Balqabaqlı kürəciklər


Bizim AİLƏ
Bu yazıya 1115 dəfə baxılıb.

Ərzaqlar:

500 qr. balqabaq

3 yumurta

1 stəkan şəkər tozu

1 stəkan un

kakos, qoz (bəzək üçün)

vanil, qabartma tozu

Hazırlanması:

Əvvəlcə balqabağı yuyub, təmizləyib kubik şəklində doğrayırıq və qazana tökürük. Üzərinə bir az su əlavə edib bişməyə qoyuruq

Balqabaqlar bişənə kimi yumurtaları mikser vasitəsilə çalırıq. Üzərinə şəkər tozunu əlavə edirik və bir az da çalırıq. Sonra bunların üzərinə unu, vanili və qabartma tozunu da əlavə edirik.

Əvvəlcədən isidilmiş sobanın qabına kalka kağızı qoyub yağlayaraq alınan qarışığı qaba tökürük və bişiririk. Biskvitimiz hazırdır. Onu soyumağa qoyuruq.

Qozu maşından keçiririk və 10-12 qozu bütöv saxlayırıq. Əvvəlcədən bişirib soyutduğumuz balqabağı çəngəl vasitəsilə əzib üzərinə 1-2 xörək qaşığı şəkər tozu və saxladığımız qozları bıçaqla doğrayıb (çox kiçik olmamaq şərtilə) qarışdırırıq. Bu qarışığın üzərinə soyumuş biskviti əlimizlə doğrayırıq. Qaşıqla qarışdırırıq. Alınan qarışıqdan yumru kürəciklər edib yarısını qozla, yarısını da kakosla bəzəyirik.

Budur, bizim dadlı, həm də vitaminli balqabaqlı kürəciklərimiz hazırdır!

Nuş olsun!

 

Balıq ətli tərəvəz kotleti

Ərzaqlar:

sümüksüz balıq əti - 500 qr

kələm -100 qr

yerkökü - 1 ədəd

soğan  -1 ədəd

sarımsaq - 1 ədəd

keşniş, şüyüd zövqə görə

duz, istiot

suxarı

qızartmaq üçün duru yağ.

Hazırlanması:

Balıq əti xırda doğranır, ət maşınından keçirilir. Soğan xırda doğranır, yağda bir az qovrulur. Sonra üzərinə rəndədən keçirilmiş yerkökü əlavə edilir, qovrulur. Yerkökünün üzərindən rəndədən keçirilmiş kələm əlavə edib bir az qovururuq. Qovurduğumuz qarışığa balıq əti, keşniş, şüyüd, duz, istiot və sarımsağı xırda doğrayıb əlavə edirik və yaxşıca qarışdırırıq.

İndi isə hazır qarışıqdan əlimizə alıb kotlet formasına salırıq. Sonra suxariyə batırırıq. Tavada yağı qızdırırıq və kotletlərimizi aşağı odda qızardırıq. Kotletin ikinci üzünü qızardan zaman qapaqla tavanın ağzını örtürük ki, kotletin içi yaxşı bişsin. Budur, balıq ətli tərəvəz kotletimiz hazırdır.

Nuş olsun!

 


Bizim AİLƏ
Bu yazıya 1115 dəfə baxılıb.