Axirət


Bu yazıya 1294 dəfə baxılıb.

İslamın inanc prinsiplərinə görə axirət, son, sonra olan və son gün mənalarını bildirir. “Öldükdən sonra bütün bəndələrin düşəcəyi və əbədi qalacağı ikinci aləm... Dünya həyatında edilmiş əməllərin, söz və davranışların nəticələrinin qiymətləndiriləcəyi zaman... Axirətə inanmaq İslamın iman şərtlərindən biridir. Cənnət və cəhənnəm axirət həyatının məkanıdır”. ( İslam ensiklopediyası)

Axirətə inanmaq məsələsindən İslam qaynaqlarında bəhs olunur, müsəlmanların diqqətinə çatdırılır. Belə ki, Axirət kəlməsi Qurani-Kərimdə 110 yerdə adı çəkilməkdədir. Ayrılıqda “əl-yəvmül-axir” (son gün), “ən-nəşətül-axira” (son yaradılmış) və yaxud “yəvmül-qiyamə” (qiyamət günü), “yəvmüd-din” (cəza və mükafat günü), “yəvmül-hisab” (hesab günü), “yəvmül–hasrə” (peşmanlıq günü) bunlardan bəziləridir.

Axirət dünya həyatının ardıdır. Dünya həyatına bənzəyir, lakin fərqli həyatdan, müxtəlif mərhələlərdən və hallardan ibarətdir. Qurani-Kərimdə Hz. Nuh, Hz. İbrahim, Hz. Yusif, Hz. Musa, Hz. İsa və digər peyğəmbərlərin axirət inancları, xüsusilə vurğulanmışdır. Məsələn, Nisa surəsinin 136-cı ayəsində, “Kim Allaha, mələklərinə, kitablarına peyğəmbərlərinə və axirət gününə inanmazsa, uzaq bir zəlalətə düşmüşdür” bildirilir. Qurani-Kərimin ifadələrinə görə dünya həyatı bir oyun və əyləncə, axirət həyatı isə ölümsüz aləm (darul-qərar) və Allahla görüşmə yeridir. (Ənkəbut 29/64, Mömin 40/39; Hədid 57/20)

Dünya həyatının fani, axirət həyatının isə əbədi olması və qiyamətin nə zaman qopacağı, axirətin necə başlayıb davam edəcəyi isə yalnız müqəddəs kitab və hədis işığında öyrənilə bilər. Qurani-Kərimdə Mülk surəsinin 2-ci ayəsində bildirilir: “O ki, hansınızın əməlcə daha yaxşı olduğunu sınamaq üçün ölümü və həyatı yaratdı. Axı, O, qüdrətlidir, bağışlayandır”. Hər bir insan bu həyatda imtahan olmaqdadır. Bəziləri varlı və ya kasıb, məmur və ya işsiz, sağlam və ya xəstə olaraq sınanmaqdadır. Sonda bütün insanlar itaətkar və ya asi, adil yaxud zalım, yaxşı, ya da pis olaraq Allahın hüzuruna çıxacaqlar. Dünya həyatındakı haqsızlıqların, həddi aşmalarının cəzasının verilməsi və edilən yaxşılıqların mükafatlandırılması üçün divan qurulacaq. Bütün insanlar bir-biriləri ilə hesablaşacaq, haqlı və ya haqsız ayırd ediləcək, əməlinə görə qarşılıq veriləcəkdir. Qurani-Kərimdə də, ilahi ədalət divanının qurulacağı və insanların dünyada işlədiklərinin qarşılığını görəcəkləri ilə bağlı ifadələrə rast gəlirik. Əl-Casiyə surəsinin 21-22-ci ayəsində buyurulur: “Yoxsa pis əməllər edənlər güman etdilər ki, onları, iman gətirib yaxşı işlər görənlərlə bir tutacağıq, onların həyatları və ölümləri eyni olacaq? Onlar necə də pis mühakimə yürüdürlər! Allah göyləri və yeri

haqq-ədalətlə yaratmışdır ki, hər kəs qazandığına görə əvəzini alsın. Və onlara heç bir haqsızlıq edilməz”. Əl-Casiyə surəsi 26-28-ci ayədə “De: “Allah sizi dirildir, sonra sizi öldürür. Sonra sizi qiyamət günü bir yerə yığacaqdır. Ona (qiyamətə) heç bir şəkk-şübhə yoxdur, lakin insanlar çoxu bilməz! Göylərin və yerin hakimiyyəti Allahındır. Qiyamət qopacağı gün isə, o gün, yalan danışanlar ziyana uğrayacaqlar! Hər ümməti diz üstə çökmüş vəziyyətdə görəcəksən. Hər ümmət öz (əməl) dəftərinə tərəf çağırılacaqdır. Bu gün etdiyiniz əməllərin əvəzi sizə veriləcəkdir!”

Axirət həyatı qeybə məxsus olan bir mövzu olduğu üçün ağıl və müşahidə ilə bilgi sahibi oluna biləcək bir sahə deyil. Bu mövzuda Quran və hədislərə söykənərək danışmalıyıq. Günümüzdə də başda Xristiyanlıq və Yəhudilik olmaqla, yaşayan dinlərin hamısında axirət inancı vardır. Bu da insanlığın axirətin varlığı mövzusunda ortaq bir fikrə gəldiyini bildirir.

Möminin axirətinin xeyrli olması bu dünyada qazandıqları əməllərinin bəhrəsindən keçir. Allah Təala bizləri xeyir əməl sahiblərindən, əbədi səadət dünyası olan axirət dünyamızı haqq etmişlərdən qərar versin, Amin!



Bu yazıya 1294 dəfə baxılıb.