Atalı dünyamız


Vaqif Nuri
Bu yazıya 1009 dəfə baxılıb.

Əhqaf surəsi 15-ci ayəti-kərimədə belə buyurulur: “Biz insana ana və atası ilə yaxşı davranmağı əmr etdik.

Ənam surəsi 151-ci ayəti-kərimədə buyurulur ki: “Ey Məhəmməd! De ki, gəlin, Rəbbinizin sizə haram qıldığı şeyləri oxuyum: Ona heç bir şeyi ortaq qoşmayın. Ana və atanızla yaxşı davranın”.

Ana övladın isti nəfəsidirsə, ata övladın başının taxtı-tacı, qeyrət və namus qalasıdır. Ata qəhrəmanlığın, igidliyin böyük simvoludur.

Mən atalar görmüşəm ki, övladları yolunda şam kimi yanıb əriyib, həyatını övladlarına qurban verib. Mən atalar görmüşəm ki, min bir əzaba dözüb gecəsini gündüzünə qataraq körpə övladlarına ana kimi isti nəfəsini verib, yanıqlı-yanıqlı laylalar çalıb.  Bir sözlə övladı güləndə gülüb, ağlayanda ağlayıb. Ata-ana günəşdirsə, övladları onun şəfəqləridir.

Ataları bəzən uca dağlara və dağ zirvələrinə bənzədirlər. Bəli, bu səbəbsiz deyil, ata ucalıqdır, dağ kimi arxadır. Övladlarına işıqlı dünyanı görən gözlərini, döyünən ürəyini verən atalar haqqında çox eşitmişəm.

Allah yaxşı insanlara görə həyatı yaşadır və daha da gözəlləşdirir. Quranlı, imanlı, ağzı dualı ata-analara, sevimli insanlara görə Allah adamları təhlükədən və bəladan xilas edir.

“Atalar sözləri”, “Atalar demişkən” kəlamları, atalarımızın böyüklüyünü, ucalığını, həmişə yaşamalarını göstərir.

Mənim atam Bilal Mehralı oğlu da xalqını, vətənini sevən, ağzı quranlı, könlü rəhimli, əli verimli bir el ağsaqqalı idi. Küsülüləri barışdırar, eldə, obada bir narahatçılıq olanda, o təhlükə sovuşmayana, onu yoluna qoymayana kimi atam rahatlıq tapmır, gecələr gözünə yuxu getmirdi. Bir sözlə ağır və çətin yollarda yorulmaq bilmirdi.

Qarabağın yağı düşmənlər tərəfindən işğal olunması, qoca və körpələrin diri-diri yandırılması, əsirlikdə olan ana-bacılarımıza, qız-gəlinlərimizə amansızlıqla işgəncə verilməsi atamı olduqca sarsıtmışdı. Qarabağ faciəsinə görə atamın gözləri həmişə yaşlı və intizarda olurdu. Bu da səbəbsiz deyildi. Ona görə ki, atam bu faciələri 1918-ci ildə Bakı şəhərində, Şamaxı qəzasında, Qarabağda görmüş və 17 yaşında erməni daşnaqlarına qarşı igidliklə döyüşmüşdür.

Günlərin birində atam bu faciələri danışanda uşaq kimi hönkürtü ilə ağladı. Elə bil gözlərindən axan yaş deyil, qandır.

Atam deyirdi:

“- Bala! Xocalı, Qarabağ faciəsi, 1918-ci ilin mart ayında erməni daşnaqlarının amansızlıqla törətdikləri qırğının davamı kimi yaddaşlara yazılmalıdır.

Azərbaycanda belə bir faciənin qarşısını tezliklə almaq üçün qanları-canları bizimlə bir olan Osmanlı ordusunun hərbi naziri Ənvər Paşa, generallar Nuru paşa, Camal Paşa, Süleyman Paşa, İzzət Paşa müzəffər ordu ilə Azərbaycana gəldilər. Şamaxı rayonundakı və Göylər kəndindəki faciələrə dözməyib mən də onlara qoşuldum.

Oğlum! Bu xalqın namuslu, qeyrətli və qəhrəman oğulları, sərkərdələri var. Mən ümüdvaram ki, onlar od vurulub yandırılan körpələrimizin, min bir əzabla, işgəncə ilə qətlə yetirilən qız və gəlinlərimizin, qəhrəman və mərd oğullarımızın qanlarını yerdə qoymayacaqlar. Özü də tezliklə”.

Atamın göz yaşları gözlərimə köçdü. Hönkürtümü basa bilməyib mən də atama qoşuldum.

Atam artıq Qarabağ dərdinə, müsibətinə dözə bilməyib yatağa düşdü. Onun qəmli, nəmli gözləri həmişə intizarda olurdu.

Bir gün atam mücrüdən parçaya bükülmüş nəsə götürdü və gözlərimin qarşısında açdı. Torpaq idi.

Üzünü mənə tutaraq:

“- Oğlum! Şuşa, Laçın torpağıdır. Mən öləndə bu torpaqları qəbrimə səpərsiniz”.

1995-ci il avqustun 17-də quran hafizi, Əhməd Naim müəllimin və xanımının oxuduqları Quranla atam dünyasını dəyişdi.

Hörmətli oxucular! Mən bu yazını və şeiri ürəklərində vətən, övlad sevgisi olan böyük atalara ithaf edirəm. Müqəddəs ataların yolu övladların işıqlı yolu və xoş gələcəyidir. Ata xeyir- duası övladlara xoşbəxtlik, ruzi-bərəkət gətirər.

 

Dünyanı gəzsəm də səni tapmaram,

Əllərim çatmayan uca zirvəsən.

Sən harda olsan da, səndən doymaram,

Mənim ürəyimdə böyük varlıqsan.

 

Səni ucaldıbdır qəhrəmanlığın,

Sən şərin yerinə xeyir gətirdin

Ellərə səs salıb çox əməllərin,

Vətən torpağına hünər gətirdin.

 

Ata, adın qəhrəmanlıq adıdır,

Məhəbbət yaranıb sənin adından

Ucalığın, qeyrətin zirvəsidir,

Biz gücü alırıq sənin adından.

 

Əlimdə çıraqdır gəzirəm səni,

Səni bu yerlərdən tapa bilmirəm,

Xalqa məhəbbətin ucaldıb səni,

Sevən ürəklərdən tapa bilirəm.  

 


Vaqif Nuri
Bu yazıya 1009 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI
  • Atalı dünyamız