İman, yoxsa mövhumat-2


Bu yazıya 1187 dəfə baxılıb.

Qurani-Kərimin ayələri ilə yanaşı Hz. Peyğəmbərimizin hədisi-şəriflərində də xurafatın belə təmayüllərinə olan kəskin münasibət dəyişməz olaraq qalır. Rəvayətə görə, Müaviyə İbn Hakim əs-Süləmi Həzrəti Peyğəmbərin yanına gələrək öz tayfasındakı vəziyyət barədə məlumat verir və söyləri: «Ya Rəsulallah! Mən yeni müsəman oldum. Allah Təala islamiyyəti göndərdiyinə baxmayaraq bizim içimizdən hələ də kahinlərə gedənlərimiz var». Həzrəti Məhəmməd: «Sən kahinlərə getmə!» - söyləyir. Süləmi : «Amma aramızda uğursuzluğa, nəfsə, caduya inananlar da var» - deyincə Rəsuli Əkrəm: « Bu, onların içərisindəki narahatlıqla bağlıdır. Belə hisslər onları iş-güclərindən ayırmasın!» - buyurur (76, V, 130. Müslüm; Məcasid 33, İbn Davud; Sabat 167)

Hədisi-Şərifdə İslam Peyğəmbərinin araşdırılan məsələyə münasibəti və şərhi özünün düha böyüklüyü və rasional etikliyi ilə heyranedicidir. Müsəlmana verilən konkret əmr: « Sən kahinlərə getmə!» - ifadəsidir. Lakin müsəlmanlar içərisində də gedənlər vardır, səbəb isə zahiri səbatsızlıqdan doğan daxili həyəcanlardır. Peyğəmbər səbəbi həmən açıqlayır və ardınca nəticəni də bəyan edir: insanın iç duyumunun reallıqla heç bir əlaqəsi olmadığı üçün öz iş-gücü ilə məşğul olması, başqa sözlə desək, belə boş şeylərə vaxt sərf etməməsi daha məsləhətlidir. Hədisdən əxz olunan nəticə budur.

Ümumiyyətlə, daxili narahatlıq hissi güman, fərziyyələr və zənn üçün münbit şərait yaradır. Fərziyyə - intellektin dəyərli cəhətidir. Lakin real və potensial təhlükə qorxusu keçirən insan əsəb gərginliyi və stress halında olduğundan fərziyyələrini hissiyatının güclülüyü ilə əlaqələndirir. Əgər hadisələrin gedişatı fərziyyəni təsdiqləmirsə, o tezliklə unudulur. Əksinə, reallaşan fərziyyə yaddaşdan silinmir. Beləliklə, xurafatın ilkin formulası: «Hissiyatım məni heç vaxt aldatmır» - ifadəsi yaranır. Niyyət tutub müxtəlif «istixarələr» etmək, tək-cüt hesablaşması, gül ləçəkləri ilə sevgi falı və s. bu qəbildən hərəkətlər də fərziyyələr qisminə aiddir.

Dini doqmalar xurafatı hər zaman rədd etmişdir, hərçənd ki, psixoloji təbiəti və quruluşu baxımından xurafat bəzi cəhətlərinə görə dinə yaxındır. Fərq yalnız hər ikisinin tərkib hissəsini təşkil edən ideya komponentlərinin müxtəlifliyindədir. Xurafat psixologiyası həm iman psixologiyasına, həm də mövhümat psixologiyasına bənzəyir. Bəzən xurafat və mövhumat anlayışlarını bir-biri ilə eyniləşdiri və qarşılaşdırırlar. Xuarafatda inam hissi daha güclüdür. Onun əsasında emosiyalar durur. Xurafat məğzinə varmadan, anlamadan inanmaq deməkdir. Qorxu hissi yeganə səbəbdir ki, xurafatı yaradır, qoruyur və inkişaf etdirir. Mövhumat isə kənardan təqdim olunmuş yanlış dünya görüşüdür, öz strukturuna görə tərs qavrayışdır. O, qaraguruh psixologiyasıdır, kütləni anormal dini şüarlar altında falsifikasiyaya sürükləmə qüdrətinə malikdir. Əgər xurafat bəşərin yanlışıdırsa, mövhumat bəşərin bəlasıdır. Dünya tarixi mövhumat faciələri ilə son dərəcə «zəngindir». Səlib yürüşləri, ortaçağ inkvizisiyaları, xristianlaşdırma şüarları altında Mesoamerika hindlilərinin məhvi, vendettalar, şiə-sünni qarşıdurması, şeytani sektalar, qlobal dini-siyasi ekstrmizm və onlarla buna bənzər misallar insanın ilahi dəyərləri düzgün başa düşməməsi nəticəsində buraxdığı qanlı mövhumat səhvləridir.

