İradə və Əzimlilik Ayı Ramazan


Mətanət Kərimova
Bu yazıya 841 dəfə baxılıb.

Xüsusi olaraq seçilən Ramazan ayının böyük hörmətə layiq olmasının səbəblərindən biri də yaradılmışlara xoşbəxtliyə yol göstərən, qaranlıqlara aydınlıq gətirən xilaskar, İnsan ruhunun və cisminin şəfası - Qurani – Kərimin məhz bu ayda endirilməsidir. Ramazan ayı... Sən nə böyük sultansan! Möminlərin məhz bu ayda bütün nəfsani paslardan arınaraq din və imanlarında təzələnmələri, ruh və cismlə bir vəhdətə gəlmələri, sanki yeni bir diriliş yaşamaları üçün bu aya xüsusi bir ibadət qoyulmuşdur.

Oruc Allah və axirət inamı məsələsində də səmimiyyətin göstəricisidir. Axirətə, qiyamətə iman və inam mövzusunda bir sıra tərəddüdləri olanlar dünyəvi hesablar naminə digər ibadətləri yerinə yetirə bilirlər. Amma oruc yalnız və yalnız Allahla qul arasında olduğundan bu ibadət sırf Allah üçün, savabını isə axirətdə Allahdan gözləyərək, umaraq yerinə yetirilir. 

            Oruc bir əzmlilik və iradə tərbiyəsidir. Oruc ibadətilə insan, nemətlər içində olmasına baxmayaraq müəyyən bir zaman çərçivəsində onlardan istifadə etməməklə Allaha itaətində nə qədər qərarlı ola biləcəyini, iradəsinə nə dərəcədə hakim ola biləcəyi qabiliyyətini göstərmiş olur. Ramazan orucu imanın çiçəyidir.

Orucun önəmli hikmətlərindən biri də aclıq və çətinlik içərisində olan Müsəlmanların sıxıntıları ilə yaşamaq, onların dərdlərini anlaya bilməkdir. Yenidən oyanmağa çağıran bu hikmətin özəyində ümmət anlayışı yerləşməkdədir. Vahid Məhəmməd ümməti. Adəmin övladları, Yaradan və doğru yola Yönəldən Allahın bacı və qardaşlar deyə vəsf etdiyi müsəlmanlar tək bir ümmət edilmişdir. Allah qardaşlarımızın, bacılarımızın dərdləri ilə dərdlənməyimizi istəmişdir. 


            Tələsin... Ramazan ayı xeyir, bərəkət ayıdır. İlin bütün aylarının ən xeyirlisi olan Ramazan ayında olunan yaxşılıqların qarşılığı qat-qat artıqlaması ilə verilir. Tələsin... Bu ay hər il böyük bərəkət və xeyirlərlə gəlir... Tələsin... Ramazan ayı saleh əməllərimizi və xeyirlərimizi artıra bilmək üçün Yaradan tərəfindən nəsib edilmiş bir fürsətdir. Tələsin... Bu fürsəti layiqincə dəyərləndirərək, bu ayda saleh əməllərini, gözəllikləri artıranlar, xeyirlərini artıranlar mütləq və mütləq Ramazanın gətirdiyi xeyir və bərəkətlərdən də daha çox yararlanmış olacaqlar!!! Necə ki, nümunəvi İnsan olan Allah Rəsulunun müjdələdiyi kimi rəhmət, məğfirət və cəhənnəmdən xilas olmaq mükafatına nail olacaqlar. Tələsin... Allahın firqəsi olmağa, onun Rəsulunun yanında yer tutmağa, Allahın sevimli qulunun şəfaətinə nail olmağa, tələsin! Bu ay Allahı sevənlərin, ona can atanların ayıdır. Vədud Allahın sevgisinə can atmağa, Onun rəhməti və bərəkəti altında kölgələnməyə tələsin... 

Ramazan ayı fürsətdir. İnsanın günahlardan arınaraq, təmizlənərək bayrama, bağışlanmış, rahat bir şəkildə girə bilməsi üçün bir fürsətdir. Bayrama təmizlənərək, yeniləşərək gəlməyin yolu - Bizə şah damarımızdan da yaxın olan Allaha ixlasla, səmimi şəkildə ibadət etmək, sırf Rəbbimizin rizasını, razılığını düşünərək oruc tutmaq və Yol göstərən Allahın bizlər üçün sevib seçdiyi Rəsulunun yolunu tutaraq çətinlikdə, darda, müsibətdə olan Məhəmməd ümməti üçün bütün anlamlarda sədəqələr verməkdir...

Necə yardımlaşacağıq? Rəsulun öyrətdiyi kimi... əlimiz, dilimiz, qəlbimizlə. Möminin başqa bir möminin halından pərişan olması, ona yardımın yollarını düşünməsi, ən azından onu xatırlaması duaya keçə bilər... Bu gün dünya barıt dolu çəlləyi xatırladır. Biganəlik edərək qaçmağa, üz çevirməyə yerimiz və haqqımız yoxdur. Dünyanın alov - alov yandığı bir zaman və Rəhmət, məğfirət, xilas zamanı Ramazan ayı... Tələsin, yardımlaşmağa, dualaşmağa tələsin... 

Tələsin...Hər zaman Ramazanı yaşamağa tələsin. Hər ayınızı Ramazan edə bilmək şansınızın olduğunu unutmayın.

Ey azərbaycanlı müsəlman bacı və qardaşlarım, Ramazan ayınız mübarək olsun. Xeyirlərə vəsilə olsun. 

Ya Rəbbim, Ramazan ayımızı layiqli şəkildə yaşamağımıza yardım et. Ya Rəbbim, biz niyyət etdik Sənin rizan üçün Ramazan ayını oruc tutmağa. Allahım, Ramazanımızı, Ramazanlarımızı qaranlıqdan aydınlığa çıxmağımıza bir vəsilə et... 

Allahım, bizi təmizlə, bir ömrə bərabər Qədir gecəsini yaxalamağı bizə nəsib et! Allahım, Kərim və Şəfa olan Quranımızın nurundan, şəfasından bizi məhrum etmə! Sən duaları qəbul edən Mucib Allahsan, dualarımızı qəbul eylə, ibadətimizi qəbul eylə. Həmd olsun Sənə, ya Rəbbimiz... Sevgili qulun Məhəmmədə və onun ailəsinə salam olsun. Salam olsun bütün müsəlmanlara, Salam olsun dünyamıza. 


Mətanət Kərimova
Bu yazıya 841 dəfə baxılıb.