İxlas


Leyla Kərim
Bu yazıya 918 dəfə baxılıb.

Allah Rəsulu (s.ə.s) buyurmuşdur: “Əməllər niyətlərə görədir”. (Buxari, İman, 41; Müslim, İmarə, 155)

Ey İxlas! Sənin olduğun yerdə heç bir şey əksik deyil. Başda ibadətlər olmaq üzərə bütün xeyirli əməllərin, Allah rızası üçün edilməsi əsasdır. Bu da ixlasla mümkündür. Belə ki, Allah qatında əməllərin qəbulunun əsas şərti də ixlasdır.

İxlas, əməllərin riyadan, göstərişdən və bütün mənəvi çirklərdən təmizlənməsidır. İxlas, Allahın qəzəblənməsinə səbəb olan hər şeyi həyatımızdan silib atmaqdır. İxlas, həqiqəti tapmamızda böyük rol oynayan, rızaya çatdıran, ilahi lütfə qovuşduran bir vəsfdir. Bununla əlaqəli yaşanmış bir hadisəni sizlərlə paylaşmaq istərdim.

Rəsulullah (s.ə.s)in: “Evlənin, çoxalın, çünkü mən ümmətimin çoxluğu ilə öyünürəm” (Nikah, 1) hədisini müsəlmanlar digər hədislər kimi həyata keçirirlər. Fəqət övlad nəsib olmayan ailələrimiz də az deyil. Elə bu ailələrdən biri də, üç ildir ki, evli olmaqlarına baxmayaraq övlad sahibi olmamışdılar. Təslimiyyətlə, səbrlə, dua edərək gözləyirdilər. Ta ki, iki qab mürəbbənin ixlasla və Allah rızası üçün verilən zamana qədər... Necə? Hadisə belə baş verir:

Başqa bir məmləkətdən alış-veriş edərək pul qazanmaq  üçün gələn bir ailə övladı olmayan gəlinin anasıgilə mallarını satmağa gəlir və razılaşdıqdan sonra mallarını satır. Satıcı qadın öz qızının yaxın zamanda övlad sahibi olacağını və ondan mürəbbə gətirməsini söyləyir. Ancaq qadının o mürəbbəni almağa imkanı olmur. Bu vəziyyətdən xəbər alan gəlinin anası Allah rızası üçün ona istədiyi mürəbbəni verir və: “Ya Rəbbim, bu mürəbbələri sənin rızan üçün, qarşılıq gözləmədən verirəm. Mənim də qızıma övlad nəsib eylə!” deyə dua edir.

Ananın səmimiyyətlə, ixlasla etdiyi əməl və dua nəticəsində, yaxın bir vaxtda nənə olacağının xəbərini alır. Rəbbinə hər dəqiqə, hər an şükür edir.

Bəli, ixlasla edilən duanın, ixlasla edilən əməlin qarşılığını Uca Allah hər zaman verir. Lakin insanlar çox zaman ixlasla etdiyi əməlin qarşılığını gördükdən sonra nəfsinə uyar və özlərinin qazandıqlarını irəli sürərlər. Niyyətin sonuna qədər təmiz olması lazımdır.

İnsan əməlində ixlaslı olarsa, Allahın izniylə aşa bilməyəcəyi bir sədd yoxdur. Belə ki, Peyğəmbərimiz (s.ə.s.)in dövründə Bədir döyüşündə səhabələr ixlaslarından dönmədilər və 313 nəfərlik orduyla min nəfərlik orduya qalib gəldilər. Buna imanı olmayan birinə görə inanmaq çox çətindir, amma bir də bu hadisəyə iman və ixlas pəncərəsindən baxarsa, hər şey daha fərqli olar. Etdiyimiz əməllər ixlasımız dərəcəsində dəyərlidir. İxlasla edilən əməl az da olsa, sahibinin qurtuluşuna yetərlidir.

Həyatının hər səhifəsində ixlaslı olmaqla bizə nümunə olan Rəsulullah: “Dinində ixlaslı ol! Belə etsən, az əməl belə, sənə kömök edər” buyurmuşdur. (Hakim, 4, 341)

İxlas İlahi diqqət cəlb edər.

Bişri Hafi Həzrətləri əvvəllər sərxoş birisi ikən Uca Rəbbimizin adını yüksəklərə qaldırdı və o dərəcədən Allah dostu səviyyəsinə yüksəldi. O, bu əməli  ixlasla etdiyi üçün Uca Allahdan nəsibini alan mübarək qullardan oldu.

İxlas, çətin əldə edilən və çətin mühafizə edilən cövhərdir.  İxlas, qulu dünyada və axirətdə yüksək mərtəbələrə qaldıran və Allaha yaxınlaşdıran ülvi bir yolçuluqdur. Uca Allah ixlasla edilməyən əməlləri qəbul etməz. Əməllər ixlasla olarsa, Allah Təala bərəkət lütf edər, qulunun azını çox, ömrünü uzun və feyzini daimi edər.

Bir gün Peyğəmbər (s.ə.s.)dən:

“- Ey Allahın Rəsulu, qiyamət günü Allahı görə biləcəyikmi?” deyə soruşdular.

Peyğəmbərimiz (s.ə.s.):

“- Buludsuz bir gündə, günorta vaxtı, günəşi görə bilmək üçün çətinlik çəkirsinizmi?” deyə soruşdu.

Səhabələr:

“- Xeyr!” dedilər.

Peyğəmbərimiz (s.ə.s.):

“- Buludsuz bir gecədə ayı görə bilmək üçün bir-birinizi itələyirsinizmi?” deyə təkrar soruşdu.

Səhabələr:

“- Xeyr, ya Rəsulallah” deyincə:Peyğəmbərimiz (s.ə.s.) belə buyurdu:

“- Nəfsim qüdrət əlində olan Allaha and olsun ki, Rəbbimizi görmə xüsusunda da heç bir çətinlik olmayacaq. Eyniylə günəş və ayı görməkdə çətinlik olmadığı kimi. Beləcə qul Rəbbi ilə qarşı-qarşıya gələcək”.

Allah Təala bu zaman verdiyi bütün nemətlərin hesabını soruşacaq. İnsan susacaq və bütün bədən üzvləri danışacaq. Bütün üzvlərin və yer üzünün şahidlik edəcəyi bir məhkəmədə qul günahlarını necə gizləyə bilər ki? Buna görə də həyatımızı ixlaslı yaşamağımız lazımdır.

Ya Rəbbi! Bizə rızanı qazanacaq, qəzəbindən uzaq olacaq və Rəsulunu məmnun edəcək ixlas nəsib et ki, qiyamət günü önündə boynumuz bükülməsin. Amin!

 


Leyla Kərim
Bu yazıya 918 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.