B. Spinoza hesab edirdi ki, xurafat yalan olsa da, geniş kütlə üçün təbii haldır. «Kütləni xurafatdan azad etmək nə mümkündür, nə də lazımdır» (58, 63). Xurafatlar kütlə psixologiyasının əsası kimi dini psixologiyadan daha qədim və daha dərindir. Xurafatla mövhumat arasında böyük zaman kəsimi durur. Xurafat ibtidai insanın, mövhumat isə dindar insanın psixoloji yanlışlığıdır.

Burada bir vacib məqamı da qeyd etmək lazımdır. Bu gün respublikamızda buddist, iudaist və xristian dinlərinə, habelə rəsmi İslam təriqəti kimi qəbul edilməyən vəhhabilik, nurçuluq, bəhayilik cərəyanlarına aid təriqətçi missioner təşkilatlarının siyasi, mənəvi və ideoloji təxribat törətməklə fəaliyyət göstərdikləri bəllidir. Həmin təriqətçi missioner təşkilatlar Azərbaycanda islami dəyərlərin təbliğinə mane olmaq və öz dini görüşlərini yaymaq üçün hər cür vasitələrə əl atırlar. Bir sıra subyektiv və obyektiv amillər nəticəsində Azərbaycanda rəsmi və ya qeyri-rəsmi fəaliyyət göstərən missioner xarakterli dini qurumlar, birliklər, təşkilatlar, hətta dini zəmində yaradılmış siyasi partiyalar ölkəmizdə islami dəyərlərin təbliğinə mənfi təsir göstərirlər. Əsas qayələri Azərbaycanın kütləvi informasiya vasitələrində yer almaq olan missionerlər qismən buna nail ola bilmişlər: ölkədə müsəlmanların dini hisslərini təhqir edən minlərlə nüsxə

ədəbiyyat yayılır, bəzi yerli qəzetlərdə İslam peyğəmbərlərinə, ruhani xadimlərə çirkab dolu paskvillər yazılır, radio və televiziya vasitəsilə tirajlanan informasiyalar ölkədə vətəndaş qarşıdurmasına, ictimai təhlükəsizliyin pozulmasina səbəb olur.

Azərbaycanda məkrli missioner təbliğatı müddətində beynəlxalq təriqət nümayəndələri tərəfindən dövlətin müxtəlif qanunverici hüquq normalarının 20-dən artıq maddəsi, o cümlədən Əsas Qanunun-Azərbaycan Respublikası Konstitusiyasınınbaşlıca prinsipləri: «Dini etiqad azadlığı haqqında», «Xaricilərin və vətəndaşlığı olmayan şəxslərin statusu haqqında» qanunların, inzibati və cinayət məcəllələrinin maddələri pozulmuşdur. Bu pozuntular nəticəsində onlarla ailə dağılmış, yüzlərlə şagird və azyaşlı uşaqların, yaşlı vətəndaşların düşüncəsi zəhərlənmiş, intihar, müxtəlif xəstəliklr, psixikanın pozulması kimi hallar baş vermişdir.

Kütləvi informasiya vasitələri və dövlət qurumları missioner təbliğatı ilə mübarizədə vahid mövqedə olmalıdırlar.Missionerlik Azərbaycan Respublikasının və xalqın milli təhlükəsizliyi,ərazi bütövlüyü, müdafiə qabiliyyyəti, habelə ənənvi tarixi və mənəvi dəyərlərin təbliği üçün böyük təhlükə mənbəyi hesab edilməlidir. Özəlliklə, islami dəyərlərin media tərəfindən tətbiqində KİV-in ideoloji və elmi tutumu o qədər yüksək olmalıdır ki, antiislam fəaliyyəti aparan təriqətçilərin düşmən siyasətini heçə endirsin.



Bu yazıya 1187 dəfə baxılıb.