Son Dayanacaq


Samirə Mahmudova
Bu yazıya 968 dəfə baxılıb.

Yaşamaq insanlar üçün nə qədər təbii bir hadisə isə ölüm də həyatın təbii bir nəticəsidir. Hər doğulan bir gün dünyadan gedəcəyinin şüuru içində olur. Heç kəs ölümdən canını qurtarmamışdır. Peyğəmbər (s.ə.s.) “Qocalıq ilə ölümdən qurtuluş yoxdur” buyurmuş, ölümdən qorxmaq, ürpərmək deyil ona hər zaman hazırlıqlı olmağın əhəmiyyətinə diqqətləri çəkmək istəmişdir.

Ölüm fani (müvəqqəti) bir həyatın sonu, əbədi olan axirət həyatına ilk keçiddir. İnsan nə qədər ölümü uzaqlaşdırmağa səy göstərərsə, ölüm yenə bir gün onun qapısını döyəcəkdir. İslam Tarixində ədəbi və əxlaqı ilə dərin cığırlar açan islam sərkərdələri və alimlər daim ölümü xatırlamış, dünyaya tamamilə alüdə olmamışlar. Başlarına gələn hər sıxıntı və bəlanı böyük bir iman kamilliyi, mətanət və səbirlə qarşılamış, dünyadan küsməmiş, hər nemət və ehsana qarşı da daima Allaha həmd və şükür duyğusu içində olmuşlardır. İslam Xəlifələrindən ikincisi Əl-Fəruq ləqəbli Hz. Ömər (r.a.) bir nəfərə davamlı maaş verərək ona hər gün ölümü xatırlatmasını istəmiş, bir gün aynada özünə baxanda saqqalındakı ağları gördüyündə muzdluya:

- Artıq mənə hər gün xatırlatmana ehtiyac yoxdur. Saqqalımdakı ağlar mənə hər gün ölümü xatırladacaq - deyərək onu işindən azad etmişdir.

İnsan övladı ölümün mahiyyəti haqqında geniş açıqlamalar olmadığına görə onu heç olmayacaqmış kimi unudur. Ümumiyyətlə, ölümdən qorxan insanların əksəriyyəti inanc və əqidəsi ya zəif ,ya da heç olmayan insanlardır. İnsan Allah Təalanın hikmətinə uyğun olaraq ölüm mələklərini görə bilər. Bəziləri ölümlərindən bir neçə gün qabaq, bəziləri isə ölüm anında. İmam Gazzali “Qiyamət və Axirət” adlı əsərində ölən insanların son anda keçirdikləri hisslərin onların imanından xəbər verdiyini bildirməkdədir. O deyir ki: “ İnsanlar ölüm hadisəsini müxtəlif şəkillərdə qarşılayırlar. “İnsan əgər mömindirsə, ölən anda üzünə bir nur gələr, alnı və ağzının üstü tər damcıları ilə örtülər və gülümsəyərək həyata vəda edər. Hətta deyilənlərə görə mömin insan bu həyatdan tez qurtulmağa can atar və yaxınlarının onu rahat buraxmasını istəyər. Ölüm mələkləri onun yanına imanı ölçüsündə gələr və ruhunu Qurani Kərimin ifadəsi ilə yüngülcə çəkib alarlar.(Naziat,79/2) Günahı çox olanlara və ya kafirlərə gəlincə onlar yaxınlarına daima qorxduğunu, onu yalnız buraxmamaları üçün yalvarar, dünyanı tərk edib getmək istəməz. Ölüm mələklərinin yanına qorxunc surətdə gəldiyini gördüyündə ölüm anında artıq gedəcəyi yeri bilməkdədir. Üzünü qorxunc bir ifadə bürüyər, gözləri bərələr və ağzından köpük gələr.

Ölüm yatağında olan bir insan üçün başlıca görüləcək işlərdən birisi onun hər kəslə halallaşmasını təmin etməli, borcları varsa ödəməli, və ya yaxınları tərəfindən ödənməli, beləcə qul haqlarından az da olsa qurtulmasını təmin etməkdir. Canı boğazında olan insana arada bir pambıqla ağzına su damcılatmaq, kəliməyi-şəhadət və tövhidi tez-tez qulağına pıçıldamaqla da onu çətin sınaq yeri olan qəbir sorğu-sualına hazırlamış oluruq.

Allah Təala hər birimizi ruhumuzu kəlimeyi şəhadət kəliməyi tayyibəsi ilə verməyi nəsib eləsin və saleh qullarından eyləsin, inşallah. Amin!


Samirə Mahmudova
Bu yazıya 968 dəfə baxılıb.