Valideyn Haqqı


Osman Nuri Topbaş
Bu yazıya 1237 dəfə baxılıb.

Qul haqları içində ən mühüm olanı ata-ana haqqıdır. Allah və Rəsuluna itaətdən sonra ata-anaya itaət gəlir. Çünki ata-anamız dünyaya gəlməmizin səbəbkarı və vəlinemətimizdir. Maddi və mənəvi həyatımızı inşa edən müstəsna şəxsiyyət memarlarımızdır. Bu səbəbdən onların üzərimizdəki haqları saymaqla qurtarmayacaq qədər çoxdur.

Abdullah bin Məsud (r.a) belə demişdir:

"Rəsulullah (s.ə.s)-dən soruşdum:

«- Allahın ən çox bəyəndiyi əməl hansıdır?»

«- Vaxtında qılınan namazdır.» -buyurdu.

«- Sonra hansı ibadət gəlir?» -dedim.

«- Ana və ataya yaxşılıq və itaət etmək.» -buyurdu.

«- Daha sonra hansı gəlir?» -deyə soruşdum.

«- Allah yolunda cihad etmək.» -buyurdu." (Buxari, Məvaqit 5, Cihad 1; Müslim, İman 137-139)

Allah-Təala öz razılığını ata-ananın razılığına bağlamışdır. Bu həqiqəti Rəsulullah (s.ə.s) belə xəbər verir:

"Allah-Təalanın razılığı ana və atanı razı salaraq əldə edilər. Allah-Təalanın qəzəbi də ana və atanı qəzəbləndirmək surətiylə cəlb edilir." (Tirmizi, Birr, 3/1899)

Rəsulullahın bu duası bir mömin üçün necə də böyük bir bərəkət vəsiləsidir:

"Ana-atasına yaxşılıq edən nə xoşbəxtdir! Allah-Təala onun ömrünü uzun etsin!" (Heysəmi, VIII, 137)

Həyatın fırtınalarında bizə bir toz qonmasın deyə bütün varlığını səfərbər etmiş olan ana və atamızın haqqını ödəyə bilməmiz mümkündürmü? Hədisi-şərifdə bu həqiqətə belə bir təşbehlə diqqət çəkilməkdədir:

"Heç bir övlad atasının haqqını ödəyə bilməz. Əgər onu kölə olaraq tapar və satın alıb azad edərsə, atalıq haqqını (ancaq o zaman) ödəyə bilmiş olar." (Müslim, İtq, 25; Əbu Davud, Ədəb, 119-120; Tirmizi, Birr, 8/1906)

Mövlana həzrətləri də bu xüsusda belə buyurur:

"Ana haqqına diqqət yetir! Onu başında tac et! Çünki analar doğum sancısı çəkməsəydilər, uşaqlar dünyaya gəlməyə yol tapa bilməzdilər."

Bu səbəblə müsəlman bir gənc Allah və Rəsuluna itaətdən sonra ata-anasına qarşı hörmət, itaət və gərəkli xidmətlərlə mükəlləfdir. Əgər uzaq bir yerdə yaşayırsa, ata-anasını ziyarət edib könüllərini almalı, dualarını istəməlidir. Onlara xidmət etmək, gözəl söz söyləyib qulluq etmək övladların ən böyük vəfa borcudur. Xüsusilə yaşlılıq dövrlərində buna çox diqqət yetirmək lazımdır. Uca Rəbbimiz onlara qarşı ən kiçik bir narazılıq göstərməyə belə icazə verməmişdir.

Ata-anaya xidmət göstərmək çox fəzilətli bir əməldir. Bu fürsəti qiymətləndirə bilməyən kəslər böyük bir itki içindədirlər. Allah Rəsulu (s.ə.s) mühüm bir xəbərdarlıq mahiyyətində belə buyurmuşdur:

"Ana və atasına və ya onlardan yalnız birinə yaşlılıq günlərində yetişib cənnətə girə bilməyən kimsə pərişan olsun, pərişan olsun, pərişan olsun!" (Müslim, Birr, 9, 10)

Ata-ana qeyri-müslman da olsa, Allah-Təala onlarla yaxşı dolanmağı, istəklərini yerinə yetirib könüllərini xoş etməyi əmr edir. Ancaq Allaha üsyan sayılacaq xüsuslar bundan müstəsnadır.[1]

Həzrət Əbu Bəkrin qızı Əsma (r. anhə) belə nəql edir:

"İslamı qəbul etməmiş olan anam, ziyarətimə gəlmişdi. Peyğəmbərimizin fikrini öyrəənmək üçün:

