Kiçik çiyələyin böyük xeyri


Kəmalə Hüseynova
Bu yazıya 1440 dəfə baxılıb.

Baharın ilk müjdəsi çiyələk respublikamızın demək olar ki, əksər zonalarında – Quba, Qusar, Xaçmaz, Daşkəsən, Xanlar, Gəncə, Şuşa, Kəlbəcər, Şəki, Zaqatala, Lənkəran rayonlarında geniş yayılıb.

Çiyələk – gülçiçəkkimilər fəsiləsinə aid bitki cinsidir. Əsasən yabanı halda bitir və becərilir. Onu istixanalarda və bağlarda da əkib yetişdirirlər. Çiyələkdən xalq təbabətində hələ qədimdən geniş istifadə edilir.

 Sən demə çiyələk min bir dərdin dərmanıdır. Onlar hansılardır? Biz sadalayırıq, siz yadda saxlayın. 

1. İnsanı stersdən çıxardır, hirsi soyudur. Əsəbi çəkib aparır. 

2. İnsana xoş əhval-ruhiyyə bəxş edir. Ovqatı yaxşılaşdırır. 

3. Neqativ emosiyalardan uzaqlaşdırır. 

4. Beyin hüceyrələrin inkişafına kömək edir. 

5. Yaddaşı itməyə qoymur, düşünməyə, fikirləşməyə kömək edir, fantaziyanı genişləndirir. 

6. Qanı təmizləyir. Maddələr mübadiləsinə kömək edir. 

7. Müxtəlif xəstəliklərin  qarşısını alır. Ürək döyüntülərinin ahənginə kömək edir. 

8. İmmuniteti artırır. 

9. Baş və diş ağrısını aparır.

10. Soyuqdəymənin və ən əsas isə qripin qarşısını alır. Diabet xəstələrinin stolüstü dərmanıdır. Adamı artıq çəkidən azad edir

Daha nələr, nələr. Bunun üçün deyiblər bapbalaca boyu var, dam dolusu toyu var.

Ancaq çox güclü qida olduğu üçün bəzən allergiyaya səbəb olur.  Çox yemək olmaz, gündə 150 qram yemək kifayətdir.

Çiyələyin insanı valeh edən ətri var. Bu onun tərkibinin üzvi turşular, efir yağları, vitaminlər, xüsusilə C vitamini ilə zəngin olmasından irəli gəlir. Çiyələyin yarpaqlarında C vitamini daha çoxdur, habelə karotin, efir yağı, aşı maddələri, üzvi turşular, manqan və digər faydalı inqredientlər kifayət qədərdir. Çiyələyin qurudulmuş meyvələrindən və yarpaqlarından çay hazırlayıb yel xəstəliyi və podaqra xəstəliklərinə qarşı içirlər. Bu məqsədlə qurudulmuş meyvələri və yarpaqları ayrı-ayrılıqda xırdalayıb qarışdırır, sonra ondan 2 xörək qaşığı 1 stəkan qaynar suda çay kimi dəmləyib gündə 2 dəfə, hər dəfə də yarım stəkan qəbul edirlər.

Çiyələyin qurudulmuş meyvələrindən ətrinə görə əsl çaydan geri qalmayan özünəməxsus çay dəmləyir və ümumi möhkəmləndirmə vasitəsi kimi içirlər. Təzə dərilmiş çiyələk meyvələrinin şərbətindən son dərəcə faydalı dietik vasitə kimi istifadə olunur. Həmçinin, şəkərlə çiyələkdən dadlı və ləzzətli mürəbbə, cem və kompot hazırlanır. 500 qram çiyələyin üstünə 300 qram xama və ürəyiniz istədiyi qədər şəkər tozu töküb xamalı çiyələk düzəldə bilərsiniz. Çiyələkli süd hazırlamaq üçün isə bir stəkan əzilmiş çiyələk, stəkanın dörddə üçü qədər süd, bir çay qaşığı şəkər tozu və azacıq duz götürün, hamısını qarışdırıb çalın, alınmış içkini soyudub süfrəyə qoyun.

            Çiyələyin meyvələri hər yaşda olan adam üçün xeyirlidir. Ələlxüsus, uşaqlar üçün. Onlar çiyələyi südlə və ya xama ilə, habelə, kompot şəklində qəbul etsələr daha yaxşıdır.

