Doğruluğun, dürüstlüyün sirləri


Mətanət Kərimova
Bu yazıya 1021 dəfə baxılıb.

  Allah Təala elçisi Məhəmmədə (Allahın salam və duası Ona, ailəsinə və bütün əshabına olsun) “istiqamət etməyi”, doğru-dürüst olmağı əmr etmiş və belə buyurmuşdur:

“(Ya Rəsulum!) Sənə əmr edildiyi kimi, düz (yolda) ol. Səninlə birlikdə iman gətirənlər  (tövbə edib ardınca gedənlər) də düz (yolda) olsunlar. (Allahın əmrlərini pozub) həddi aşmayın, çünki O sizin nə etdiklərinizi görəndir!” (Hud, 112). 
            İbn Abbas demişdir: “Rəsulullaha bu ayədən daha ağır gələn və daha şiddətli olanı nazil olmamışdır”. Ona görə Rəsulullaha səhabələri “Tez qocaldın (yaxud saçın tez ağardı mənasında)” deyəndə belə cavab vermişdi: “Hud surəsinin ayələri (yaxud Hud surəsi və ona bənzər digər surələr) məni qocaltdı”. 
            Peyğəmbərimiz (s.ə.s.) İslam şəxsiyyətinin əsasını və dürüstlüyün, doğru yolda olmağın əhəmiyyətini israrla bizlərə çatdırıb. Doğruluq, düzgünlük bütün dünya işlərində bəyənilir və uğur gətirir. İctimai əlaqələr, beynəlxalq əlaqələr, daxili əlaqələr və bütün işlərdə nizam intizamı qorumaq üçün ən yüksək dəyərləndirilən xüsusiyyət dürüstlükdür. 

O qədər insan var ki, müvəffəqiyyət, uğur və nailiyyətlər əldə etmək üçün Allah ona bir deyil, iki deyil, saysız-hesabsız nemət və imkanlar verib. Ancaq azğınlıq və əyrilik onlara qəlblərinin dərinliyinə getməyə, vicdanlarının səsini dinləməyə imkan verməyib. Müsəlman şəxsiyyətin dərinliklərində yaxşılıq və sükunət vardır ki, onu daim xeyir işə həvəsləndirir. Məhz azğınlıq və dürüst olmamaq Allahın verdiyi imkanların səhv istifadəsinə şərait yaradır, beləcə həm şəxsiyyətin, həm də cəmiyyətin inkişafına xələl gətirir. Biri var günah etmək biri də var, günahı gündəlik əxlaq normasına çevirmək. İkinci halda insan artıq hədəfini müəyyənləşdirməkdə də səhv edir, öz dəyərini də anlamır, özünə güvənini də itirir. 
İstiqamət, yəni doğruluq və dürüstlük bölünə bilinməyən bir məfhumdur. Dürüstlük bir bütövdür, nisbi olaraq az, ya da çox olmur. Ya vardır, ya yoxdur. Bu çox həssas mövzudur. Təbii ki, insan səhv edir, günaha batır, lakin bununla dürüst deyil deyə üzərindən xətt çəkilməməlidir. Sadəcə hər bir insan ürəyində düzgün olmaq istəyi, çalışqanlığı, yanğısı varsa, bunu çox yaxşı bilir. 

Bu gün bizim gündəlik əxlaqımızı təmir etməyə çox ehtiyacımız var. Doğru və dürüst olmaq üçün bu gün daha çox çalışmaq, daha çox fədəkarlıq etmək və yorulmaq lazımdır. Özümüzü içimizdən düzəltməliyik, içimizdə bir ciddiliyin əsasını qurmalıyıq. Ciddi ola bilmədiyimizdən çox irəliləyə bilmirik. Dəyişə bilmirik, dəyişməkdən qorxuruq deyə də çox ciddi ola bilmirik. Gözəl əxlaq sahibi və düzgün olmaq üçün, əslində, çox xüsusiyyətləri dəyişməyə ehtiyac yoxdur. Bir neçə gözəl xüsusiyyətlərə malik olan insan gözəl və dürüst olar. Amma bununla yanaşı o insan pis adətlərindən qurtulmağı da bacarmalıdır. Hamımız bilirik ki, bu, tez bir zamanda baş verə biləcək bir iş deyil,. Amma ən azından içimizdə bir niyyət və ciddilik olmalıdır. Ondan sonra da ildə bir-iki dənə pis adətimizə, yaxud alışdığımız günaha, yaxud da təkrarladığımız səhvə son qoyaraq yaşasaq, bir müddət sonra pis adətlərdən qurtulmuş, doğru-dürüst və ciddi bir şəxsiyyət olduğumuzu hiss edərik. Ən az 5 ilin içində insan bu minvalla sadə insanlardan fərqlənərək, yüksək məramlı, dəyərli və seçilmiş bir şəxsiyyət olacaqdır. 

Əyriliyimiz, azğınlığımız, etdiyimiz günahların çoxluğundan və təkrarlanmasındandır. O qədər çoxalıb ki, bizim əsasımızı təşkil edən torpağımızı bulandırıb. Problemlər kök atmış və diblərini bərkitməyə başlayır. Başımıza gələn çətinliklərimizə və bəlalarımıza diqqətlə nəzər salsaq görərik ki, əksəriyyətini bizim elə özümüzün təkrarladığımız səhvlərin ucbatındandır. İnsan düzəlmək istəmədikcə, getdiyi cığır darlaşır, qaranlıqlaşır və sonunda önü tutulur, geriyə isə yolu görə bilmir, zülmətin içində batıb qalır. Bunu isə bəzən çox gec dərk edir. 
            İstiqamətlə, doğru-dürüst olmağa çalışmaqla biz nəfsimizə kölə olmaqdan azad, mənliyimizi və şəxsiyyətimizi dürüst olmayan istək və arzuların əlindən çəkib götürə, iradəmizi yalançı inkişafın qandallarından qurtara bilərik. Dürüst olmağı bacardıqda daxili iztirablar, stresslər, depressiyalar, sıxıntılar, vicdan əzabından qurtula bilirik. Beləcə içimizdə bir rahatlıq, sükunət və etdiyimizin doğru olduğuna görə arxayınlıq duyğuları oyanar. Bu da sonunda insana elə bir səadət və xoşbətlik hissləri verər ki, nə halda olursa-olsun insanın sevincini və rahatlığını təsvir etmək qeyri-mümkündür. Doğru-dürüst yaşayan insanın xoşbəxtlik və arxayınlıq duyğularını ifadələrlə çatdırmaq çox çətindir. 
            Sürətlə dəyişən modern əsrdə insan cövhərini necə qorusun, qəlbinin nizam-intizamını necə qursun, həyatını dürüstlük uğrunda necə nizamlasın? Bunun üçün bir dəyişmə və hərəkətə keçmə nöqtəsi olmalıdır. O nöqtəni təyin etdiksə, zamanını da müəyyənləşdirmək lazımdır. Zamanını isə gecikdirmək olmaz. Uzatdıqsa, hər an peşman ola bilərik.


Mətanət Kərimova
Bu yazıya 1021 dəfə baxılıb.