Kiçik görünən böyük mikroblar


Vüsalə Osmanova
Bu yazıya 983 dəfə baxılıb.

İstər böyük, istərsə də kiçik olsun bütün günahlar Allahın əmrinə qarşı çıxmaq mənasını daşıdığı üçün  Onun narazılığına və hətta qəzəbinə yol açar. Bu səbəbdən də zahidliyi ilə məşhur olan Bilal bin Sad: “Günahın kiçikliyinə deyil, kimə qarşı üsyan etdiyinə bax!” demişdir. (Əhməd, Zöhd, s. 460)

Digər tərəfdən günahlar Allah ilə bəndə arasında qalın bir pərdə kimi gərilərək Allahı tanımağa və haqqı ilə qulluq etməyə mane olar. Buna görə günahların böyükləri kimi, kiçikləri də insanın mənəviyyatı üçün böyük təhlükələr ehtiva edər. Bu səbəbdən də heç bir zaman günahları kiçik ya da əhəmiyyətsiz sayılmamalıdır. Günahlar insanı Allahın rizasından uzaqlaşdırıb əbədi düşmənimiz olan şeytanı məmnun edər. Hədəfinə çata bilmək üçün şeytanın etdiyi tək şey insanı dinindən uzaqlaşdırmaqdır. Bu səbəbdən Rəsulullah (s.ə.s.) vida xütbəsində ümmətini şeytana qarşı xəbərdar etdikdən sonra: “Kiçik deyib əhəmiyyətsiz gördüyünüz əməllərdən çəkinməklə dininiz üzərində titrəyin!”  deyir. (Heysəmi, III, 267)

Peyğəmbərimiz günahları əhəmiyyətsiz görməməyin zəruriliyini belə açıqlamışdır: “Çünki onlar bir adamda cəmlənib, nəticədə, onu həlak edərlər”.

Mərhum Musa Topbaş tələbələrinə yazmış olduğu məktublarındakı qiymətli nəsihətlərində mövzumuzla bağlı belə buyurur: “Bir möminin qəlb aləmi və kamalı davranışlarında görünür. Bu gözəlliklərin ən öndə gələnlərindən bir neçəsi belədir: Daim təvazökar olmaq, zamanın və məhdud nəfəslərin qiymətini bilib israf etməmək, Allahın bəndələrini sevib onlarla mübahisə etməmək, həmsöhbətləri ilə dini səviyyəsinə görə davranmaq, qəbahətləri örtən olmaq, haram və halala diqqət etmək və hamının kiçik gördüyü günahları daha böyük görməkdir. Çünki günahını kiçik görən Allah Təalanın əmrini kiçik görmüş olar”.

Hər günah qəlbə vurulan qara bir nöqtə kimidir. Sanki ağappaq bir kağız üzərinə düşən qara mürəkkəb kimi... İnsan günahdan əl çəkib tövbə edərsə, qəlbi təmizlənər. Tövbə etməyib günah etməyə davam edərsə, bu nöqtələr artaraq qəlbi tamamilə qaraldar. Bundan sonra qəlb solar, nuru sönər, bəsirəti qapanar, güzgünün paslanması və tərləməsi kimi üstü kirlə, ləkələrlə örtülər. Bir müddət sonra isə qatılaşaraq xeyirin nə olduğunu bilməyən bir hala düşər. Bundan sonra ruha zəhər saçan ən böyük günahları da ağırlığını hiss etmədən icra edə bilər. Hz. Ömər Abduləzizin (r.a.) sözləri bu həqiqəti necə də gözəl ifadə edir: “Haramlar bir atəşdir. Ona ancaq ölənlər uzanar. Əgər haramlara əl uzadanlar diri olsaydılar, o atəşin ağrısını hiss edərdilər”. Deməli, böyük günahları edənlər kiçik günahların qəlblərini qaraltması nəticəsində bu hala əhəmiyyət vermədikləri üçün düşmüşlər. Əbu Turab ən-Nəxsəbi həzrətləri belə buyurur: “Qaralmış qəlbin üç əlaməti vardır:

  1. İnsanın günahlardan ürpənməməsi
  2. İtaət və ibadətlərin qəlbə ləzzət verməməsi
  3. Nəsihətlərin təsir etməməsi”.

Günahların zərərlərindən bir neçəsini zikr edərək mövzumuzu yekunlaşdıraq.

Günahlar Allahın qəzəbini cəlb edərək savabların yox olmasına səbəb olur. Bu rəvayət nə qədər ibrətli və xəbərdaredicidir:

Hz. Səvbanın (r.a.) nəql etdiyinə görə Rəsulullah (s.ə.s.) belə buyurdu:

“Ümmətimdən bir qrup insanlar tanıyıram ki, qiyamət günü Tihamə dağları kimi ağappaq xeyirxah əməllərlə gələrlər. Allah Təala o savabları səpələnmiş toza çevirib heç yoxmuş kimi edər”.

Səvban (r.a.): “Ey Allahın Rəsulu! Onları bizə təsvir edin, vəziyyətlərini bildirin ki, bilməyərək biz də onlardan olmayaq” dedi. Bundan sonra Peyğəmbərimiz (s.ə.s.) bu izahatı verdi:

“Onlar sizin din qardaşlarınızdır. Sizin kimi insanlardır. Sizin kimi onlar da gecə ibadətindən nəsiblərini alarlar. Ancaq təklikdə Allahın qadağalarıyla baş-başa qalarkən o qadağaları pozarlar, əhəmiyyət verməzlər”. (İbn Macə, Zöhd, 29)

Günahlar, insanı mələklərin tövbə və istiğfarından, Peyğəmbərimizə yaxınlıqdan da məhrum edir.

Nəfsinə, yaxınlarına, cəmiyyətə yadlaşan günahkar tənha qalmağa məhkum olur!


Vüsalə Osmanova
Bu yazıya 983 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI
  • Kiçik görünən böyük mikroblar