«- Anam mənimçün darıxıb yanıma gəlib. Onunla yaxşı rəftar edimmi?» -deyə soruşdum. Rəsulullah (s.ə.s):

«- Bəli, ananla yaxşı rəftar et!» buyurdu." (Buxari, Hədiyyə 29, Ədəb 7-8; Müslim, Zəkat, 50)

Bunu unutmamaq lazımdır ki, adam ata-anasıyla necə rəftar etsə, övladlarından da eyni rəftarı görər. Peyğəmbərimiz (s.ə.s):

"…Atalarınıza yaxşılıq edin ki, uşaqlarınız da sizə yaxşılıq etsinlər…" buyurmuşdur. (Hakim, IV, 170/7258)

Ata-anasına qarşı pislik edən və onları incidəcək şəkildə davranan gənclərin yaşlandıqda öz övladları tərəfindən eyni rəftara məruz qaldığı, ən çox rast gəlinən bir ibrət mənzərəsidir.

Xülasə, cənnətin yolu ata-ananın razılığından keçir. Allah-Təala cənnəti əməlisaleh anaların ayaqları altına sərmiş, atanı da cənnətin əsas qapısı etmişdir. Artıq istəyən onları razı salsın, istəyən də incidib könüllərinə dəysin!..

 

Ailə Haqqı

Atanın, ananın və uşaqların bir-birləri üzərində haqları vardır.

Ata xanımını və uşaqlarını ən gözəl şəkildə tərbiyə edib ehtiyaclarını halalından təmin edərək onları axirətə hazırlamalıdır.

Ana ərinə qarşı vəzifələrində həssas davranmalı, evinə və uşaqlarına sahib çıxmalıdır. "Yuvanı quran dişi quşdur." zərbi-məsəlinin gərəyincə qənaətkar olmalı, israfdan qaçınmalı və hər xüsusda fərasətlə hərəkət etməlidir.

Ata-ana uşaqlarına qarşı ədalətli davranmalı, ayrı-seçkilik etməməlidir. Onların ən mühüm vəzifəsi ailə fərdlərinə İslami tərbiyə vermək və onların əbədi səadəti qazanmaları üçün çalışmaqdır. Bunun üçün də ilk növbədə zəruri olan dini bilikləri öyrətməlidirlər. Daha sonra seçəcəkləri münasib bir peşəylə əlaqəli bilik və təcrübə əldə etmələrinə kömək etməlidirlər.

Rəsulullah (s.ə.s)-dən:

"-Ey Allahın Rəsulu! Bizim uşaqlar üzərində haqqımız olduğu kimi onların da bizim üzərimizdə haqları varmı?" deyə soruşulduqda belə buyurmuşdur:

"-Uşağın, atası üzərindəki haqqı; atasının ona yazı yazmağı, üzməyi, atıcılığı öyrətməsi və ona halaldan başqa ruzi yedirməməsidir." (Beyhəqi, Şuab, VI, 401; Əli əl-Müttəqi, XVI, 443)

Bu mövzuda başqa hədislər də var:

"Uşağın ata üzərindəki haqqı ona gözəl bir ad qoyması, zamanı gəldikdə evləndirməsi və ona yazı yazmağı öyrətməsidir." (Əli əl-Müttəqi, XVI, 417)

"…Həyatda hörmətə layiq bir yer qazandırması və ona gözəl tərbiyə verməsidir." (Beyhəqi, Şuab, VI, 401-402)

Dini və uxrəvi haqlardan sonra dünyəvi ehtiyaclar gəlir.

Müaviyə bin Haydə (r.a) belə nəql edir:

"-Ya Rəsulullah! Qadınlarımızın bizim üzərimizdəki haqqı nədir?" deyə soruşdum. Allah Rəsulu belə buyurdu:

"-Yediyiniz kimi yedirmək, geydiyiniz səviyyədə geydirmək, üzlərinə vurmamaq, etdikləri işin və özlərinin (sima və ədəb baxımından) çirkin olduğunu söyləməmək, onlara bəddua və təhqir etməmək…" (Əbu Davud, Nikah, 40-41/2142; İbn Macə, Nikah, 3)

Evin böyüyü xanımından xəbərsiz uzaq səfərlərə çıxmamalıdır. Həmçinin xəbərsiz və kim olduğunu bilmədiyi yad adamları evə qonaq gətirməməlidir. Xanımından İslamın qoyduğu ölçülərin xaricində naməhrəmlərin qarşısına çıxmasını və onlara xidmət etməsini istəməməlidir. Ailəsini mümkün mərtəbə qadın-kişi qarışıq olan yerlərdən uzaq tutmalıdır.

