Heydər Əliyev və din


Bu yazıya 2398 dəfə baxılıb.

Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra din sahəsində gərginliyin azaldılması, dini vəziyyətin yaxşılaşdırılması, dövlət-din münasibətlərinin tənzimlənməsi və radikal qruplaşmaların fəaliyyətinin qarşısının alınması istiqamətində mühüm tədbirlər həyata keçirildi.

Azərbaycanın tutduğu demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolu millətin özünü dərindən dərk etməsini tələb edir, milli özünüdərk isə millətin ictimai və dini fikrinə, adət-ənənələrinə müraciət edilməsini labüd edir.

1993-cü ildə Ümummilli liderimizin «Allahın yolunda hamımız hür olaq» adlı kitabı Azərbaycan və bir neçə xarici, o cümlədən ərəb dilində nəşr olundu.

1994-cü ilin iyul ayında müqəddəs «Məkkə və Mədinə»yə ümrə səfərinin yekunları bunu bir daha əməli surətdə təsdiq etdi. Ulu öndər həmin səfər zamanı müsəlman dünyasının dövlət başçıları, din xadimləri ilə görüşlər keçirdi. Həmin görüşlərdə Ümummilli liderimizin müsəlman ölkələrinin dövlət və din adamları ilə söhbətləri bir daha sübut edir ki, o, ümumbəşəri mənəvi dəyərlərin mühüm tərkib hisslərindən biri olan, Şərqdə sivilizasiyanın inkişafının, insan təfəkkürü və onun təkamülünün müəyyən mərhələsində meydana gələn planetar miqyaslı sosial, tarixi hadisə və fenomen sayılan İslam dini və dinin əsasını təşkil edən, təkcə müsəlmanların deyil, eyni zamanda bəşər övladının müqəddəs stolüstü kilabı statusunu alan Quran barədə çox qiymətli fikirlər söyləmişdir:

 «Qurani-Şərifin bizə verdiyi tövsiyələr, dərs, göstərdiyi yollar insanları paklığa, düzlüyə, doğruluğa, sədaqətə, qəhrəmanlığa, cəsarətə, cəsurluğa dəvət edən tələblərdir, tövsiyələrdir. Qurani-Kərimin bütün kəlamları bu gün Azərbaycanda Allahın yolu ilə getməyimiz üçün məşəldir.

“Biz azərbaycanlılar, bu, sonralar gələcək bütün nəsillərə də tövsiyə olunur heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacaq və bu mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi quracağıq». (Heydər Əliyev. Müstəqillik yolu. Bakı, 1997-ci il, səh. 81, 93).

Görkəmli dövlət xadimi İslam dininin mütərəqqiliyini qeyd edərək onun insanların mənəvi dünyasının paklanmasında rolunu yüksək qiymətləndirdiyini bəyan etdi: «Bizim dinimiz mütərəqqi dindir. Əsrlər boyu İslam dini özünün mütərəqqi olduğunu və eyni zamanda İslam dininə itaət edən adamların hamısına özünün nə qədər tərəqqipərvər və nə qədər dünyəvi əhəmiyyətli olduğunu sübut edir, müsəlmanlara daimi xoşbəxtlik bəxş edir. Bizim dinimiz müsəlmanları həyatlarında rast gəldiyi çətinliklərdən xilas etməyə, düşmənlərə qarşı mübarizədə qalib gəlməyə və özlərini, öz ölkələrini, öz dinini, öz peşəsini qoruyub saxlamağa həmişə yardım etmişdir. Heç şübhə yoxdur ki, İslam dini indiyə qədər olan tarixində dünyaya nümayiş etdirdiyi əzəmətini, qüdrətini bundan sonra daha da gücləndirəcək və bütün İslam dininə itaət edən adamların hamısını xoşbəxtliyə, səadətə gətirib çıxaracaqdır».

«İslam dini əsrlər boyu bizim mənəviyyatımızın əsasını təşkil etmiş, müsəlmanların dünyada layiqli yer tutmasını təmin etmişdir». (Heydər Əliyev)

«İslam sülh dinidir, mehribanlıq dinidir, dözümlülük dinidir, tolerantlıq dinidir». (İlham Əliyev)

Bütün bunları müdrik siyasi xadim kimi nəzərə alan Heydər Əliyev 5 sentyabr 1993-cü ildə Təzəpir məscidində Məhəmməd Peyğəmbərin mövludu münasibətilə keçirilən mərasimdə çıxış edərək demişdir: «Biz bir dövlət kimi Azərbaycan Respublikasında, müstəqil Azərbaycanda hər bir insanın sərbəst olaraq öz dini adət-ənənələrinə xidmət və onlardan istifadə etməsinə bütün imkanları yaradacağıq». Ulu Öndər bütün sonrakı dövr ərzində bu vədinə əməl etmiş, dinin, dini təsisatların və etiqadların müasir Azərbaycan cəmiyyətində oynadıqları rola diqqətini azaltmamışdır.

