ÜÇ AYLAR və dəyərləndirmə yolları


Fatimə Zəhra
Bu yazıya 978 dəfə baxılıb.

ALLAH Təala, məkanlar içində müqəddəs məkanlar; zamanlar içində də müqəddəs zamanlar yaratmışdır. Həftənin günlərindən Cümə; qəməri aylardan olan və İslam aləmində "Üç aylar" kimi bilinən: Rəcəb, Şaban və Ramazan ayları feyz və bərəkəti bol zaman dilimlərindəndir.

Üç ayların bir vacib xüsusiyyəti də beş mübarək qəndil gecəsindən dördünün bu ayların içində olmasıdır. Rəqaib gecəsi, Rəcəb ayının ilk cümə gecəsinə, Merac gecəsi, Rəcəb ayının iyirmi yeddinci gecəsinə, Bərat gecəsi, Şaban ayının on beşinci gecəsinə, Qədir gecəsi isə Ramazan ayının iyirmi yeddinci gecəsinə təsadüf edir.

Rəsulullah (s.ə.s.) bir hədisi-şərifində; "Rəcəb Allahın ayı, Şaban mənim ayım və Ramazan ümmətimin ayıdır" buyurmuşdur.

Rəcəb ayının başlanğıcında Peyğəmbərimiz belə dua edərdi:

“Ey Allahım! Rəcəb və Şabanı bizə mübarək qıl, bizi Ramazana qovuşdur”. (Əhməd b. Hanbəl)

Rəcəb və Şaban ayları, rəhmət ayı olan Ramazanı qarşılayan aylar olub Ramazan ayının müjdəçisidir. Bu səbəbdən, xüsusilə bu aylarda bol-bol istiğfar etmək, namaz qılmaq, oruc tutmaq, Quran oxumaq və dua etmək lazımdır. Şübhəsiz bu aylar, dünyanın ağır işləri ilə məşğul olan ruhlarımızı dinləndirmək və qulluq şüuru içində Uca Allahın rəhmət və mərhəmətinə sığınmaq üçün çox qiymətli fürsətlərdir. Uca Allaha bu aylarda ediləcək yalvarışlar, tövbə və istiğfarlar, sədəqəyi-cariyə olacaq yaxşılıq və xeyirlər, könüldən paylaşılan sevinc və kədərlərin mükafatı insanlara artıqlaması ilə veriləcəkdir.

Üç aylarda, əfv və bağışlanmağa nail olmaq, savab qazanmaq, mənəvi olaraq tərəqqi etmək, bəla və müsibətlərdən qurtulmaq və İlahinin rizasına çatmaq üçün edilə biləcək vacib bir sıra işlər vardır ki, bunlardan bəzilərini yenidən xatırlamaqda fayda vardır:

1. Bu mübarək aylarda günahlara səmimi olaraq tövbə və istiğfar edilməli; keçmişə nəzər salınmalı; daim zikirlər edilməlidir.

2. Qurani-Kərim oxunmalı; oxuyanlar dinlənməli; uyğun məkanlarda Quran ziyafətləri verilməli; üzərində çalışılmalı və Kəlamullaha olan sevgi, hörmət və bağlılıq duyğuları yenilənməli, qüvvətlənməlidir.

3. Nafilə ibadətləri çoxaldılmalı, ibadətləri ehsan şüuruyla ehya etməyə səy göstərilməlidir. İbadətləri artırmaqda belə bir yol seçə bilərsiniz:

a. Fərz olan namaz və orucların vaxtında yerinə yetirilməsinə əhəmiyyət verilməli və qəzaya buraxılmamalıdır. Buna baxmayaraq qəza etmiş olsanız ilk fürsətdə o yerinə yetirilməlidir.

b. Namaz və oruc ilə əlaqəli qəzaya qalanlar təsbit edilməli və bir yerə qeyd edilərək yavaş-yavaş icra edilməlidir.

c. Namaz, oruc və ona bənzər nafilələri çoxaltmağa səy göstərilməlidir.

Orucda, Bazar ertəsi və Cümə axşamı, qəməri ayın 13,14 və 15-ci günləri, mübarək gecələrin əvvəli və sonrası, bir gün oruc və bir gün iftar (Savmi Davud) və ya hamısı birlikdə bir yol seçmək olar. Bilindiyi kimi Hz. Peyğəmbər Rəcəbin hamısını oruclu keçirməmiş, amma Şabanın hamısını oruclu keçirmiş və Ramazana birləşdirmişdir.

Kəffarət orucları da Rəcəb və Şaban aylarında tutula bilər.

Namaz ilə əlaqəli nafilələrdə Rəvatib sünnətlərdən sonra birinciliyi təhəccüd namazlarına vermək daha yaxşıdır.

4. Maddi yardımlar çoxaldılmalı; zəkat, sədəqə, yedirmə, içirmə, geydirmə, borc vermə, xeyir müəssisələrinə kömək etmə və s. kimi infaq əhatəsinə daxil olan ibadətləri artırmalıdır.

5. Hz. Məhəmməd (s.ə.s.)i daha yaxşı tanımağa istiqamətlənən işlər edilməli; Onun şəfaətini ümid edib, ümmətindən olma şüuru təzələnməli, salatü salamlar gətirilməlidir.

6. Təfəkkür etməli; “Mən kiməm, haradan gəldim, haraya gedirəm, Allahın məndən istədikləri nələrdir” kimi mövzular başda olmaq üzərə həyati məsələlərdə dərin düşüncələrə dalmalıdır.

7. Möminlərlə halallaşmalı; küsülü olanlar barışdırılmalı; könüllər alınmalı; kədərli üzlər güldürülməlidir.

8. Özünə və digər mömin qardaşlarına dualar edilməlidir.

9. Üzərimizdə haqları olanlar axtarılıb soruşulmalı; vəfa göstərilməlidir.

10. Yoxsul, kimsəsiz, yetim, xəstə, şikəst, yaşlı olanlar ziyarət edilib, sevgi, şəfqət, hörmət, hədiyyə və sədəqələrlə xoşbəxt edilməlidir.

11. Dini toplantılar, proqramlar və söhbətlər nizama salınmalı; vazü nəsihət dinlənməli; ilahilərlə könüllərdə ayrı bir coşqunluq olmalıdır.

12. Namazları camaatla və məscidlərdə qılmağa çalışmaq lazımdır.

13. Təfəkküri-mevt üçün, yaşadığımız yerdə varsa, Səhabə, uləma və evliya türbələri; vəfat etmiş yaxınlarımızın, dostlarımızın və böyüklərimizin qəbirləri ziyarət edilməli; Fatihələr oxumalıdır.

Son olaraq, unutmamaq lazımdır ki, böyük bir nemət olan və əksəriyyətinin qədrini bilmədiyimiz zaman, üç aylar və ya Ramazandan ibarət deyildir. O halda ibadəti ancaq bu aylara, digər bir təbirlə desək ancaq bu ayları qulluğa həsr etmək yanlışdır. Doğrusu isə budur: Biz hər zaman və məkanda Allahın qullarıyıq və Ona qulluqla mükəlləfik. Üç aylar isə qulluq marafonunun sürətləndiyi, sevinc, barış və fürsət ayları olaraq görülməlidir.

 


Fatimə Zəhra
Bu yazıya 978 dəfə baxılıb.