Yardımlaşma


Osman Nuri Topbaş
Bu yazıya 929 dəfə baxılıb.

Allah təala insanın zəif (aciz) yaradıldığını bəyan edir.[1] Onun uşaqlıq dövrü də, qocalıq dövrü də bariz bir zəiflik və acizlik içində keçir.

Ömrünün geri qalan gənclik və qüvvətli vaxtları insanı aldatmamalıdır. Çünki həmin dövr, gələcəyi qaçılmaz olan qocalıq üçün xeyirxah əməllər etmək dövrüdür. İnsanın gəncliyi çox sürətlə keçir. Halbuki bir çox insan həmin vaxtın heç bitməyəcəyini və həmişə güclü-qüvvətli qalacağını zənn edərək böyük qəflət girdabına sürüklənir. Nəfslərinə qalib gələrək güclü vaxtlarında acizlərə yardım edənlərə isə, möhtac olduqları zamanda kömək edənlər olur. Belə olan halda əldə imkan var ikən insanlara yardım edərək xeyirxah əməlləri artırmaq lazımdır.

Yardımlaşma eyni zamanda cəmiyyət halında yaşamağın zərurətlərindən biridir. İnsanların bir-birinə yardm edərək xeyirxah əməllərdə yarışmaları, Allah təalanın razı olduğu və islam qardaşlığının əsasını təşkil edən gözəl bir xislətdir. Çünki zəif və möhtac olan hər kəsə yardım etmək imanın kamilliyinə dəlalət edir. Allah təala belə əmr edir:

“...Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin...” (əl-Maidə, 2)

Möminlər Allahın əmrlərinə tabe olub nəfsin arzularından uzaqlaşmaq xüsusunda yardımlaşmalıdılar. Bir-birlərini xeyirxah əməllərə təşviq edərək yaxşılıq yollarını açmalı və saleh əməllərə sövq etməlidilər. Qısaca olaraq axirəti bir yerdə qazanmağa çalışmalıdılar.

Möminlərin günah, üsyan və zülmdə bir-birinə yardım etmələri və ya vasitə olmalarından söhbət belə gedə bilməz. Məqsədi fəsad və düşmənlik olana, insanlara zərər verməyi özünə peşə edənə yardım etməyin imanla qətiyyən heç bir əlaqəsi ola bilməz.

Şanı uca Rəbbimiz ən faydalı yardımlaşmanın haqqı və səbri tövsiyə etmək xüsusunda olduğunu, belə davrananların pərişan olmaqdan xilas olacağını belə bəyan edir:

“And olsun axşam çağına (ikindi vaxtına, əsr namazına, zamana və ya Peyğəmbərin əsrinə) ki, insan (ömrünü bihudə işlərə sərf etməklə, dünyanı axirətdən üstün tutmaqla) ziyan içindədir? Yal­nız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səb­ri tövsiyə edən kimsələrdən başqa! (Belələri Cənnətə nail olub əbədi səadətə qovuşanlardır!) (əl-Əsr, 1-3)

 Rəsulullah (s.ə.s.)in uca əxlaqının bir təcəllisi olaraq Allahın bəndələrinə yardım etməkdən böyük bir həzz alırdı. Hələ Peyğəmbər olmamışdan əvvəl belə, Xilful-Fudul[2]188 cəmiyyətində iştirak edərək haqsızlığa uğrayan günahsız insanlara yardım etmişdi. Peyğəmbərlik vəzifəsi verilib, əmanəti layiqincə daşıya bilmək əndişəsi hiss etməyə başladıqda, Həzrət Xədicə anamız ona belə təsəlli vermişdi:

“Əsla qorxma! Vallah, Allah təala səni heç vaxt utandırmaz. Çünki sən, qohumlarına əl tutursan, doğru danışırsan (zəifə, yetimə və yoxsula yardım edirsən), kasıba xeyirxah davranır, heç kimin verməyəcəyi qədər verirsən. Qonağa ikram edirsən, Haqq yolunda insanlara yardım edirsən!” (Buxari, Bədu-Vəhy, 1; Müslim, İman, 253)

 “Kim (din) qardaşının bir ehtiyacını qarşılayarsa, Allah da onun ehtiyacını qarşılayar. Kim bir müsəlmanın dərd və kədərinə çarə olarsa (onu sıxıntıdan qurtararsa), Allah da həmin səbəbə görə onun qiyamət sıxıntılarından bir sıxıntısını dəf edər.” (Buxari, Məzalim, 3; Müslim, Birr, 58)

Allah təalanın yardım etməsini kim istəmir ki? Hələ qaldı ki, qiyamətin o dəhşətli sıxıntıları qarşısında olsun!..