Atanın başda gələn vəzifələrindən biri də ailə fərdlərinə qarşı gözəl əxlaq sahibi olması və xoş rəftar etməsidir.

Allah Rəsulu (s.ə.s) qadının vəzifələri haqda belə buyurur:

"Əməlisaleh qadın əri üzünə baxdığı zaman onu sevindirər, ərinin məşru istəklərini yerinə yetirər və onun olmadığı yerdə həm malını, həm də namusunu mühafizə edər." (İbn Macə, Nikah, 5)

"Əri özündən məmnun olduğu halda ölən qadın, cənnətə girər." (Tirmizi, Rada, 10/1161; İbn Macə, Nikah, 4)

Ailə fərdləri nəfsin, şeytanın və ətrafdakı pis niyyətli kəslərin hiylə və tələlərinə qarşı oyanıq olmalı və daim Allaha sığınmalıdırlar. Çünki bunlar ən müqəddəs bir müəssisə olan ailə yuvasını yıxmaq üçün əllərindən gələni edərlər. Ailəni yıxdıqda ümumi əxlaqı və dini yıxa biləcəklərini çox yaxşı bilərlər.

Xülasə, ailə içində hər kəs vəzifələrinə diqqət yetirməli və bir-birinin haqqını qorumalıdır.

Sileyi-Rəhm (Qohum Haqqı)

İnsanın qohum və yaxınlarıyla əlaqəsini davam etdirməsi, onları qoruyub mühafizə etməsi, yəni sileyi-rəhmə riayət etməsi dinimizin çox əhəmiyyət verdiyi əsaslardan biridir. Hətta birbaşa imanla əlaqəli bir hadisədir. Necə ki, Rəsulullah (s.ə.s):

"…Allaha və axirət gününə iman edən kimsə, qohumuna yaxşılıq etsin!.." buyurmuşdur. (Buxari, Ədəb, 85; Müslim, İman, 74, 75)

Allah-Təala qohumları bir-birlərinə varis etmiş, bəzi haqq və vəzifələrlə aralarındakı bağları qüvvətləndirmişdir.

Qohumluq münasibətləri Allahın Rəhman sifətinin bir təcəllisi olaraq mərhəmət və şəfqət təməlləri üzərində bina edilməlidir. Aşağıdakı hədisi-şərif bu barədə mühüm bir ölçünü dilə gətirməkdədir:

"Qohumunun etdiyi yaxşılığa eynisiylə cavab verən onları qoruyub himayə etmiş sayılmaz. Qohumu himayə edib haqqına riayət edən adam özüylə əlaqəni kəsdikləri zaman belə, onlara yaxşılıq etməyə davam edəndir." (Buxari, Ədəb, 15; Əbu Davud, Zəkat, 45; Tirmizi, Birr, 10)

Bir səhabə fəzilətli əməllərin nə olduğunu soruşduqda Rəsulullah (s.ə.s) özüylə əlaqəni kəsən qohumlarıyla görüşməyə davam etməyin çox qiymətli davranışlardan biri olduğunu bəyan etmişdir.[2]

Allah-Təala sileyi-rəhmə riayət edən qullarını belə mədh etməkdədir:

“O kəslər ki, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri birləşdirir (qohumluq əlaqələrini qoruyub saxlayır, möminlərə hörmət edir), Rəbbindən və (qiyamət günü çəkiləcək) pis haqq-hesabdan qorxurlar.” (ər-Rad, 21)

Qohuma edilən infaq üçün həm sədəqə, həm də qohumu himayə etmə savabı vardır. (Tirmizi, Zəkat, 26)

Xülasə, insanın qohumlarına əhəmiyyət verməsi, onlarla maraqlanıb yardım etməsi Allahın və Peyğəmbərin üzərində çox dayandığı bir xüsusdur. Onlara edilə biləcək ən mühüm kömək isə daim haqqı və xeyri tövsiyə edərək mənəvi dünyalarını abad etməkdir. Daha sonra da maddi-mənəvi hər cür ehtiyaclarını ödəyərək, sevincli və kədərli anlarında yanlarında olmaq və zaman-zaman da ziyarətlərinə getməkdir.

Allah-Təalanın sileyi-rəhmi israrla əmr etməsində insanların bildiyi və bilmədiyi bir çox hikmətlər gizlidir. Bizim borcumuz Rəbbimizin əmrinə can-dildən itaət edərək qohumluq bağlarımızı qüvvətləndirmək və mükafatını da Ondan gözləməkdir.

 

 

[1] Bax. Loğman, 15.

[2] Bax. Əhməd, IV, 148, 158.


Osman Nuri Topbaş
Bu yazıya 1237 dəfə baxılıb.