Kubra Babayevayla Reportaj


Bizim AİLƏ
Bu yazıya 1036 dəfə baxılıb.

Babayeva Kubra Kəlbətarqulu qızı. Naxçıvan şəhərində doğulub. 31 il Maarif İşçiləri Evində dərzi müəllim kimi fəaliyyət göstərib. Altı övlad anasıdır. Azərbaycan Maarifçi Xeyirxah Xanımlar İctimai Birliyinin sədridir.

Kubra xanım siz həyat təcrübəsi olan bir xanım kimi necə düşünürsünüz, ailədə atanın rolu nədir?

Hər bir ailə özlüyündə bir dövlətdir. Və hər bir dövlətdə olduğu kimi hər ailənin də özünəməxsus qanunları mövcuddur. Ailədə də dövlətdə olduğu kimi prezident, baş nazir və digər vəzifəli insanlar vardır. Evdə prezident evin böyüyü, kişidir. Qadın isə belə demək olar ki, “baş nazir”dir. Və beləcə ailənin təməli qoyularaq, birgə yaşama başlanılır. Sözsüz ki, bizim ailədə də “prezident” yəni ailə başçısı rəhmətli həyat yoldaşım, övladlarımın atası idi. Ailə onun qoyduğu qanunlar əsasında idarə olunurdu. Amma kişilər, əsasən, ailəyə ruzi qazanmaqla məşğul olduqlarına görə yenə də işin əsas və çətin qismi qadınların üzərinə düşür. Elə bizim ailədə də elə idi. Yoldaşım səhər erkəndən işə gedir, axşam da gec saatlarda evə qayıdırdı. Bu saatlarda evin qayğıları, uşaqların problemləri ilə mən məşğul olurdum. Uşaqların əsas tərbiyəsi ilə mən məşğul olmuşam. Ataları da onların bütün xərclərini çəkib, yeməklərini, geyimlərini təmin edib. Biz bu çətin həyat yolunda övladlarımızı əl-ələ verib, belə böyütmüşük.

Hər bir ata daim ailəsi ilə yaxından maraqlanmalıdır, problemlərinə can yandırmalıdır. Övladlarını diqqətdən kənar saxlamamalıdır. Uşaqlar daim üzərilərində ata nəzarətini hiss etməlidirlər. Uşaqların yalnış yola düşməmələri üçün mütəmadi valideyn nəzarətində olmaları lazımdır. Əks halda uşaqları düzgün tərbiyə etmək mümkün olmaz.

Təəssüf hissi ilə bildirmək istərdim ki, hazırda ataların bir qismi bütün işləri ananın həvaləsinə qoyaraq, özlərini kənara çəkir. Bunun nəticəsində bütüm ailə zərər görür.

Ailədə övladların tərbiyəsinə necə nəzarət olunmalıdır?

Peyğəmbərimiz (s.ə.s.) buyurur ki, uşaq doğulduqdan 40 gün sonra başlanan tərbiyə artıq gecikmiş sayılır. Çünki uşağın o dövrə kimi müəyyən xüsusiyyətləri formalaşmış olur. Uşaqların tərbiyəsinə hələ ana bətnində ikən başlanılmalıdır. Belə ki, hələ dünyaya gəlməmiş uşağın beyni ağ bir kağız tək olur. Artıq ana bətnində onun beyninə müəyyən vərdişlər, xüsusiyyətlər yazılmağa başlayır. Ona görə də çalışmaq lazımdır ki, uşağın beyninə ancaq gözəl xüsusiyyətlər yazılsın. Daha sonra isə dünyaya yeni gələn körpə necə qarşılansa, nə görsə ona alışır və onun əsasında da xasiyyəti formalaşmağa başlayır.

