İnsan həyatının sonuncu mərhələsi – “Axirət”


Mətanət Kərimova
Bu yazıya 1323 dəfə baxılıb.

İnsan dünyada yaşadığı müddətdə heç zaman ölümü və axirəti unutmamalıdır. Hər zaman çalışmalıdır ki, dünyada etdiyi hərəkətlər axirətdə onun əleyhinə çevrilməsin. Əks halda, yəni dünyaya aludə olduqda, insan gələcəyi gözardına vurur, həyatın yalnız bu dünya ilə məhdudlaşdığını düşünür, heç bir ölçüyə və qanuna sığmayacaq tərzdə dünyaya bağlanır.

İnsan axirət üçün azuqəni, yəni savabı bu dünyada qazanır. Əgər dünya həyatı olmasaydı, insanların savab qazanmaq və behişt əldə etmək imkanı da olmazdı. Bütün savab əməllər bu dünyada edilir, ölümdən sonra heç bir savaba nail olmaq mümkün deyil. Çünki dünya – savab yeri, axirət isə hesab yeridir. Bu dünyada halal ruzi qazanan, özünün və ailəsinin tam ehtiyacsız halda yaşayışını təmin edən, imkanı çərçivəsində fəqirlərə yardım göstərən, əli, dili və ürəyi ilə haqq-ədaləti qoruyan, insanları yaxşı əməllərə çağırıb pis işlərdən çəkindirən, Allaha ibadət edib öhdəsindəki dini vəzifələri layiqincə yerinə yetirən şəxs, əlbəttə ki, savab qazanar. Bizi yaradan Allah, bir yaradıcı kimi Öz yaratdıqlarını çox sevir. Allahın bizə olan sevgisi, ananın öz balasına olan sevgisindən 70 dəfə daha çoxdur. Allah bizim üçün həm bu dünyanı yaradıb, həm də Axirət həyatını və, ələlxüsus, Cənnət baxçalarını yaradıb və bizi bir müddət yer üzünə göndərərək yenidən Cənnətə dəvət edir, Cənnəti qazandırmaq, Cənnətə salmaq istəyir. İnsan daima düşünməlidir ki, haradan gəlib haraya gedəcək, necə gəlib necə gedəcək? Yaradılış ilə son nəticə arasındakı məsafə hansı mərhələlərdən keçir? İnsanın ölümündən sonra hansı proseslər baş verir? Məgər həyat o qədər mənasızdır ki, ölümdən sonra heç bir nəticə yoxdur? Axı belə olsa idi, onda həyatın heç bir mənası olmazdı, yaxşılığın əhəmiyyəti, pisliyin isə ziyanı olmazdı. Lakin insan əbəs yerə yaranmayıb və mütləq gəldiyi yerə qayıdacaqdır. Bəşəriyyətin boş və mənasız olaraq yaradılma düşüncəsi yanlış bir fikirdir. «Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızımı güman (zənn) edirsiniz?!» (Möminlər: 115)

Ümumiyyətlə, insan yaradılışın məqsədi bu dünyada əbədiyyən qalmaq deyil. İnsanın yaradılışından məqsəd – bir müddət bu dünyada sakin olduqdan sonra başqa aləmə, başqa mərhələyə köçməsidir. İnsanlar yaradılaraq bu dünyada, yəni yer üzündə, sıra ilə doğulub yaşayaraq vəfat edib, yerlərini digərlərinə verirlər. Dünya həyatının da onlar üçün maraqsız olmaması üçün Allah yer üzünü müxtəlif şeylərlə bəzədib və insanların qəlblərinə tələbat yerləşdirib, sadəcə olaraq bu təlabatı necə həll edəcəkləri, hansı yolla həyata keçirəcəkləri barədə onları sorğu suala tutacaqdır. Çünki Allah Təala bu tələbatların həm halal həllini göstərib, həm də ziyan olan yolları da qadağan edərək haram elan edib. Beləliklə, bu dünya – insanların bir-birinin ardınca sıra ilə yaşadıqları bir mərhələdir. Axirət – lüğəti mənasına görə, nəyinsə axırı və ya ümumiyyətlə «axırıncı», «sonuncu» deməkdir. İslam elminin «istilasına» (şəriət terminologiyasına) görə isə, axirət - «insan varlığının və həyatının sonuncu və daimi olan mərhələsi» deməkdir. Bu – axirət həyatıdır. Əsil Axirət həyatı – ölümdən, sonra qəbir aləmindən, daha sonra Qiyam (təzədən dirilib qalxma) və mühakimə (haqq-hesaba çəkilmə) günündən sonra başlayacaqdır. Kainatın Rəbbi də, bu həqiqəti bizə xəbər verərək, bunun qaçınılmaz bir hal olduğunu bildirir: «De ki: Qaçdığınız ölüm sizi mütləq yaxalayacaqdır. Sonra siz gizlini də, aşkarı da bilən Allahın hüzuruna qaytarılacaqsınız. O da sizə nələr etdiyinizi xəbər verəcəkdir!» (Cümə, 8). Bir mərhələ olaraq, axirət - yenidən öz Rəbbinə qayıdış, dünya mərhələsində nələr etdiyinə görə sual-cavab edilmə və həmin andan etibarən, çox uzun müddətli bir həyat sürməsinin başlanmasıdır. Bu həyatı nə səviyyədə yaşayacağı, həmin sual-cavabın nəticələrindən asılıdır. Beləliklə də, diqqət mərkəzində olan əsas amil – sorğu-sual edilən an və onun nəticələridır.

Qiyamət günü bütün insanların həqiqəti açıqca görəcəkləri gündür. O gün inkar edən bir insan qarşılaşacağına inanmadığı, ya da həyatı boyunca düşünməkdən qaçdığı axirət həqiqəti ilə qarşı-qarşıya qalacaqdır. Dünyda iman etməmənin nəticələsini öz gözləri ilə görəcək, geri dönüşü istəyəcək, ancaq bu istəyi qəbul edilməyəcəkdir. Həyatı boyunca nəfsinə görə hərəkət etdiyi üçün və Allahın rizasını düşünmədiyi üçün sonsuz əzab ilə qarşılaşacaq, bundan böyük peşmançılıq duyacaqdır.

Ey qullarına qarşı şəfqətli və mərhəmətli olan Rəbbimiz! Bizlərə müsəlman kimi yaşamağı və müsəlman kimi ölməyi nəsib et! Ayaqlarımızı dünyada Sırati Müstəqim üzərində, Axirətdə isə Sırat Körpüsü üzərində sabit et! Qəbirlərimizi cəhənnəm çuxurlarından bir çuxura deyil, cənnət bağçalaıından bir bağçaya çevir. Amin!


Mətanət Kərimova
Bu yazıya 1323 dəfə baxılıb.