Mobil telefondan istifadə orqanizmə ziyandır


Fatimə Qəhrəmanova
Bu yazıya 995 dəfə baxılıb.

Sağlamlıq Allah tərəfindən insana bəxş olunan ən gözəl nemətlərdən biridir. Allahın verdiyi bu nemətə şükür edərək yaşamaq, sağlamlığı qoruyub saxlamaq və ziyanverici təsirlərdən kənar durmaq ömrü uzun edər. Sağlamlığını itirən insanlar hər zaman sağlam günlərinin həsrətini çəkərlər. “Kaş ki, vaxtında sağlamlığımın qeydinə qalardım  və indi çəkdiyim əziyyətlər olmazdı” deyərlər. Öncədən nəticəsi düşünülməyən hallar sonradan peşmançılıq hissləri oyadar.

Yaşadığımız həyatda insan sağlamlığına ziyan gətirən yad təsirlər çoxdur. Onların   bəlkə də əksəriyyətindən xəbərimiz belə yoxdur. Bir çox insanlar daimi istifadə etdiyi əşyanın  sağlamlıqlarına nə dərəcədə təsir edib və ya etmədiyinin fərqində belə deyildirlər. Bunlar sırasında mobil telefon kütləvi insan istifadəsinə yönələn əşyalardan ən başlıcasıdır.

Bu gün mobil telefondan istifadə etməyən insana çox az rast gəlmək olur. Hətta bir insanın eyni vaxtda bir neçə telefon istifadə etdiyinin də şahidi çox oluruq. Yolda, nəqliyyatda gedərkən  əksər insanların əlində telefon görürük. Bəs, görəsən, insanlar mobil telefondan çox istifadənin sağlamlığa nə qədər ziyan vurduğundan xəbərdardırmı?  Məktəbə  gedən uşaqların əlinə mobil telefon verən valideynlər çox zaman qurğunun uşağa ziyanından az düşünür. “Uşağım başqa uşaqlardan geri qalmasın” deyib hətta digərlərində olan telefondan ən yaxşısını almağa çalışarkən onun ziyanlı tərəfləri haqqında düşünmürlər. Birinci sinifdən başlayaraq indi əksər azyaşlıların mobil telefondan istifadə etdiyini görürük. Mobil telefonun yalnız bir müsbət tərəfini qeyd etmək lazımdır ki, uşaq məktəbə gedib- gələrkən, orda olduğu zaman valideyn uşaqla əlaqə saxlaya bilir və onun məktəbdə olduğuna əmin ola bilir. Bu valideynin rahatlığı üçün bir tərəfdən yaxşı vasitədir. Lakin məktəb daxilində olan müddətdə müəllimlər tərəfindən şagirdlərə mobil telefonu söndürüb və dərsdən çıxana qədər istifadə edilməsi qadağan olunsa, şagirdlər gün ərzində daha az mobil telefonla təmasda olar və daha az sağlamlıqlarına ziyan yetirərlər.

Tədqiqatlara əsasən on il ərzində gün içində 30 dəqiqədən çox mobil telefondan mütəmadi olaraq istifadə etmək eşitmə sinirinin  xəstəliyi riskini artırır. Cib telefonundan çox istifadə insanın dirsək və biləklərində sinir sıxışmasının yaranmasına səbəb olur. Nəticədə, toxuma pozulmalarına, keyləşməyə gətirib çıxarır.

 Tədqiqatçılar valideynlərə azyaşlıların mobil telefondan istifadəsini məhdudlaşdırmağı, və yatarkən aparatı yastığın altına qoymamağı məsləhət görür. Çünki uşaqların hələ inkişafda olan beyni patalogiyalara daha çox meyilli olur.  Həm böyüklərə, həm də kiçiklərə məsləhətdir ki, mobil telefonu mümkün qədər baş və bədən nahiyəsindən kənarda saxlasınlar. ABŞ-da aparılan tədqiqatlara əsasən bu da müəyyən edilib ki, hamiləlik dövründə mobil telefondan çox istifadə dölün beyin inkişafına mənfi təsir göstərir.

Odur ki, sağlam cəmiyyətin formalaşmasının başlıca özülü sağlamlığını düşünən insandır.


Fatimə Qəhrəmanova
Bu yazıya 995 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.