Əmanət Allahşükür qızı Paşazadə ilə müsahibə


Bizim AİLƏ
Bu yazıya 1429 dəfə baxılıb.

Əmanət Allahşükür qızı Paşazadə. Fəlsəfə elmləri üzrə doktor, QMİ-nin İctimaiyyətlə əlaqələr və Ailə məsələləri şöbəsinin aparıcı mütəxəssisi.

1. Əmanət xanım sizin fikrinizə görə qadın kimdir?

Qadın anadır, qadın ömür-gün yoldaşıdır, qadın şəfqətin, fədakarlığın, səbrin rəmzidir. Ən önəmlisi isə Allahın insanlığa rəhmətidir. Qadınla ilk assosasiya yaradan söz – gözəllikdir. Bu anlamda qadın Allahın xəlq etdiyi ən gözəl əsərdir. Hər nə qədər zərif varlıq adlandırılsa da, düşünürəm ki, qadın istər düşüncə tərzi, istərsə də, psixoloji və fiziki baxımdan güclü varlıqdır. Qadın ailənin və bütövlükdə cəmiyyətin dayağıdır. Heç təsadüfi deyil ki, bir çox mütəfəkkir cəmiyyətin mədəni inkişaf səviyyəsinin onun qadına olan münasibətilə ölçüldüyünü qeyd etməklə yanaşı, eyni zamanda qadını azadlığın simvolu kimi qiymətləndirmişlər. Qadının bütün varlığını, zahiri və batini mahiyyətini tərənnüm edən Mövlana həzrətləri buyurur:

Qadın - Haqq nurudur, sevgili deyil,

Sanki yaradıcıdır, yaradılmış deyil....

2. Necə düşünürsünüz, qadının cəmiyyətdə rolu nədir?

Qadınlar cəmiyyətin çox dəyərli, əvəzedilməz nümayəndələridir. Tarixin bütün dövrlərində cəmiyyətdə qadının tutduğu mövqe mühüm məsələlərdən biri olub. Qadınlar tarix boyu yaşadıqları cəmiyyətin taleyində əhəmiyyətli rol oynamışlar. Dünyamızın sivilizasiyasiyası qadınların ağlı, zəhməti, yaradıcı təxəyyülü sayəsində inkişaf etmişdir. Ümumiyyətlə, qadının cəmiyyətdəki rolundan danışarkən, bir çox aspektlərə, bir çox məqamlara toxunmaq olardı, lakin düşünürəm ki, tarix boyu olduğu kimi, bu gün də bu ülvi, zərif, saf və incə məxluqun ən başlıca, önəmli missiyası və rolu onun bütövlükdə cəmiyyətimizin, bugünümüzün və sabahımızın tərbiyəçisi, anası olmasıdır.

3. Dini biliklərə sahib olan bir mütəxəssis kimi islam dininin qadına verdiyi dəyər haqqında nə deyə bilərsiniz?

Qeyd etmək lazımdır ki, İslam bizim üçün əsrlər boyu təkcə əqidə deyil, həmçinin, əxlaq, adət-ənənə, hətta düşüncə tərzinin formalaşmasında mühüm mənbələrdən biri olub. Heç təsadüfi deyil ki, müqəddəs dinimiz qadına, onun şəxsiyyətinə, cəmiyyətdəki və ailədəki missiyasına böyük dəyər verir. Qurani-Kərimdə buyurulur: “...Kişilərin qadınlar üzərində şəriətə görə hüquqları olduğu kimi, qadınların da onlar (kişilər) üzərində hüquqları vardır...” (Əl-Bəqərə, 228) Burada və buna bənzər bir sıra başqa ayələrdə qadın hüquqları qorunmuş, onların da kişilərlə bərabər hüquqa, iqtisadi müstəqilliyə sahib olduqları bəyan edilmişdir. İslam tarixən maddi və fiziki gücə sahib kişinin üstün olduğu

cəmiyyət modelinə qarşı çıxdı. Quranda cəmiyyətdə qadına qarşı istənilən mənfi münasibət şiddətlə qınanmış və qadın ilahi bir əmanət olaraq dəyərləndirilmişdir. Cəsarətlə demək olar ki, qadını bir insan olaraq dəyərləndirən ilk məktəb məhz İslamdır.