Biz indikindən fərqli olaraq o dövrdə bütün gün uşaqlarla məşğul olmurduq, onları hazırlıqlara, dərsdən əlavə müəllim yanına göndərmirdik. Sadəcə başa salırdıq ki, dərslərini yaxşı oxumalısan. Bir də həvəsləndirmək üçün, yaxşı oxuduqları halda onlara pul verirdik, hədiyyələr alırdıq. Bu sistemlə də uşaqlar evdə rəqabət apararaq bütün gün dərs oxuyurdular. Kimin “5” qiyməti çox olacaq deyib, mübarizə aparırdılar. Mən çox sevinirəm ki, övladlarımın hamısı ali təhsilli, cəmiyyətə, xalqa millətə faydalı insanlardır. Dörd oğlan övladım var. Hamısı da vətənpərvərdir. Hər biri layiqli şəkildə əsgərlik borclarını yerinə yetirib. Və bu gün də Vətən uğrunda müharibəyə getməyə hazırdırlar.

Bilirsiniz, müasir vəziyyətdə övladları düzgün tərbiyə etmək çətinləşib. Gənclər təhsildən yayınaraq, küçə ticarətləri ilə məşğul olurlar. Halbuki, onlar gələcəyin həkimi, müəllimi, elm xadimi ola bilərlər. Bununla yanaşı, onlar zərərli vərdişlərlə öz bədənlərini zəhərləyərək günü gündən inkişafdan qalaraq, zəifləyirlər.

Biz də daim ziyalı xanımlarla bir araya gəlib, bu problemləri aradan qaldırmağın yollarını axtarırıq. Onların qarşısını almaq üçün müəyyən tədbirlər görülməlidir. Bu işdə biz polislərlə birlikdə çalışırıq. Çünki onlara polislər daha asan nəzarət edə bilirlər. Müəyyən tədbirlər görürlər. Məsələn, bir dəfə metroda bir qadının bir uşağı diləndirdiyini gördüm, anası tərəfindən atılan uşağı dilənməyə məcbur edirdi. Və biz polislə birlikdə o uşağı qadından alaraq 1 saylı körpələr evinə verdik. Sözsüz ki, dövlətimizin dəstəyi ilə heç olmasa bir uşağın gələcəyini bərbad olmaqdan qurtardığımızı düşünürəm.  

Övladlarınız vaxtilə sizin onlara tətbiq etdiyiniz tərbiyə üsulundan istifadə edirlər, yoxsa indi müasir şəraitə uyğun olaraq fərqlər var?

Bilirsiniz, ağac öz kökü üstə bitər. Torpağa hansı toxumu əksən o bitki bitəcək, başqa, fərqli bir şey bitməyəcək. Uşaqlar da öz valideynlərində olan xüsusiyyətləri götürərək onlara bənzəyirlər. Uşaqlar müəyyən rejimlə yaşamalı, valideyndən çəkinməlidir. Bu olmasa uşağı düzgün yetişdirmək olmaz.

Mən düşünürəm ki, uşaq tərbiyəsində əsas məqamlardan biri halal ruzinin qazanılmasıdır. Övladlarına halal ruzi yedirdən insan hər zaman onların tərbiyəsindən əmin olar. Onların gələcəkdə Vətənə, millətə faydalı insanlar olacağı, təhsilli, tərbiyəli fərdlərə çevriləcəkləri mütləqdir. Mən bunu öz ailəmdə görmüşəm. Indi də bu prinsip mənim övladlarımın ailələrində əsas götürülür.

Kubra xanım bizin gənc analarımıza məsləhətləriniz.

Bilirsiniz, hazırda qadınlar çox əziyyət çəkirlər. Həm evin problemləri, uşaqların təlim-tərbiyəsi, təhsili, hamısı qadınların üzərindədir. Hələ bir sıra ailələrdə ailənin ruzisini də qadınlar qazanır. Ona görə indiki zəmanədə qadınların çoxu həm kişilərin, həm də qadınların funksiyalarını yerinə yetirir. Ona görə də sırf uşaq tərbiyəsi ilə məşğul ola bilmirlər.

Amma mən bütün qadınlara demək istərdim ki, nə qədər çətin də olsa, övladlarının tərbiyəsini nəzarətsiz qoymasınlar. Çünki qadınların bu dünyadakı, əsas vəzifələri uşaqlara düzgün tərbiyə verərək, onları vətənə, millətə layiqli insanlar kimi böyütməkdir.

Kubra xanım dəyərli vaxtınızı bizə ayırdığınız üçün sizə təşəkkür edirik!

 


Bizim AİLƏ
Bu yazıya 1036 dəfə baxılıb.