            Meşə çiyələyinin qurudulmuş meyvələrinin və yarpaqlarının şirəsi öd daşı və böyrək daşı xəstəlikləri, podaqra, uşaqlıq qanaxmaları, sinqa və digər avitaminoz xəstəlikləri zamanı tətbiq edilir. Çiyələk şəkər, raxit, dəri xəstəliklərinin müalicəsində çox xeyirlidir. Çiyələyin qurudulmuş yarpaqlarını moruq meyvəsi ilə birlikdə, həmçinin, qurudulmuş meyvələrini və yarpaqlarını ayrıca dəmləyib soyuqdəymə, ürək döyüntüsü, öd kisəsi, böyrək, yel xəstəliklərinə qarşı dərman kimi içirlər. Çiyələk qanazlığında və ümumi zəiflikdə, eləcə də ağ ciyər xəstəliklərində qüvvətverici kimi olduqca faydalıdır, eyni zamanda orqanizmdə maddələr mübadiləsini yaxşılaşdırır, həzmetməni asanlaşdırır, qara ciyərin və öd kisəsinin iltihabını aradan qaldırır.

Çiyələk gözəllik qaynağıdır: Üz və boyunda qırışan qisimlərə sürtülən çiyələk losyonu, təzəlik və çəhrayı bir rəng təmin edər.

Çiyələk losyonu:

Bunun üçün 5-6 dənə çiyələk bezdə sıxılır. Bir yumurta ağı çırpılaraq əlavə olunur və təkrar çırpılır və 20 damcı gülsuyu əlavə edilir. Hazırlanan losyon tampon edilərək boyuna sürtülür. Bir saat gözlənildikdən sonra içinə 15 qr yemək sodası qoyulmuş 1 litr ilıq su ilə üz və boynunuzu silin.

 

Çiyələk piroqu

 

Tərkibi:

 

200 qr kərə yağı

390 qr un

1 yumurta

100 qr şəkər

1 ç.q. vanil

0,5 ç.q. xəmir qabardıcı

 

Üzəri üçün:

 

200 qr xama

3 yumurta

150 qr şəkər

250 qr çiyələk

50 qr badam və ya fındıq

1 ç.q. vanil

 

Hazırlanması:

 

Xəmiri yoğurmaq üçün yumşalmış kərə yağı ilə şəkər çırpılır, üzərinə yumurta, xəmir qabardıcı, vanil və un əlavə edib qarışdırılır.

Xəmirin  yumşaq olması lazımdır ki, sonradan ona forma vermək mümkün olsun.

Xəmiri bişirəcəyəniz soba listinə qoyun.Yaxşı olar ki, yapışmaması üçün teflon qab olsun. Bu olmasa, altını yaxşıca yağlayın.

Xəmirə istədiyiniz formanı verdikdən sonra onu 15 dəqiqəlik soyuducuya qoyun.

Xama yumurtalarla qarışdırılır, şəkər, vanil əlavə olunur. Yarıya bölünmüş çiyələkləri xəmirin üzərinə düzün. Hazırladığınız xamalı qarışımı üzərinə tökün.doğranmış badam və ya fındıqla bəzəyin. 200 dərəcə temperaturda 30 dəqiqə bişirilir.

Nuş olsun!

 

Çiyələk kokteyli.

 

Tərkibi:

400 qr. çiyələk

1 çay fincanı soyuq süd

300 qr. vanilli dondurma

1 yemək qaşığı şəkər

1 paket vanil

 

Hazırlanması:

Çiyələk, şəkər tozu və vanili blenderdən keçirdib püre halına gətirin, daha sonra süd və dondurmanı əlavə edərək təkrar qarışdırın.

 Qarışımı stəkanlara paylaşdırıb üzərini istədiyiniz kimi bəzəyərək süfrəyə verin.

 

Çiyələk alarkən canlı, qırmızı rəngli və ləkəsiz olanları seçin. Alan kimi saxlamadan istifadə edin. Soyuducuda 1-2 gün saxlayacaqsınızsa, saplaqlarını qoparmayın və yumadan geniş bir qaba qoyun. Çiyələk haqqında bu qədər. Ümid edirik ki, yazdıqlarımızdan faydalanacaqsınız.

 

 

 


Kəmalə Hüseynova
Bu yazıya 1440 dəfə baxılıb.