünsə özü tapa bilər. Məsələn, Allaha çatmağın yolları:

            Biz Allah sevgisinə çatmaq üçün necə ki, zirvəyə çatmaq üçün pilləkənlərlə addımlayırıq, eləcə də Allah sevgisinə çatmaq üçün bu yolları keçməliyik. Heç nə birdən-birə olmadığı kimi Allahın sevgisinə  də Onun Rəsulunu və sünnəsini sevərək nail ola bilərik. Elə möminin sevgidə fərqliliyi də hər şeydən əvvəl Peyğəmbərimizə (s.ə.s.) uymaq, onun sünnətini yaşamaqdır. Başqa sözlə sünnəti sevgiyə rəhbər qılmaqdır. Ayəti-kərimədə:

            (Ya Rəsulum!) De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!” (Ali İmran, 31)

            Bu mövzuda möhtərəm Osman Nuri Topbaşın belə bir sözü var:

“Hər bir salavatı-şərifə bizi Ona yaxınlaşdıran təlqindir, bizim üçün hər iki dünyada rəhmət və şəfaətçi olan bir Rəsuldur. Onun məhəbbət və iman mənbəyi olması Allahın əmridir. Kəlmeyi-şəhadət də bunun təlqinidir”.

            Ayəti-kərimədə:

            “Həqiqətən, Allah və onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman edənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın!” (Əhzab, 56)   

            Əvvəlcə Allahı sevmək, sonra Peyğəmbərləri, daha sonra faniləri sevməliyik. Allahın sevdiklərini sevmək, Allahı sevdiyiz üçün sevməkdir.

 


Aysel Əmiraslanova
Bu yazıya 946 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.