Yardım edilən insan çətin vəziyyətdədirsə, onda bu saleh əməlin qiyməti və mükafatı daha böyük olar. Allah təala sıxıntıya düşmüş bəndəsinə yardım edilməsini daha çox sevir. Bunun əksinə olaraq, imkan olduğu halda darda qalmış bir möminə biganə və laqeyd yanaşmaq da ağır bir vəbaldır.

Rəsulullah (s.ə.s.) miniyinə minmək istəyənə yardım edərək mindirmək və ya əşyasını miniyinə yükləmək kimi xırda yarıdımların belə, Allah təala tərəfindən sədəqə olaraq qəbul edildiyini xəbər vermişdir. Bu, Rəbbimizin bəndələrinə olan sonsuz rəhmət və mərhəmətinin bir əsəridir.

Allah təala hər hansı bir xeyirxah əməl etmək istəyən müsəlmana yardım edən insana da, onun qazandığı savabın eynisini verir. Belə ki, bir hədisi-şərifdə belə buyurulur:

“Kim Allah yolunda cihada gedən bir şəxsi təchiz edərsə və lazımi ehtiyaclarını qarşılayarsa, sanki cihada getmiş kimi savab qazanar. Cihada gedən şəxsin geridə qalan ailəsinə gözəl şəkildə baxıb onların ehtiyaclarını qarşılayan insan da sanki cihad etmiş kimi savab qazanar.” (Buxari, Cihad, 38; Müslim, İmarə, 135-136)

Möminlər bir-birlərinə yardım etmək xüsusunda, bir tərəfi digər tərəfinə möhkəmcə keçirilmiş binalar kimidir. Barmaqları bir-birinin arasına keçən və lazım gəldiyində bir-birini yuyub təmizləyən iki ələ bənzəyir ki, biri digərinin nöqsanını tamamlayır və səhvini düzəldir. Onu çirkin göstərmək, xətasını üzə çıxarmaq üçün deyil, təmiz və xeyirxah olması üçün çalışar.

Rəsulullah (s.ə.s.) belə buyurmuşdur:

“Müsəlman, müsəlmanın qardaşıdır. Ona zülm və haqsızlıq etməz, köməyini əsirgəməz və onu xor görməz”. (Müslim, Birr, 32)

“...Mömin, möminin qardaşıdır, onun dolanışığına yardım edər və onu qiyabında pisliklərə qarşı qoruyar”.

Əbu Hüreyrə (r.a) da belə deyir:

“Mömin, (din) qardaşının aynasıdır. Onda bir eyib gördüyündə onu düzəldər”. (Buxari, əl-Ədəbul-Müfrəd, 238)

Yəni mömin, din qardaşına gördüyü hər şeyi səmimiyyətlə başa salar. Gözəl bir şey gördüyündə təqdir etdiyini bildirərək onu daha yaxşıya təşviq edər və pis bir şey gördükdə isə xəbərdar edərək düzəltməyə çalışar.

Bunun əksinə olaraq müsəlmanlar bir-birlərinə kömək olub bərk-bərk sarılmazlarsa, güc və qüvvətləri tükənərək ayaq üstə dura bilməyəcək hala gələrlər. Səmimi din qardaşlığı yaşadıqları təqdirdə isə, maddi-mənəvi bir sıra zəfərlərə nail olarlar. Tarixdə bunun bir çox misalına rast gəlmək mümkündür.

 

Fəzilət nümunələri

Əbu Hüreyrə (r.a) belə rəvayət edir:

“Darda qalan bir insan Peyğəmbər (s.ə.s.)in yanına gəlmişdi. Həzrət Peyğəmbərimiz səhabeyi-kiramı həmin şəxsə kömək etməyə təşviq etdi. Səhabədən bir nəfər:

“-Mənim yanımda bu qədər mal var!” -dedi və gətirib yardım etdi. Camaatın arasında həmin insana yardım etməyən qalmadı və hər kəs nəyə imkanı çatırsa yardım etdi. Sonra Peyğəmbər (s.ə.s.) belə buyurdu:

“Kim xeyirxah bir işi başladarsa və başqaları da onu davam etdirərsə, həmin şəxs etdiyi xeyirxahlığın savabını əskiksiz alar və həmin xeyirxahlığı davam etdirənlərin savabının bir misli də ona verilər. Lakin onların mükafatından heç bir şey əskilməz.

Hər kim də pis bir cığır açarsa və bu cığırdan başqaları da gedərsə, belə insana, həmin pis əməlin günahı əskiksiz verilər; bundan başqa açdığı pis yolla gedənlərin günahlarının bir misli də yazılar. Lakin onların günahlarından heç bir şey azalmaz”. (İbn Macə, Mü­qəd­di­mə, 14)

,

GHəzrət Əli (r.a)ın rəvayət etdiyinə görə Rəsulullah (s.ə.s.) müharibələrin ən çətin və qorxulu anlarında irəli atılır və hamı onun arxasına sığınırdı. Səfərdən qayıdanda və ya səfərdə olarkən isə ən arxada gedir və geri qalan zəif, taqətsiz insanlara yardım edərdi. Yəni onun hər halı Allahın bəndələrinə xidmət və yardım mahiyyətində idi.

