Fürsət Ayı


Bu yazıya 859 dəfə baxılıb.

Oruc tutmaq sayı müəyyən olan günlərdir. Bu günlərdə sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə hər günün əvəzində bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə, həm oruc tutub, həm də fidyə verərsə, bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir! (Bəqərə surəsi, 184)

Oruc hər il qəməri aylardan biri olan müqəddəs Ramazanda bir ay müddətində dan yeri ağarandan, günəş batana qədər yemək, içmək və nəfsani istəklərdən uzaq olmaqla yerinə yetirilən bir ibadət formasıdır. İslam dininin gətirdiyi qaydaların və ortaya qoyduğu əsas prinsiplərin məqsədi insanı dünyada əxlaqca kamilləşdirərək, onu yaşadığı müddətdə əmin –amanlıq və xoşbəxtliyə, axirət həyatında isə əbədi səadətə qovuşdurmaqdan ibarətdir.

Ramazanda tutulan oruc insanın nəfsini tərbiyə edərək, iradəni gücləndirir və bununla da qulun pis vərdişlərə qarşı dayanma gücünü artırır. Allah Təala müqəddəs kitabımızda belə buyurur: ’’Ey iman edənlər! Oruc sizdən əvvəlkilərə fərz qılındığı kimi, sizin üçün də fərz qılındı. Onunla qorunub, pis işlərdən uzaq olarsınız”. (Bəqərə surəsi, 183) İlahi əmr olan oruc yaradılmış insanı ruhu pisliklərdən təmizləyən, məhəbbət, şəfqət və mərhəmət hisslərini inkişaf etdirən gözəl əxlaq və davranış tərbiyəsidir. Bir ay boyunca Allah qonaqlığına dəvətli olan müsəlman onu kontrol edən yenilməz gücün sahibinə təzim və itaətdə olmalı, Ona layiq qonaq olmağa çalışmalıdır. Digər tərəfdən insanın ilahinin əmanəti olan can sağlamlığı baxımından da oruc ibadətinin çox xeyirli olduğu həqiqətini dərk etməliyik. Bu mövzuda sevimli Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.s.) belə buyurmuşdur:

“Oruc tutun ki, sağlam olasınız”.

İslam dini Allah Təalanın buyurduqları və qadağan etdikləri hökmləri bəndənin mənafeyinə xidmət üçün mərkəzləşmiş bir sistemdir. Peyğəmbərimizin “Oruc bir qalxandır. Çəkinin, oruclu ikən cahillik edib pis söz söyləməyin. Birisi sizə sataşacaq və ya dalaşacaq olarsa mən orucluyam, mən orucluyam deyin” sözü izaha eytiyacı olmayan ən gözəl misaldır. Deməli, oruc sadəcə iştaha və şəhvəti qadağan etməklə deyil, bundan başqa ağzını və dilini pis və çirkin söz söyləməkdən qorumaqdır. Peyğəmbərimiz buyurmuşdur: ’’Oruc tutan elə insanlar vardır ki, qazandıqları sadəcə aclıq və susuzluq çəkməkdir’’.

Orucun dinimizdə önəmli bir yeri olan səbrin gündəlik həyatımızda başqa bir dəyəri vardır. Oruc səbrin yarısıdır. Digər ibadətlərdə olduğu kimi oruc ibadətində niyyət vacibdir. Niyyət etmədən səhərdən axşama qədər ac durmaqla oruc tutmaq haramdır. Bu baxımdan oruca qəlbən niyyət etmək, hansı orucu tutacağını qəlbindən keçirmək, yetərlidir. Fəzilətinə inanaraq, savabını Allah Təaladan umaraq bu ayda oruc tutan müsəlman Ramazanın mənəvi atmosferini gözəl hiss etmək üçün bu ayda nazil olan Qurani-Kərimi çox oxuması bəyənilən əməldir. On bir ayın sultanı sayılan Ramazanda edilən duaların qəbuluna şübhə olmamalıdır. Bu ayda ilahi gecə olan Qədir gecəsində sübhə qədər oyaq qalaraq edilən dualar növbəti Ramazana qovuşmağın qarantisidir.

Oruc yoxsulların, acların, fağırların ən ağrılı anlarını qəlbdən yaşamaq və onlara ən azı bir ay boyunca sahib durmaq üçün rəhmət və mərhəmət ayıdır. Mübarək ramazan, illərlə Uca Yaradanın haqqına qarşı ibadət etmədən günahlara səbəb olacaq əməl sahiblərinin öz mal və mülkləri hesabına ibadət etməsinə fürsət ayıdır. Ölkəmizdə çoxlu sayda imkansız şəhid ailələrinin, yüzlərlə kimsəsizlərin olması zənginlərin öz maddi gücləri hesabına ibadət etməsinə bir bəhanə ola bilər. Mərhəmət, rəhmət və barış ayı olan mübarək Ramazanda şeytanlar zəncirdədir. Millətimizin ən ağrılı yeri olan doğma Qarabağımızın işğaldan azad olması, dövlətimizin bütövlüyü üçün bu ayda bol dualarımızın edilməsi sevilən əməllərdəndir. Cəlalət və ülviyyət sahibi olan Uca Allah Təala bağışlanma ayı olan bu mübarək Ramazanda günahlarımızı əfv etsin. Amin!



Bu yazıya 859 dəfə baxılıb.