Ata Ola Bilmək


Gülnarə Seyidova
Bu yazıya 1070 dəfə baxılıb.

Ata! Cəmi üç hərfdən ibarət mükəmməl bir kəlmə. O kəlmə ki, bəzən ən uca zirvələrdən də dəyərlidir insana, bəzən isə ...

Ata nəinki ailəmizin başçısı, həm də daim kürəyimizdə hiss etdiyimiz güclü bir dayaqdır. Yaşlarından, vəzifələrindən asılı olmayaraq insanların daima ataya ehtiyacı vardır.  Bu yaxınlarda qohumlarımızdan yaşlı bir dayının dəfn mərasimində iştirak etdim. Məni ən çox təsirləndirən məqam o oldu ki, vəfat edən yaşlı dayının artıq nənə və baba olan oğul və qızları “biz yetim qaldıq, bizim kürəyimizin dayağı çökdü” deyib ağlayırdılar. Bəzi insanlara bu hətta qəribə də görünə bilər. Axı bu yaşda, artıq yetkin insanlar özlərini necə yetim hesab edirlər? Demək ki, insan yaşından asılı olmayaraq hər dövründə ataya, onun şəfqətinə ehtiyac duyur. Çox təəssüflər olsun ki, bu cür ata sevgisi hər kəsə qismət olmur. Bəzi insanlar ata kəliməsini eşıtdikdə qəlblərində ancaq kin və nifrət hissi oyanır. Elə buna misal olaraq axşam Xəbərlər proqramında eşitdiyim bir xəbəri sizlərlə paylaşmaq istərdim. Bu xəbər məni çox sarsıtdı. Belə ki, təxminən 25-26 yaşlarında bir oğlan ömrü boyu atasından şiddət gördüyünə görə psixoloji vəziyyəti pozulub və bu əqli çatışmazlıqla nəticələnib. Sonunda bu yaşda belə təhqirə, şiddətə dözməyən oğlan atasını qətlə yetirib. Belə faktlar dəhşətli olsa da var. Bu uşaqlar üçün “xeyirli, şəfqətli ata” ifadəsi yad bir kəlmədir. Ona görə də böyüklərdən də eşidib, öyrəndiyimiz “ata tərbiyəsi”, “ata nəsihəti”, “atalar sözü” ifadələri boş yerə işlədilməyib. Amma müasir günümüzdə bu ifadələr niyəsə öz təsirini itirib və bir sıra ailələrdə atalar, ümumiyyətlə, uşaqlarla maraqlanmayan bir fərdə çevrilmişlər.

Hər uşaq bir atadan dünyaya gəlir. Son zamanlar atanın ənənəvi rolu "çörək qazanan" olaraq təyin olunmuşdur. Bu ifadəyə hər kəsin qorxudan, heç kimə sevgi göstərməyən, uşaqlarını əzizləməyən, cəza verən, sözlərinin mübahisəsiz və müzakirəsiz qəbul edilməsini istəyən, uşaqların problemləriylə maraqlanmayıb, problemlər olduğu zaman anaları günahlandıran adam xüsusiyyətləri də əlavə oluna bilər.

Elə deyəsən, bəzi atalar da özlərinə verilən bu rolu qəbul ediblər. Anaların uşaqlarla bağlı hər şeyi boynuna götürdükləri, ataların bunları bacara bilməyəcəklərinə bağlı düşüncələri, ataları uşaqlardan uzaqlaşdırır. Amma analar bir tərəfdən fərqində olmadan bu davranışı edərkən, bir tərəfdən də ataların etinasızlığından şikayət edirlər. Təbii ki, atalar da bu mövzuda tamamilə günahsız deyillər. Bir qismi uşaqlarla maraqlanmağın anaların işi olduğunu düşünürlər, bir qismi bacara bilmərəm qorxusu ilə uşaqlardan uzaq dayanırlar. Halbuki, itirən özləri və uşaqları olur. Bəlkə də sınasalar onlar da analar qədər, hətta bəzən daha çox uşaqlarına yaxın ola bilərlər. Və bu onları, uşaqlarının gözündə uzaq olmaqdan çəkindirər. "Axşam atan gəlincə görərsən" dövrü çoxdan keçib. Uşaq dünyaya gəldiyi andan etibarən, gündəlik baxımı da daxil olmaqla atalar da analarla eyni məsuliyyətləri daşımaq məcburiyyətindədir. Bir uşağın inkişafı üçün atanın rolu çox böyükdür. Oğlan uşağının bir kişi kimi formalaşmasında, qız uşaqlarının ailə qavramının dərk edilməsində, paylaşmağın, sevginin, güvənin özülünü ata formalaşdırır.

Nə qədər çətin bir iş həyatı olursa olsun uşaqlara ayrılacaq bir saatlıq zaman, onlarla birlikdə iş görmək, onları dinləmək, onları anlamağa çalışmaq ata ola bilmək üçün böyük bir addım olacaq. Hələ bir də onlar üçün dəyərli olan bəzi günləri birlikdə yaşamaq, uşaqların atalarıyla müsbət bir əlaqə qura bilməsini təmin edəcək; beləcə onları, narkotik, spirtli içki, şəbəkə, təriqət kimi zərər verəcək vəziyyətlərdən və atalarının yerini doldurmağa çalışan “saxta atalar”dan qoruyacaq. Uşaqlar hansı cinsdə olursa olsunlar, ictimai problemlər içində olduqları zaman atalarını örnək alarlar. Hər uşaq öz cinsindən valideynlərə bənzəmək istəyər, amma qarşı cinsdən olan valideynlərin dostluq və fikirinə də dəyər verər.

Atalarının olması, onların davranışlarındakı problemlərin qarşısını alar. Atanın yoxluğu ilə uşaqlardakı məsuliyyət hiss ortadan qalxar. Ata gedərkən yaranan problemlər, o geri qayıtdıqda azalar. Eyni evin içində yaşayarkən bunun kafi olduğunu, ayrıldıqlarında yoldaşlarıyla birlikdə uşaqlardan da boşandıqlarını düşünən, zaman zaman maddi gərəkləri qarşılamanın ata olmağa çatacağını düşünənlər yanılırlar. Uşaqlar belə vəziyyətlərdə əhəmiyyətli şeylər itirir. Boşluğu başqa şeylərlə doldurmağa çalışacaqlar, səhv yollara düşəcəklər, necə olursa olsun böyüyəcəklər. Bəs atalar? Qaçırdıqları bu zamanı və uşaqların müəyyən çağlarını bir daha əldə etmək şansına əsla sahib ola bilməyəcəklər.

 Ata ola bilmək, gerçək ata ola bilmək çox vacibdir. 


Gülnarə Seyidova
Bu yazıya 1070 dəfə baxılıb.