1996 və 1997-ci illərdə «Dini etiqad azadlığı haqqında» Azərbaycan Respublikası Qanunununa əlavə və dəyişikliklər edildi. Dövlət-din münasibətlərində yeni bir mərhələnin əsası qoyuldu, dövlətin din sahəsinə və dindarlara qayğısı artdı. Heydər Əliyev davamlı olaraq dövlətin din sahəsində siyasətinin əsas istiqamətləri barədə ardıcıl bəyanatlar verdi. Azərbaycanda dünyəvi dövlət quruculuğunun davam etdiriləcəyini, eyni zamanda dövlətin milli-mənəvi dəyərlərinin qorunmasına böyük önəm verəcəyini bildirdi: «Bizim dövlətimiz dünyəvi dövlətdir. Ancaq biz dindən ayrı deyilik».

8 aprel 1998-ci ildə Qurban bayramı münasibətilə Mir Möhsün Ağanın ziyarətgahında keçirilən bir görüşdə qeyd etmişdir ki: «İslam dini bizim doğma dinimizdir. Xalqımızın milli-mənəvi dəyərləri, dinimizin adət-ənənələri bizim sərvətimizdir. Bizim ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır».

1-2 oktyabr I998-ci ildə Bakıda keçirilən «Müasirlik və dini-mənəvi dəyərlər» adlı beynəlxalq konfransda Ümummilli Lider dünyəvi dövlətdə etiqad azadlığı prinsipini daha geniş açıqlayaraq demişdir ki: «Dövlətimiz insanlara bütün azadlıqları vermiş və vicdan azadlığını, din azadlığını öz siyasətinin əsas hissəsi hesab etmişdir. Azərbaycan Respublikasının Konstitusiyası (18, 48-ci maddələr) din və vicdan azadlığını təsbit etmiş, biz isə bir dövlət kimi bunun təmin olunmasının qarantıyıq. Bəli, ona görə də bizim dövlətimiz dünyəvi dövlətdir. Ancaq biz dindən ayrı deyilik».

Ulu Öndər dövlətin dini dəyərlərin qorunmasına xüsusi önəm verəcəyini bəyan etdi: «Biz heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacaq və bu mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi quracağıq». Azərbaycan xalqının öz adət-ənənələri, milli-mənəvi dəyərləri ilə fəxr etməsi barədə bəyanat verdi: «Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Bizim xalq yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir».

Görkəmli dövlət xadimi İslam dəyərlərini xalqımızın milli sərvəti kimi dəyərləndirdiyi barədə fikirlərini açıqladı: «Xalqımızın çoxminillik tarixi var və çox əsrlərdir ki, İslam dininə itaət edirik. İslam dini bizim doğma dinimizdir. Xalqımızın milli-mənəvi dəyərləri, dinimizin adət-ənənələri və dəyərləri  hamısı birlikdə bizim milli sərvətimizdir. Biz fəxr edə bilərik ki, xalqımız çox dəyanətli xalqdır və zaman-zaman, əsrlər boyu cürbəcür məhrumiyyətlərə məruz qalaraq bütün bu adət-ənənələri unutmayıb. Nə vaxt ki, rəsmi dairələr bunu qadağan edib, yaxud da buna mənfi münasibət göstərib, insanlar bunu qəlbində, öz ailəsində, evində yaşadıblar. Hətta bizim bəzi fədakar insanlar bu adət-ənənələrimizi yaşatdıqlarına görə çox əziyyətlər çəkiblər, bəzən də məhrumiyyətlərə, cəzalara məhkum olublar».

Heydər Əliyevdən gətirdiyimiz iqtibaslar onun xalqımızın ümumi və bəşəri dəyərlərə yiyələnməsində İslamın rolunu yüksək qiymətləndirdiyini göstərir.

Ulu Öndərin dövlət-din münasibətlərinin qanunçuluq bazasının yaradılmasında, bu normativ hüquqi sənədlərin ardıcıllıqla həyata keçirirlməsində, milli-mənəvi dəyərlərimizin qorunmasında və inkişafında misilsiz xidmətlər göstərdiyini nümayiş etdirir.

Möhtərəm prezidentimiz İlham Əliyev də, dövlət-din münasibətlərində yaranmış ənənəni uğurla davam etdirir.

 

 



Bu yazıya 2398 dəfə baxılıb.