,

Rəsulullah (s.ə.s.):“Din qardaşın zalım da olsa, məzlum da olsa ona kömək et!” -buyurdu. Bir nəfər:

“-Ya Rəsulallah! Qardaşım məzlumdursa, ona kömək edim. Ancaq zalımdırsa, ona necə kömək edim?” - dedi. Rəsulullah (s.ə.s.)

“-Onu zülmdən çəkindirərək etdiyi zülmə mane olarsan. Şübhəsiz ki, bu, ona kömək etməkdir”. - buyurdu. (Buxari, Məzalim, 4, İkrah, 6; Tir­mi­zi, Fitən, 68)

Rəsulullah (s.ə.s.) bir-biri ilə yardımlaşmaq barəsində nümunəvi davranışa sahib yəmənli bir qəbilə olan əşariləri mədh edərək belə buyurur:

“Əşarilər savaşda azuqələri bitmək üzrə olanlarla və ya Mədinədə ailələrinin qidası azalanlarla yanlarında nə varsa gətirib bir süfrənin üstünə tökərək bunu bir qabla aralarında bərabər şəkildə bölərlər. Məhz bu səbəbdən əşarilər məndəndir, mən də onlardanam”. (Buxari, Şirkət, 1; Müslim, Fəzailus-Səhabə, 167)

İmam Cəfər Sadiqə:

“-Allah faizi nə üçün haram buyurmuşdur?” -deyə soruşduqda belə cavab vermişdir:

“-İnsanlar bir-birlərini ehsanlarından məhrum etməsin və bir-birlərindən yardımı əsirgəməsinlər, deyə haram buyurulmuşdur”. (Əbu Nuaym, Xilyə, III, 194)

İnsanlar yalnız mənfəət qarşılığında borc verirlərsə, aralarındakı zəruri yardımlaşma fəziləti  əsla meydana gələ bilməz.

İmam Əzəm Əbu Hənifə həzrətləri dürüst, sadiq və yardımsevər bir tacir idi. Müştəri kasıb və ya qohumu olarsa, onlardan qazanc əldə etməyərək malı aldığı qiymətə verir, hətta qazancının bir hissəsini müştəriyə bağışladığı belə olurdu. Bir dəfə yaşlı bir qadın gələrək:

“-Mən yoxsulam, bu paltarı mənə öz qiymətinə satarsanmı?” - dedi. İmam Əzəm:

“-Olar, dörd dirhəm ver, al!” - dedi. Qadın malın qiyməti çox ucuz olduğuna görə təəccüb edərək:

“-Mən yaşlı bir qadınam, mənimlə zarafat edirsən?” - dedi. İmam:

“-Bunun zarafatla heç bir əlaqəsi yoxdur. Bunları iki dəst kimi almışdım. Birini, ikisinə verdiyim puldan dörd dirhəm aşağı satdım. Yəni bu paltar mənə dörd dirhəmə başa gəldi və bunu da sən al!” - dedi.

Xülasə, bir çox hikmət və ibrətlərlə dolu olan ilahi tənzim cəmiyyətdə yardım edən və ya yardım edilən bütün fərdləri maddi və mənəvi cəhətdən bir-birlərinə möhtac etmişdir. Bu səbəbdən varlı və güc sahibi olmağı qürur və təkəbbür vəsiləsi etmək düzgün deyil. Əksinə Allahın bəxş etdiyi bu nemətləri insanların xeyirinə sərf edərək axirətdə şərəfli bir məkan əldə etməyə çalışılmalıdır. Ehtiyac sahiblərinə yardım edərkən də böyük bir nəzakət göstərilməli və onlara təşəkkür edərcəsinə davranılmalıdır. Çünki onların sayəsində ilahi rizaya nail olmaq mümkündür.

İslam hər insanın edə bilcəyi bir yardım yolu göstərmişdir. Belə ki, güclü-zəif, varlı-kasıb hər müsəlmanın edə biləcəyi bir yaxşılıq, xeyirxahlıq və yardım mütləq mövcuddur. Mühüm olan niyyətdəki ixlas və səmimiyyətdir.

 

 

 

[1]187.   Bax. ən-Nisa, 28.

 

[2]188.   Xilful-Fudul haqqında bax. səh. 249.          

 


Osman Nuri Topbaş
Bu yazıya 929 dəfə baxılıb.