Hər kəs sabah axirət üçün nə hazırladığına baxsın!


Samirə Mahmudova
Bu yazıya 917 dəfə baxılıb.

İnsanı bir bədən və ruhdan yaradan, onu üstün məziyyətlərlə dünya deyilən imtahan məkanına göndərən Allah ona bir sıra məsuliyyətlər yükləmişdir. Yaradılışın qayə və məqsədini bilən, ona verilən nemət və lütfün qədrini bilər və layiqincə həyata keçirməyə çalışar. Özünü tanımayan yaradılışın məqsədini unudan insan isə ona verilən bu ilahi lütüflərı görməməzlikdən gələrək haqqı olduğunu düşünər, beləliklə də, Allahın rəhmət və mərhəmətindən uzaq düşər. Hər yaradılan insan Allah qatında müxtəlif çətinliklər və sıxıntılarla qarşılaşdığı kimi digərlərindən fərqli nemət və lütflərə da nail olur. Uca Yaradan bir insanın həyatını digərinə bağlayaraq ikisini də nemətlərə qərq edir. Müsibətlərlə üzləşən insana bir qardaşını göndərərək onun çətinliyini din qardaşının əli ilə ortadan qaldırır. Din qardaşı da elədiyi yaxşılıq sayəsində Allah Təalanın ilahi nemətlərinə nail olur.

Allah Sübhanəhu və Təala yaratdığı bəndələri daima yaxşı və xeyirxah işlər görməyə təşviq edərək belə buyurur:

“ Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə yardım etməyin”. (əl-Maidə, 2)

Ayədən də göründüyü kimi mömin bəndələr daima bir-birinə xeyir işlər görməkdə və pis işlərdən çəkinməkdə yardım edərlər. Onun şər işlərində ona ağıllı məsləhətlər verərək yolundan çəkindirər, yaxşı işlərində daima onun yanında olarlar. Rəsulullah (s.ə.s.) bir gün səhabələrinə belə deyir:

“- Mömin qardaşınıza zalım da olsa, məzlum da olsa kömək edin!” Əshabdan biri soruşur:

“-Ya Rəsulallah! Məzlumu anladıq. Zalımın nəyinə yardım edək?” Rəsulullah (s.ə.s.) belə qarşılıq verir:

“- Onu zülmdən çəkindirərək zülm etməsinə mane olarsan. Şübhəsiz ki, bu, ona kömək etməkdir”. (Buxari, Məzalim, 4).

Rəsulullah (s.ə.s.) daima səhabələrini yardım etməyə sövq edər, özü də bu əməlin nümunəsini həyatının əsas hissəsindən sayardı. Bu ədəb və əxlaqla yetişən səhabə də o mübarək insanın izindən ayrılmamışdır. Cərir b. Abdullah (r.a.) belə rəvayət edir:

“Bir gün səhər erkən vaxtlarda Peyğəmbərin (s.ə.s.) yanında idik. Elə bu vaxt Mudar qəbiləsindən qılınclarını quşanmış, pərişan bir halda bir qrup insan gəldi. Gələnlərin əynində aslan dərisinə bənzəyən zolaqlı, sadə bir əba var idi. Bu əbanı deşərək başlarından keçirmişdilər. Əyinlərində bundan başqa heç nə yox idi. Onları bu səfil vəziyyətdə görən Rəsulullahın (s.ə.s.) üzünün rəngi dəyişdi. Bilalı (r.a.) çağırıb azan oxumasını əmr etdi. Bilal (r.a.) azanı oxuduqdan sonra iqamə oxudu və Rəsulullah (s.ə.s.) namaz qıldırdı. Namazdan sonra üzünü camaata tutub dedi:

“ Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə etdiyinə (axirət üçün nə hazırladığına) nəzər salsın”. (əl-Həşr, 18)

Sonra da :

“- Hər kəs qızılından, gümüşündən, geyimlərindən, bir qab belə olsa buğdasından və xurmasından sədəqə versin. Hətta yarım xurma ilə də olsa sədəqə verin!”- buyurdu. Bu xütbədən sonra biri zorla qaldırdığı, daşımaqda çətinlik çəkdiyi bir torba gətirdi. Camaat bir-birinin ardınca sıraya düzüldü və axırda ərzaq və geyimlərdən iki yığın meydana gəldi. Baxdım ki, Rəsulullahın (s.ə.s.) üzü gülür, sanki günəş kimi parıldayırdı. (Müslim, Zəkat, 69)

Halbuki indiki zəmanəmizə baxdığımızda insanların ancaq özləri üçün çalışdıqları, qonşusundan qohumundan xəbərsiz olmaları xeyir işlər görmələrinə mane olmuş, Allahı unutduqları üçün də Allah rizasına edilən işlər də yadırğanmışdır. Belə ki, birinə təmənnasız bir yaxşılıq etdikdə bu hadisə onlara qəribə gəlmiş və bunda nəsə bir marağı olub – olmadığını araşdırmağa başlamışlar. Bütün bunlar hamısı insanın uca yaradanını unutmasına və özünün də Allah tərəfindən unudulmasına gətirib çıxarmışdır. Bu Quran ayəsi deyilənləri təsdiq edici mahiyyətdədir:

“Allahı unudan və buna görə də Allahın da onlara öz nəfislərini unutdurduğu insanlar kimi olmayın! Onlar yollarını azan kimsələrdir”. (əl-Həşr, 19)

Bu kimi insanlardan olmamaq duası ilə Allah hamımızı rəhmət və mərhəmət qanadına alsın və bilməyərək etdiyimiz günahlardan bizləri qorusun! Amin!


Samirə Mahmudova
Bu yazıya 917 dəfə baxılıb.