Bir çox xəstəliklərin dərmanı - ALBALI


Kəmalə Hüseynova
Bu yazıya 3535 dəfə baxılıb.

Meyvələr içərisində albalı dadına, rənginə, gözəlliyinə görə seçilir. Ağacının hündürlüyü 5-10 metr olur. Yaz gələndə albalı ağacları ağ və ya ağ-çəhrayı çiçəklər açır, sanki bağ-bağçalar ağ örpəyə bürünür. Həmin bu ağ-çəhrayımtıl çiçəklərdən bir azdan sonra sırğayabənzər sallaq saplağın uçunda açıq-qırmızı, tünd-qırmızı və ya qarayaçalan muncuqlara oxşayan şirəli giləmeyvələr yetişir.

Albalı faydalı meyvədir. Çünki onun tərkibində orqanizm üçün lazım olan vitaminlər var. Albalının təzə yetişmiş giləmeyvələri yeyilir, qurudulur, ondan mürəbbə, kompot, şərbət və s. hazırlanır. Yarpağında boyaq maddəsi var. Albalı ağacları həm də qollu-budaqlı olur. Respublikamızda ən çox Gəncə, Göyçay, Gülüs, Əndəmic, Avropa sortlarından Anadolu, Şpanka və s. yetişdirilir.

Yabanı albalı aprel-mayda çiçəkləyir. Meyvələri iyulun axırı və avqustda yetişir. Meyvəsi mədəni sortlara nisbətən xırda olub (8-10 mm diametrli), qırmızı, tünd qırmızı və ya qara-bənövşəyidir. Turş və ya turşa-şirindir. Bəzən dadı acı olur, hər 3-4 ildən-bir bol məhsul verir. Tərkibində 12% şəkər (sadə şəkərlər), 2%-ə qədər üzvi turşu (alma və limon), karotin, C, B1, PP vitaminləri, fol turşusu (Bc), aşılayıcı və pektinli maddələr vardır. Meyvələri kompot, kisel, şirə, şərbət, şərab, mürəbbə və spirtsiz içkilər istehsalında işlədilir. Albalının yarpaqları tərəvəzləri duza və sirkəyə qoyduqda istifadə edilir. Çəyirdəyi və ləpəsi ətriyyat sənayesində, bəzi sabunların ətirləndirilməsində tətbiq olunur.

Albalının xalq təbabətində istifadəsi çox geniş və çoxnövlüdür. Albalı şirəsi iştahı və həzmi yaxşılaşdırır, susuzluğu yatızdırır, bəlğəm gətirən, antiseptik və yüngül zəiflədici xüsusiyyətlərə malikdir, həmçinin dəyərli dietik məhsuldur. Süd ilə albalı şirəsi artrit, həmçinin yaxşı qankəsən və sidik qovan vasitə kimi tövsiyə olunur.

Müalicəvi məqsədlə albalının meyvələrindən alınmış ekstraktdan, yarpaqlarından və meyvə saplağından istifadə edilir. Yarpaqlarından alınmış sulu tinktura sarılığa qarşı, meyvə saplağından alınmış sulu ekstrakt ishala qarşı tətbiq olunur.

Albalı həm xolesterolu, həm də qandakı şəkəri azaltmağa kömək edir. 30 qram albalı sapını 1 litr suda 10 dəqiqə qaynadaraq hazırlayacağınız çay, böyrəkləri işlədərək sidikqovucu, qan və sidik yolları təmizləyicisi, öd axınını təmin edici təsir göstərə bilər. Albalıda olan kinik turşusu böyrəklərdə daş yaranmağının qarşısını alır və əgər daş varsa, yox etməyə kömək edir.

Qandakı zərərli maddələrin bədəndən uzaqlaşmasına kömək edir. Həddindən artıq dərman atmaqdan qaraciyərdə yaranan yükün azalmasında kömək edir. Nikotinin bədəndən itməsinə kömək edir.

Sağlamlığınızı təbii üsullarla qoruyun.Bu daha asandır.

Albalılı jele

Tərkibi:

300 ml. albalı şirəsi (kompotu)

300 ml. qaymaq (10-15%)

20 qr. jelatin

şəkər tozu (zövqə görə)

Hazırlanması:

Jelatini 100 ml. qaynadılmış soyuq suda isladıb 1 saat saxlayın. Qaymağın içinə zövqünüzə görə şəkər tozu (məsələn, 3 x.q.) əlavə edib, dənələr əriyənədək qarışdırın. Şirə şirin deyilsə, ona da şəkər tozu əlavə edə bilərsiniz.

Şişmiş jelatinin yarısını ocağın üstünə qoyun, qaynara düşmək istəyən kimi götürün (qaynatmaq olmaz). Qaymaqla qarışdırın. Uyğun formalara (stəkana, badəyə, kasaya və s.) yarısından doldurun (onları əyri də qoya bilərsiniz, amma fikir verin, içindəki axıb tökülməsin). Soyuducuda tam donanadək, təxminən 3-4 saat saxlayın.

Yerdə qalan şişmiş jelatini də ocağın üstünə qoyub qaynara düşmək istəyəndə götürün. Onu albalı şirəsi (və ya kompot) ilə qarışdırın. Formalardakı qaymaqlı jelenin üstünə əlavə edin. Yenə də tam donması üçün soyuducuya qoyun (3-4 saat). Nuş olsun.!

Albalı piroqu

Tərkibi

3 ədəd yumurta

200 qr. kərə yağı

1 stəkan şəkər tozu

3 stəkan un

vanil, qabartma tozu

100 qr. albalı

2 x.qr. xama

Hazırlanma qaydası

Otaq temperaturunda yumşaldılmış yağın üzərinə 1 stəkan şəkər tozu qatılır və mikserlə qarışdırılır. Qarışdırdıqca 3 ədəd yumurtanı növbə ilə əlavə edirik. Yaxşı çalındıqdan sonra 2 xörək qaşığı xama və vanil əlavə edilir və qarışdırılır. Üzərinə 3 stəkan un (aramla) və 1 paket qabartma tozu əlavə edilir. 10-15 dəqiqə xəmir gözlədilir. Alınmış qarışıq orta yumşaqlıqda olur və qaşığın yardımıyla yağlanmış qaba tökülür. Əvvəlcədən hazırlanmış albalı xəmirə basılır. Albalı əvvəlcədən tumu çıxarılır, bölünür və süzgəcə düzülür. Bu o məqsədlə edilir ki, su yaranmasın. 180 dərəcə qızdırılmış sobada bişirin. Hazır piroqun üzərinə zövqə görə pudra şəkəri də səpə bilərsiniz. Nuş olsun!


Kəmalə Hüseynova
Bu yazıya 3535 dəfə baxılıb.