Ata haqqı


Bu yazıya 1305 dəfə baxılıb.

            “Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb, gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb, acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisinə şəfqət göstər, onları qanadının altına alıb: Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!” - de. (İsra surəsi 17\23-24)                                                                                                             

            Uca Allah yaradılmışların içərisində ən fəzilətli və şərəfli olan insanı hər zaman böyüklərinə və bir-birilərinə qarşı xoş münasibətdə, sevgidə, hörmətdə olmalarını istəmişdir. Hər iki cahanın sultanı olan Hz. Peyğəmbərimiz (s.ə.s.) bu baxımdan, müsəlmanın ibadəti qədər onun əxlaqının da vacib olduğunu bildirmişdir. Əxlaq qaydalarına görə müsəlmanların bir-birilərinə zərərli deyil, yararlı olmaları lazımdır. Belə ki, hörmət olduğu zaman hüzur və mehribançılıq ortaya çıxır. Arzu etdiyimiz ailə səadətinə qovuşmaq üçün İslam dininin bizə bəxş etdiyi Qurani-Kərimin qaydalarına əməl etməmiz lazımdır.

            Hz. Peyğəmbərimizin (s.ə.s.) ailə həyatı ümmətinin nəticə çıxarması üçün bir misaldır. Onun ailəsinə və övladlarına qarşı olan münasibəti göz önündədir. Rəsulullah (s.ə.s.) hədislərinin birində buyurmuşdur: “Möminlərin arasında imanı ən qüsursuz olan, əxlaqı gözəl olanıdır. Sizin ən yaxşınız da ailəsinə qarşı yaxşı olanıdır”. (Sünəni-Tirmizi, Babür-Rada, 1162; Sünəni Əbi Davud, Kitabus-Sünnə, 4682)

Kamil bir insan olan Allah Rəsulu bir ata kimi nəinki, ailəsini, elecə də ümmətini pisliklərdən, günahlardan qoruyan bir qalxan idi. İslamda ailə yuvası müqəddəsdir. Bu müqəddəsliyi qorumaq ailə böyüyü kimi atanın üzərinə düşür. Hz. Peyğəmbər (s.ə.s.) belə buyurmuşdur: “Ata qibləgahdır”.

Xilqət və fitrət baxımından yaradılmış böyük insan Hz. Peyğəmbər (s.ə.s.) bir ata kimi övladları ilə o cümlədən, kiçik qızı Hz. Fatiməyi-Zəhra ilə arasındakı ata-qız münasibətini tarixi kitablarda və hədislərdə görmək olar. Böyük hədis alimlərinin yazdığına görə Peyğəmbərimiz (s.ə.s.) hər dəfə səfərdən qayıdanda  əvvəl məscidə gedər, iki rükət namaz qıldıqdan sonra heç bir yerdə ləngimədən birbaşa sevimli qızı Fatiməyi-Zəhranın evini şərəfləndirər, mübarək başını öpər və saçını qoxlayıb deyərdi: ’’Mən cənnət ətrini qoxladım. Sonra xanımlarını ziyarət edər, daha sonra da ziyarətinə gələnləri qəbul edərdi. Başqa bir hədisdə isə Peyğəmbərimizin (s.ə.s.) ciyər parəsi olan kiçik qızı Fatiməyi-Zəhranın atası ilə bağlı olan hədisdə bildirilir ki: “Hz. Fatimənin əməl dəftərində Hz. Peyğəmbərin vəfatı ilə bağlı yazılan həsrət, kədər kimi bir əməl heç kimin dəftərində yazılmamışdır”.

            Uşaqları çox istəyən, Hz Məhəmməd (s.ə.s.) nəvələri Hz. Həsən və Hz. Hüseyn haqqında “Dünyada qoxladığım  iki reyhanımdır” deyirdi. Onları ata məhəbbəti ilə və sevgisiylə bağrına basdığını, qucağında oturdub: “Ey Rəbbim, bunlara rəhmət et, mən, bunlara qarşı çox mərhəmət duyuram” deyərək dua edərdi. “Kiçiklərimizə şəfqət göstərməyən bizdən deyildir” söyləyən Rəsulullah (s.ə.s.) ayrı seçkilik etmədən valideyn və uşaq arasında qarşılıqlı anlaşmaya dəvət etmişdir. Uşaqlarında ataya və anaya qarşı hörmət də çox vacibdir. El məsəli olan “Atasını tanımayan Allahını da tanımaz” sözündə bir məna var. Hörmətdə, ehtiramda diqqətli olmağımız lazımdır. Qurani-Kərimdə valideynlə bağlı ayələr vardır ki, bundan da nəticə çıxarmaq hər bir müsəlmanın əməli borcudur.

Sevgili Peyğəmbərimiz  buyurmuşdur: “Ata-ananı söymək böyük günahlardan biridir”. Bunu eşidən səhabələr:

“ - Ey Allahın Rəsulu! Heç övlad valideynlərini söyər?!”-dedilər. Allah Rəsulu (s.ə.s.):

 “ - Bəli, bir insan başqasının atasına söyür o da qayıdıb cavabdında onun atasına söyür. Biri o birinin anasına söyür o da qayıdıb anasına söyür. Beləliklə də, həmin şəxs ata-anasının söyülməsinə səbəb olduğuna görə valideynlərinə söymüş  olur” buyurdu.
            Hz. Peygambərin  ailə əlaqələri hörmət, anlayış üzərində qurulmuşdur. Sevgili  Rəsulullah Allahın son elçisi olaraq, insanları doğru yola aparacaq bir rəhbərdir. Onun müsəlmanlar üçün “model ailə” anlayışını biz Əhli-beytdə görə bilərik. Bu ailədə   sədaqətin, doğruluğun, dürüstlüyün, iffətin, həyanın, sevginin, hörmətin, nizamını açıq şəkildə görmək olar. Bu səbəblə Peyğəmbərimiz (s.ə.s.)  buyurmuşdur: “Ey insanlar! Sizə, özlərinə sarıldığınız zaman əsla zəlalətə düşməyəcəyiniz şeylər buraxdım: Allahın kitabı və ailəm, Əhli-Beytim “Biz Quranda ailə həyatı ilə bağlı ayələrə diqqət etməli və yerinə yetirməliyik. Rəsulullahın (s.ə.s.) ailə həyatı ilə bağlı yönlərini dərindən öyrənməli və axirətdən əvvəlki həyatımızda əməlimizlə ömür sürməliyik.

             



Bu yazıya 1305 dəfə baxılıb.