Ataların Fədakardır


Samirə Mahmudova
Bu yazıya 991 dəfə baxılıb.

Gələcəyin nümunəvi insanını, örnək şəxsiyyətini, fədakar vətənpərvərini, alimini, dahisini yetişdirən, Allah Təalanın cənnəti ayaqları altına sərən analar haqqında kitablar yazıldı, məqalələr basıldı, çox şeylər deyildi. Gələcəyimiz olan övladlarımızın gözəl yetişməsində, boya başa çatmasında, təlim-tərbiyə prosesində analar qədər hünər sahibi, zəhmət və əziyyəti olan ataları da unutmamaq lazımdır. Ailənin əsas bünövrəsini  qoyan atalar bu müəssəsənin ayaqda dimdik qalması üçün sağlam nəslin gözəl keyfiyyətlərlə yetişməsində əsas rolu oynamışlardır. Ailənin bütün fərdləri üzərində səlahiyyət sahibi olan, onların maddi-mənəvi bütün ehtiyaclarının ödənilməsi üçün gecə-gündüz çalışan, alın təri tökən, halal zəhməti ilə ruzi qazanan fədakar atalar çətin, ama bir o qədər də savabı böyük olan işin altına girmişlərdir. Onların hər gün ailəsinin ruzisini qazanmaq niyyətilə işə getməsi və ailəsinin məişətini təmin etmək üçün pul qazanması və onlara xərcləməsi Allah Rəsulunun (s.ə.s.) ifadəsi ilə sədəqə hökmünə girərək atalara savab və böyük mükafat qazandırır. Belə ki, Rəsulullah (s.ə.s.) bir nəfərə “Səhər evindən ailəsinin ruzisini qazanmaq üçün çıxıb axşam yorğun-arğın halda evinə ruzi gətirənin ailəsi üçün qazandığı sədəqə hökmündədir” deyə bir hədisində dilə gətirmişdir.

Ailədə qadının, ananın uşaqlar, övladlar üzərində nə qədər çox təsiri və rolu varsa, atanın rolunun onun iki misli qədər olduğunu bildirmək yerində olardı. Çünki ata evin sahibi, rəisi olduğu üçün onun ailəsi üzərindəki məsuliyyəti iki qat çoxalır. Rəsulullah (s.ə.s.) : “Kişi evinin çobanıdır. Evindəkilərdən məsuldur. Qadın evindəki uşaqların tərbiyəsi baxımından və ərinin malını qorumaq adına səlahiyyət sahibidir. Əlinin altındakılardan məsuldur. Bir kölə də sahibinin evinin çobanıdır. Onun malını qorumalıdır. Hamınız çobansınız və əlinizin altındakılardan məsulsunuz” deyərək hər kəsi məsuliyyətli olmağa dəvət edir.

Kişi ailədə hər şeydən əvvəl başçı statusunda tanınır, qayda-qanun, nizam intizam yaradır, yasaqlar və qadağalar qoyur. Ailəsinin maddi, mənəvi, etik və əxlaqi yöndən təkmilləşməsində əsas rol oynayır. Təbii ki, ailəsinin bu keyfiyyətlərlə yaşamasına və həyatlarını davam etdirməsinə böyük səy göstərir. Ataya hörmət hər zaman Allaha itaətdən sonra gəlməlidir. Beləki peyğəmbərimizdən (s.ə.s.) də ataya hörmət və ehtiramın Allah haqqından sonra ikinci yerdə olduğu haqda belə bir hadisə rəvayət edilir: “Bir gün Peyğəmbərimiz (s.ə.s.) səhabələrinə dedi: Sizə ən böyuk üç günahın nə olduğunu bildirim mi? Səhabilər : Buyur Ya Rəsulallah dedilər. O (s.ə.s.) “Allaha şirk qoşmaq, ata-anaya itaətsizlik və  yalançı şahidlik”  deyə buyurmuşdur. Bu hədis bizə Allah haqqından sonra ata-ana haqqının nə qədər əhəmiyyətli olduğunu bizə bildirir. Bizim xalqımızın ən böyük xüsusiyyətlərindən biri böyüklərə, ağsaqqala, yaşlılara və onların şəxsində babalara, atalara, həyat yoldaşlarına yaxşılıq, itaət və hörmət etmək olmuş və olmağa davam edəcəkdir. Bunun əsas qaynağı və mənbəyi də bizim sahib olduğumuz milli və mənəvi dəyərlərdir. Uca Rəbbimiz hər birimizi bu dəyərlərə sahib olan və bu dəyərlərlə yaşayan bəndələrindən etsin. AMİN.

 


Samirə Mahmudova
Bu yazıya 991 dəfə baxılıb.