İman, yoxsa mövhumat...


Bu yazıya 1057 dəfə baxılıb.

Azərbaycan mentaliteti və dini həyatı üçün qorxulu reallığa çevrilmiş bu absurd hal ənənəvi, tarixi, psixoloji, mədəni kökləri olan ictimai xəstəlik forması almışdır.

Psixoloq K.Platonovun ifadəsi ilə desək, xurafat – keçmiş dinlərin rudimentar qalığıdır (44, 28). O, kütlə psixologiyasında əski ilahilər və sitayişlərin qəbiristanlığını xatırladır. Bəzən xurafatlar yeni təriqətlərlə də bağlı olur və bu zaman öz psixoloji mənşəyinə görə əl çəkməyən hallar nevrozuna bənzəyir. Xurafatla mübarizə aparmaq praktiki olaraq çox çətindir, çünki o, düşüncənin ən alt qatında, “məişət zəminində” yerləşir.

Xurafatın tipik nümunəsi hər hansısa bir predmetin-amuletin müəyyən bir qüvvəyə malik olmasına inamdır. Hər bir azərbaycanlı ailəsində rast gəlinən göz muncuqları, nal, dağdağan, pirtdaq, üzərrik bitkiləri, müxtəlif ziyarətgahlardan gətirilmiş daşlar, parçalar və digər ekzotik suvinerlər dediklərimizə sübutdur. Başqa bir xurafat elementi, bütün dünyada geniş yayılmış motiv - əlamətlərə inamdır. Yolu keçən qara pişik, on üç rəqəmi, səhər ilk qarşıya çıxan adamın uğursuzluğu, tək səbir və s. bu qəbildəndir. Bəzən əlamətlər məkanına görə dəyişir, yəni bir ölkədə qəbul edilən əlamət başqaları üçün xarakterik olmur. Məsələn, ABŞ və Latın Amerikası ölkələrində ikiayaqlı açma nərdivanın altından keçmək uğursuzluq sayılır, halbuki biz belə bir əlaməti hələ mənimsəməmişik.

Mövcud olan bir çox xurafatların psixoloji anlamı – bir-birinin ardınca gələn hadisələrdə məntiqi əlaqənin axtarılmasıdır. Sadə bir formulaya əsasən, guya filan iş baş verirsə, demək bu digər filan məsələyə görədir. Təbii ki, bu sırf məntiq xətasıdır. Lakin kütlə şüurunda hadisələr arasındakı əlaqənin fövqəlbəşərliyinə inam hissi daim mövcuddur və əlamətlərə, içduyumlarına, fala inam da bu mənbədən bəhrələnir. Maraqlıdır ki, insan yaddaşı xüsusi seçim etməyə daha çox meyillidir: yüzlərlə baş tutmayan əlamətlərə etinasızlıq və unutqanlıqla yanaşan insan tək bircə əlamətin sehrini və ya falçının “peyğəmbərliyini” həyatı boyu unutmur.

Bu baxımdan ən tipik xurafat növü falçılıq, cadugərlik, astroloji qoroskoplara inam və sairədir. Hər şeydən əvvəl qeyd etməliyik ki, bu ümumbəşəri problemdir: dünyada elə bir xalq və millət yoxdur ki, xurafatın təsir dairəsindən kənarda qalsın. “Jounal for the Scientific Study of Religion” jurnalının məlumatına görə, təkcə Amerika Birləşmiş Ştatlarında XX əsrin 80-ci illərində  12 000 astroloq olmuş, 1750000 amerikalı falçılıq etmiş, 1250 qəzetdə mütəmadi qoroskoplar dərc edilmişdir (43, 252). Bu gün bizim ölkəmiz də qeyd olunan göstəricilərə yaxınlasmaq üzrədir. Azərbaycan cəmiyyəti fal, cadu, ekstrasensorika tuğyanını yaşamaqda, kütləvi informasiya vasitələrimiz isə çox təəssüf ki, bu kütləvi isteriyaya, deməyi caizsə, “züy tutmaqdadır”. Rəsmi dövlət qəzetləri və Azərbaycan televiziyasının birinci kanalı istisna olmaq şərti ilə, bütün qəzet, radio və televiziya kanallarında qoroskoplar, falçılar, astroloqlar, ekstrasenslər barədə məlumatlar verilir, pirlərin və ocaqların aşkar reklamı geniş vüsət tapır. Kütləvi informasiya vasitələri özləri də bilmədən, yaxud bəlkə də bilərəkdən İslama və bütün ənənvi dinlərə qarşı məqsədyönlü antitəbliğat apardığını dərk etmir. Halbuki, din barədə elementar savadı olan hər kəs İslamın bu problemə mövqeyini özü üçün aydınlaşdıra bilər.

İslam yarandığı gündən bu günə kimi şirkə səbəb olan əməlləri pisləmiş, cahiliyyə dövrünün adətlərinə nifrətlə yanaşmış, insanı küfrə sövq edən işlərdən uzaqlaşdırmağa çalışmışdır. «Sənə cahillərdən olmamağı nəsihət edirəm” – (1; Hud, 46) buyuran Qurani-Kərim insan oğluna qadağan etdiyi əməllərin çirkinliyini də açıqlamışdı : “Ey iman gətirənlər! Şərab da, qumar da, bütlər də, fal oxları da şeytan əməlindən olan murdar bir şeydir. Onlardan çəkinin ki, bəlkə nicat tapasınız!» (1; Maidə, 20)

İslamın iman və əxlaq dəyərləri içərisində şirk – Allah Təalaya şərik qoşmaq, yer üzündəki bütləri, totemləri və insanları Ona bərabər bilmək ən böyük və birinci dərəcəli günahlardandır. Buna günahi-kəbirə, belə əməl sahibinə isə müşrük deyilir. İslama görə, Allahın qüdrətinə inanmayıb kafir, sehirbaz və falçıları özlərinə dost bilənlər, büt və daşlardan nicat diləyənlər, bir sözlə, batil inanclara tapınanlar bu qəbildən olanlardır. Müşriklər                            Qurani–Kərimdə kafirlərdən – dinsizlərdən sonra ən çox lənətlənən ikinci qrup toplumdur. «Allahı qoyub sizə nə bir zərər, nə də bir xeyir verən şeylərəmi ibadət edirsiniz?..Dininizdə haq-

sız yerə ifrata varmayın. Əvvəlcə yolunu azmış, bir çoxlarını da azdırmış və doğru yoldan çıxmış bir tayfanın nəfsinin istəklərinə uymayın!» (1; Maidə, 76-77). Bu xəbərdarlığa riayət etməyənlərə veriləcək cəza barədə bildirilir: «Allaha şərik qoşana Allah şübhəsiz ki, cənnəti haram edər. Onun düşəcəyi yer cəhənnəmdir. Zalımların heç bir köməkçisi yoxdur!» - (1; Maidə, 72). Müşriklərin dəlilləri və iddiaları ən azı istehzaya layiqdir: «Bizim qarşımıza çıxara biləcək elminiz varmı? Siz yalnız zənnə qapılır və yalan uydurursunuz!.. Tutarlı dəlil yalnız Allaha məxsusdur» (1;Ənam, 148-149).



Bu yazıya 1057 dəfə baxılıb.