Bir pəncərə aç!


Nimet Çinar
Bu yazıya 899 dəfə baxılıb.

İzlədiyim video sona çatanda artıq gözyaşlarımı tuta bilmirdim. Afrikanı, orada yaşanan çətinlikləri və edilməyə çalışılan xidmətləri göstərirdilər. Dərya könüllü insanlar özləri köməyə qaçdıqları kimi başqa insanları da dərdləndirmək üçün çalışırdılar. Ev deməyə min şahid istəyən çadıra bənzər yerlərdə qalırlar, (onu da tapa bilsələr) gün ərzində sadəcə bir dəfə un və su qarışığı, sıyığa bənzər bir yemək yeyirdilər. Çox vaxt yalnız önlərini örtəcək qədər bir parçadan ibarət paltarlar geyirdilər. Və çoxunun ayağında ayaqqabı, başmaq və s. yox idi. Ən böyük dərdləri isə susuzluq idi. Sudan yaradılan insanın susuzluq imtahanı nə qədər dəhşətli və ağrılıdır! Oradakı düşərgələrə kömək əlini uzatmaq və ağrılarını az da olsa paylaşmaq üçün gedən bir könül işçisi su çətinliyini və çarəsizliyi belə danışır: "Düşərgələrdə ən böyük problem susuzluqdur. Təmizlik bir yana, içməli su almaq üçün qadın, uşaq saatlarla növbədə gözləyirlər… Yardım qruplarının çadırlar arasına yerləşdirdiyi böyük plastik su çənlərinə başqa yerlərdən gətirilən su boşaldılır və mühacirlərin su alma yarışı başlayır. Hər çənin başında saatlarla gözləyən insanları görmək mümkündür. Ora bəziləri üçün sanki keşik yeri olmuşdur. Su ala bilənlər ayrı bir mübarizəyə başlayırlar. Kiçik uşaqlar daşıya bilmədikləri su bidonlarını yerdə yumrulayaraq aparmağa çalışırlar. Anaların vəziyyəti daha acınacaqlıdır. Qucaqlarında körpələri, kürəklərində su bidonları ikiqat, qumlara bata-bata digər balalarına su çatdırmağın təlaşı ilə tələsirlər".

Görünən hər mənzərədə yoxsulluq, aclıq, çarəsizlik sanki qışqırırdı. Bunları anlamaq üçün Afrikalı bir uşağın hüzn və yalvarış dolu gözlərinə baxmaq belə yetərli idi əslində. Bütün dərdləri bir loğma çörək və bir qurtum su olan qəmli insanlardır onlar.. Səmimiyyətlə uzanmış bir kömək əlini həsrətlə gözləyən, salam verilincə gözlərinin içi gülən dərisi qara, könlü və üzü ağ insanlardır onlar..

Videonun bir hissəsi də vardı ki, insanı dəhşətli bir ağrı bürüyürdü. Afrikanın bir ölkəsinə Quran xidməti etməyə və hafiz yetişdirməyə gedən bir Qurani-Kərim sevdalısı, orada qarşılaşdığı qəmli tablonu gözyaşları ilə danışırdı. Hafizlik edən uşaqlar səhərdən günortaya qədər dərslərini çalışır, günortadan sonra ilkindi vaxtına qədər isə həm öz

ruzilərini, həm də müəllimlərinin maaşını qazanmaq üçün dilənçilik edirdilər. Və günortadan sonra yenə hafizliklərinə davam edirdilər. Quran tələbəsi olmanın şərəfi, izzəti və dilənçilik… Bir-birlərinə nə qədər uzaq və zidd olsa da, bir yerdə idilər. “Ümmətin ən şərəfliləri” olan hafizi Quran tələbələrinin düşdükləri bu ağrılı vəziyyət insanın tüklərini ürpərdir. Və o könüllü müəllim yalvarırcasına "Nə olar bu uşaqlara kömək edin, onları bu haldan qurtarın. Qurani-Kərimin şərəfini yenidən ucaldın!" deyirdi. Əllərində Quranı və dilənmək üçün istifadə etdikləri qabları bir yerdə tutan kiçikli böyüklü bir çox uşaq… Bir tərəfdə əzbər edən ağızlar, digər tərəfdə dilənmək üçün dil tökürdü. Bəlkə bu hal aclıq və susuzluqdan daha da ağır idi.

Hər gün mediada Afrikadan ağrılı səhnələr görürük. İzləyərkən gözlərimiz yaşarır, lakin bir neçə dəqiqə sonra normal həyatımıza davam edir və o qardaşlarımızı dərdləriylə baş-başa buraxırıq. Gözümüzdən axan bir neçə damla yaş vicdanımızın yanğınını söndürür. Arxamızı dönürük və unuduruq. Yaxşı bəs onların yerində biz ola bilməzdikmi? Və onlar da bizim yerimizdə ola bilməzlərdimi? Yaxud Allah Təala, görəsən, onları niyə belə bir imtahana çəkir, amma bizi çəkmir? Bu gördüklərimiz yalnız kədərlənməyimiz, ağrımağımız üçün var?

Əlbəttə xeyr! Onlar bizdən ağrıma deyil kömək gözləyirlər. Rəbbimiz bizi onların dərdlərinə düçar etmədisə demək ki, bizlər də bu nemətin haqqını verməli və onların köməyinə var gücümüzlə qaçmalıyıq. Üstəlik, mübarək ramazan ayına yaxınlaşdığımız bu gözəl günlərdə maddi və mənəvi köməklərimizi əsirgəməməliyik. Bir gözəl insanın sözüylə “aclıqda çörək, susuzluqda su, soyuqda paltar, evsizlərə ev” olmalıyıq. Çünki Müsəlman eqoist yaşaya bilməz. Özünü bütün insanlıqdan məsul hiss edər. Başqasının ağrısını ürəyində hiss etdiyi qədər “insan” olacağını bilər. Çünki biz belə canıyanan və ümmətini sevən bir Peyğəmbərin (s.ə.s.) ümmətiyik.

Bütün bunlardan sonra bizə verilən bütün nemətləri yenidən təfəkkür etməliyik. Xüsusilə də israf etməyə ən çox alışdığımız suyu istifadə edərkən diqqətli olmalıyıq. Suyu açarkən bir daha düşünməliyik. Bizim asanca axıtdığımız bu həyat qaynağını nə qədər qardaşımız böyük çətinliklərlə axtarıb tapmağa çalışır.

Mövlananın bir sözü var ki, əslində, bizim üçün bir resept olacaq. Yazımızı onunla bitirək: "Fakru zərurət içində boğulan könüllər, tüstü ilə dolu bir evə bənzər. Sən onların dərdini dinləmək surətiylə o tüstülü evə bir pəncərə aç ki, onun tüstüsü çəkilsin və sənin də ürəyin fərahlasın, ruhun dincəlsin!..."


Nimet Çinar
Bu yazıya 899 dəfə baxılıb.