İslam bütün elmlərin mənbəyidir


Pərvanə Əfəndiyeva
Bu yazıya 1239 dəfə baxılıb.

İslam dini elmə, biliyə yüksək qiymət verən dindir. Digər elmlərdən ali olan İslam, elm almağı bütün müsəlmanlara vacib buyurur, elmə və alimə dəyər verir.

“Harada elm varsa, orada müsəlmanlıq var, harada elm yoxdursa, orada kafirlik var”. (Hz. Məhəmməd)

Cahillik və nadanlığı qəbul etməyən İslam, fikir, elm və ağıl dinidir. Əlbəttə ki, insanların bir-birindən üstünlüyü, onların elm və imanlarına görədir. Məhz bu baxımdan müsəlmanlar qeyri-müsəlmanlardan üstündür. Müqəddəs kitabımız olan Qurani-Kərimdə deyilir ki, biliklilərlə biliksiz heç də bir deyil. “... De: Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?!...” (39-cu surə 9-cu ayə)

Quran ayələrinə əsasən, bilirik ki, Allah Təala birinci insan olan Adəm (ə.s.)ı yaratdıqdan sonra ona elm öyrətdi. Əgər birinci insana ilk növbədə elm öyrədilibsə, deməli, yaşayışın əvvəli elmlə başlayıb.

Əsrlər boyu bəşəriyyətə misilsiz tövhələr vermiş alimlərin əksəriyyəti, məhz imanlı və müsəlman olmuşlar. Çox əfsuslar ki, bir müddət dinin və elmin nümayəndələri bir-birinə qarşı daim zidd cəbhədə olmuşlar. Ancaq bu ziddiyyətin heç bir əsası olmayıb. Çünki 779 dəfə elm deyib səslənən Quranda elm və iman kəlmələri yanaşı işlənmişdir. Bəzi əqidəpərəst cahillər dinin elmdən ayrı olmasını isbat etməyə çalışsalar da, onların yalnış fikirdə olmasını sübut edən amillər vardır.

Bir sıra inkişaf etmiş ölkələrdə “Quranda elmi nişanələr” mövzusunda keçirilən Beynəlxalq elmi konfranslar, nəhayət ki, bu fikrə son qoydu.

İslam Peyğəmbəri Hz. Məhəmməd (s.ə.s.) belə buyurmuşdur: “İki cür ac var; onlar heç vaxt doymaz, onlardan biri elm, hikmət, o biri isə mal- dövlət, sərvət acıdır”.

İslamın rəhbəri olan Hz. Məhəmməd (s.ə.s.) elmə və maarifə hədsiz fikir verən şəxs idi. Odur ki, müharibələrdə tutulan əsirlərin arasında savadlı şəxslər olanda onları qalan əsirlərdən ayırıb, şərt kəsərdilər ki, hər biri filan qədər adama dərs verib, yazıb-oxumaq öyrədəndən sonra azad ediləcəklər. Bu üsul ilə Peyğəmbərimiz Mədinədə çox adamları savadlandırırdı. Peyğəmbərimizin vəfatından sonra bu missiyanı İmamlar davam etdirirdilər.

I İmam Hz. Əli (ə.s.) elm və hikmət dəryası olmuşdur. O, nəhv, sərf, təfsir, qiraət və s. bu kimi din elmlərinin mahir bilicisi olmuşdur. Hz. Əli (ə.s.), həmçinin Quran nöqteyi-nəzərindən riyaziyyat, fizika, coğrafiya, astranomiya, biologiya, etika, estetika və s. bizə məlum olmayan bir çox elmləri şərh edirdi.

Bir gün Hz. Əli (ə.s.) atına minməyə hazırlaşarkən, bir ayağı yerdə, o biri ayağı üzəngidə olduğu halda yəhudi riyaziyyatçısı ona dedi: “Ey bütün elmlərə sahib olan İmam! Mənə elə bir ədəd de ki, 1-dən 10-a qədər bütün rəqəmlərə bölünsün. Hz. Əli (ə.s.) parlaq üzünü yəhudi aliminə çevirərək buyurdu: “İstədiyin ədədi tapa bilsəm, müsəlman olarsan?” “Bəli, olaram, ey İmam!”- deyə yəhudi cavab verdi.

İmam cavab verdi: “Onda həftənin günlərini vur çevrənin tam dərəcəsinə”. Və o biri ayağını da üzəngiyə keçirib, atına mindi. Yəhudi 7-ni 360-a vurub 2520 ədədini aldı, sonra yenə də fikrində: 2520:1=2520, 2520:2=1260, 2520:3=840...... 2520:9=280, 2520:10=252

Heyrət və dəhşətə gələn yəhudi alimi İmama dedi:

* “Ey İmam, elmi büllurlardan duru olan! Verdiyim vədə əməl edib müsəlman oldum! İslamı qəbul edirəm”. Bir müsəlmanın da artdığından xoşbəxtlik duyan Hz. Əli (ə.s.) atını çapıb gözdən itir.

Müasir dövrdə elmlərin miqdarı çox artıb, amma məna dərinliyinə görə onlar bir-birinə yaxınlaşır, bir mərkəzə tərəf gedirlər.

Hz. Məhəmməd (s.ə.s.) belə buyurmuşdur: “Elm bir nöqtədir, cahillər onu çoxaldıblar”. Bu kəlamda olan “cahillər” o elmlərin əsasını qoyan alimlərdir. Müxtəlif elmlərin əsasını qoyan alimlər, hadisələrin mənbəyini və mahiyyətini bilmədikləri üçün əsl mərkəzə - İslam elminə yetişə bilməmiş və hərə öz qabiliyyəti dairəsində məşğul olduqları məsələyə aid bir elm yaratmışlar.

“Sizə xoş gələn elmlərin hamısını öyrənmək üçün ömür çox qısadır, odur ki, onların ən əhəmiyyətlisini öyrənin”. (Hz. Əli)

Elm və İslam dini arasında möhkəm vəhdət var. Bunu İslam rəhbərlərinin kəlamları sübut edir.

“Ən böyük sədəqə biliyi bilməyənlər arasında yaymaqdır”.

“Alim ölüb getsə də, daim diridir, cahil aranızda olsa da ölü kimidir”.

“Bir saat alim yanında oturub elmi məsələni müzakirə etmək, Allah dərgahında 100 min rükət namaz qılmaqdan, 100 min təsbih deməkdən və cihad yolunda 100 min at verməkdən artıqdır”.

“Üç şəxs var ki, asimanlar, yerlər, mələklər gecə-gündüz onlardan ötrü Allahdan bağışlanmaq istəyir, alimlər, tələbələr, bir də səxavətli şəxslər”.

“Bilikli adamın üzünə baxmaq, onunla oturub-durmaq ibadətdir”.

“Bilik əldə etməyə çalışın, bir-birinizlə bəhsə girin, çünki elm sahəsində eşitdiyiniz hər bir yeni söz yer üzərindəki qızıllardan, gümüşlərdən daha qiymətlidir”.

“Hər yerin bir yolu olduğu kimi, cənnətin də yolu elmdir”.

Xoşbəxtlik dini olan İslam dini bilik öyrənənlə yanaşı bilik öyrədənə də yüksək qiymət verir.

“Sizə bilik öyrədən şəxsi də böyük sayın, uca tutun; bilik öyrətdiyiniz şəxsi də”. (Hz. Məhəmməd)

Gəlin, dinimizin göstərişlərinə əməl etməklə dünya və axirətdə səadətə qovuşaq.


Pərvanə Əfəndiyeva
Bu yazıya 1239 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.