Onları tanıyırsınızmı? Onlar Afrikada yaşayır.


Gülnarə Seyidova
Bu yazıya 1247 dəfə baxılıb.

Afrika sahəsinə görə Avrasiyadan sonra ikinci materik olub adalarla 30.3, adalarsız 29.2 milyon km²-dir. Afrika sözü materikin şimal-şərqində yaşamış "afriqi" tayfasından götürülüb. Ən isti materik olub, dünyanın ən uzun çayı, ən uzun şirinsulu gölü, şərq yarımkürəsinin ən bol sulu çayı, quruda yer qabığının ən uzun çatı, dünyanın ən isti nöqtəsi, dünyanın ən quraq nöqtələrindən biri, ən böyük quraq təbii kompleksi, ən geniş savannası bu materikdədir. Bütün bu “ən”lərin yanındə dünyanın ən yoxsul insanlarının da burada yaşadığını qeyd etmək yalnış olmazdı. Afrika qitəsi insan cəmiyyətinin beşiyi hesab edilir. Burada ən qədim insanların qalıqları tapılıb. Afrikanın əhalisi 720 milyon nəfərdən çoxdur. Şimal tərəfdə Avropoid irqinə aid olan ərəblər və bərbərlər, neqroid irqinə aid olan zəncilər, Madaqaskar adasında isə monqoloid irqinə aid olan malaqasilər yaşayır. Afrikanın digər yerli xalqlarına bantular, ximilər, tutsilər, piqmeylər, nilotlar, buşmenlər, qotentotlar aiddir. Materikin şimalında Fransızlar, cənubunda isə İngilis və Hollandlar yaşayır ki, bunlara burlar deyilir. Afrika uzun illər müstəmləkə qitəsi olmuşdur.

Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı olsa da, burada daim ərzaq çatışmazlığı mövcuddur. Kənd təsərrüfatı istehsalının artım sürəti çox aşağıdır - 80-ci illərdə 1,9%, 2000-ci illərdə 1,5% təşkil etmişdir. Bu isə əhalinin artım sürətindən xeyli aşağıdır. BMT-nin məlumatına görə həmin ərazidə yaxın 15 ildə taxıl çatışmazlığı 50 mln. tondan artıq olacaqdır.

Afrikanın kənd təsərrüfatı patriarxal icma, feodal və xırda əmtəə təsərrüfatına əsaslanır. İstifadə edilən torpaq sahəsinin 90%-ə qədəri əl alətləri ilə becərilir. Əkinçilik primitiv aqrotexniki metodlara əsaslanır. Demək olar ki, suvarılan sahə yoxdur. Beləliklə, kənd təsərrüfatı demək olar ki, təbiətdən asılı vəziyyətdə qalır.

Materikin şimal və qərb hissəsində çökmə süxurlar geniş yayıldığına görə burada neft və təbii qaz ehtiyatları vardır. Ən böyük neft ehtiyatları şimali Afrikada (Misir, Əlcəzair, Liviya) və Qvineya körfəzinin sahilindədir (Qabon, Nigeriya). Cənub və şərq hissədə maqmatik və metamorfik süxurlar geniş yayıldığına görə burada filiz faydalı

qazıntılar çoxdur. Dünyanın "mis qurşağı" mərkəzi Afrikada Zair və Zambiya ərazisindədir. Burada zəngin sink, qalay, uran, boksit yataqları da vardır. Cənubi Afrikada almaz, qızıl, daş-kömür ehtiyatları çoxdur. Onu da qeyd edək ki, dünyada mövcud olan ən zəngin qızıl və almaz yataqları Afrikada yerləşir.

Yəqin bu faktlar sizə də maraqlı görünür. Dünyanın ən zəngin faydalı qazıntıları olan bir bölgə nəyə görə bu qədər yoxsuldur. Gəlin elə bu haqda danışaq.

Qara bəxtli Afrikanın istər əhalisi, istərsə də ərazisi daim Qərb ölkələri tərəfindən soyulmuşdur. Amerikanın kəşfindən sonra Qərbin qəddar mülkədarları oradakı saraylarında işlətmək üçün Afrikadan apardıqları insanların 1milyondan çoxunu okean sularında batırdı. Ancaq qalanlarını Amerikaya aparmağa müvəffəq oldular. Amerikaya aparılan Afrikalı zəncilər yüz illərlə orada heyvandan da aşağı münasibət görərək, qula çevrildilər. Avropalı işbazlar onları qul kimi sataraq böyük bir biznez qurdular. İllər boyu davam edən bu ticarətdən böyük məbləğdə pullar qazandılar. Belə ki, bu gün Avropanın ən böyük bank və sığorta şirkətlərinin bəziləri ilk sərmayələrini kölə ticarətindən əldə ediblər. Daha sonralar Afrikanın təbii sərvətlərini kəşf edən Avropalılar, yerli əhalinin sərvətini talamaqda elə onların özlərini qul kimi işlətdilər. Elə bu günümüzdə də Afrikada yerin cəmi bir neçə metr dərinliyində dünyada çox bahalı hesab olunan daşlar vardır ki, bunları Avropalı işbazlar çox ucuz qiymətə, hətta bəzən bir dəfəlik yemək əvəzinə əldə edirlər. Halbuki bu çox zaman da onların canları bahasına əldə olunur.

Qərblilər afrikalıların maddi sərvətlərini soymaqla kifayətlənməyərək, onların əlində olan ən dəyərli dinlərini də əllərindən aldılar. Bir Afrikalı liderin sözləri onların yaxın tarixini çox gözəl ifadə edir: “Qərblilər gəldiyi zaman əllərində incil, bizim əlimizdə isə torpaqlarımız vardı, bizə gözlərimizi yumub dua etməyi öyrətdilər. Gözümüzü açdığımız zaman, bizim əlimizdə incil, onların əlində torpaqlarımız vardı”. XX əsrin əvvəllərində 300 milyon olan Afrika əhalisinin 55%-dən çoxu Müsəlman, təxminən 10 milyonu Xristian, qalan hissəsi isə yerli dinlərə mənsub idi. Bu gün bu rəqəmlər ciddi misionerlik fəaliyyətləri nəticəsində, təmamilə, tərsinə olmuşdur. Burada insanların ac mədələrinə gedən hər loğmanın dini dəyişdirmək vasitəsinə çevirdilər.

Bütün bunların baş verməsində bir az da dünya müsəlmanlarının da rolu var. Çünki onlar vaxtında Afrikadakı qardaşlarımıza yardım etsəydilər, bu gün onların

vəziyyəti bu qədər acınacaqlı olmazdı. Əslində hər birimiz Afrikalı qardaş və bacılarımızın yardımına qaçaraq, gücümüz çatandan, az ya çox yardım etsək onlar da bu böhrandan xeyirlisi ilə çıxarlar. Gəlin yardım etməkdən qorxmayaq. Onsuz da bizim bu gün etdiyimiz hər əməl sabah bizə qaytarılacaq. Ona görə da yaxşılıq edək ki, yaxşılıq görək.


Gülnarə Seyidova
Bu yazıya 1247 dəfə baxılıb.