4. Əmanət xanım müasir dünyamızda qadının cəmiyyətdə nə kimi işlər görür?

Qadın ana olmaqla bərabər, eyni zamanda cəmiyyətin əsas dayaqlarından biridir. Belə ki, qadınlar cəmiyyətin rəvan inkişafında fəal rol oynayırlar. Bu gün dünyada qadınların sosial statusunun getdikcə yüksəlişi müşahidə olunur. Qadınların cəmiyyətin müxtəlif sferalarında – siyasət, ictimaiyyət, iqtisadiyyat, mədəniyyət, incəsənət və xüsusilə də, elm, təhsil, səhiyyə sahələrində təqdirəlayiq irəliləyişlərə nail olduqları xüsusı qeyd olunmalıdır. Eyni zamanda qloballaşan dünyada mənəvi dəyərlər sisteminin dəyişikliklərə məruz qaldığı müasir dövrümüzdə, məhz qadınlar və analar milli, mədəni dəyərlərin və əxlaqi-mənəvi sərvətlərin qoruyucusu kimi çıxış edir.

5. Hər bir qadının əsas vəzifəsi analıqdır. İdeal ana necə olmalıdır?

Dünyanın ən çətin və məsuliyyətli məsləyi övlad tərbiyə etməkdir. Bu şərəfli vəzifənin daşıyıcısı olan qadının ən ümdə missiyası layiqli övladlar tərbiyə edib, cəmiyyətə təqdim etməklə bərabər, sağlam mühitin keşiyində durmaqdır. Qadın cəmiyyətin yaradıcısı, yaşadanı və tərbiyəcisidir. Heç təsadüfi deyil ki, dini dəyərlərimiz də anaya xüsusi ehtiram göstərilməsini tələb edir. Allah Rəsulu (s.) “Cənnət anaların ayaqları altındadır” deyərək qadına heç bir mədəniyyətdə bənzəri olmayan dəyəri verdi. Çünki, cəmiyyətin gələcəyi bilavasitə sağlam ruhlu, imanlı, mənəvi cəhətdən zəngin, ziyalı qadınlardan – analardan asılıdır.

6.Əmanət xanım müsahibəmizi belə bir sualla yekunlaşdırmaq istərdim. Ana övladlarına nə verə bilər və ya nə verməlidir?

Gənc nəslin tərbiyəsində ananın rolu və təsir dairəsi danılmazdır. Təbii ki, ana öz bilik və dünyagörüşü hüdudlarında övladına tərbiyə verə bilər. Elə bir tərbiyə ki, onun üzərində sağlam bir gələcək, bütöv bir nəsil yetişə bilsin. Əks halda ananın verdiyi dəyərli bir inci olsa belə onun övladına heç bir faydası dəyməz. Məhz bu səbəbdən də, qadının savadlı, təhsilli olması, gözəl əxlaqa və mənəvi dəyərlərə sahib olması çox əhəmiyyətlidir. Cəmiyyətdə qadın ləyaqəti və şəxsiyyəti nə qədər uca olarsa, insan cəmiyyəti də bir o qədər sağlam ruhlu, möhkəm və əzəmətli olar. Bu baxımdan qadının bütövlükdə, cəmiyyətin formalaşmasında oynadığı rol dəyişməz və əvəzedilməzdir.

Əmanət xanım dəyərli vaxtınızı ayırıb bizimlə söhbət etdiyiniz üçün sizə təşəkkürümüzü bildiririk.


Bizim AİLƏ
Bu yazıya 1429 dəfə baxılıb.