İki dünya arasında


Məhsəti Əsgərli
Bu yazıya 1102 dəfə baxılıb.

Dünya, yoxsa axirət? Axirət, yoxsa dünya?

Bu sual bir çox insanın ağlını qarışdırır. Əslində cavabı çox asandır. Amma həqiqi yolu tapa bilməyənlər üçün çox çətindir. Dünya həyatı qüssə kədər, sıxıntı və bəladan başqa bir şey deyildir. Bunların hamısını dərrakəli bir fikirlə düşündükdə doğrudur. Bunları sadəcə Allahın saleh əməl işləyən qulları anlaya bilər. Allahı unudan, Allaha səmimi qəlb ilə bağlı olmayanlar bunu anlaya bilməz. Həqiqətən, axirət həyatı Uca Allahın bol-bol rəhmətini yağdırdığı və mömin qullarına bəxş etdiyi misilsiz nemətdir.

Dünyalıq və axirət barəsində Şeytan ilə Mələk durmadan yarış edirlər. Mələyin yarışdığı yolda sadəcə Allahın saleh əməl işləyən qulları qazanır və öncə Cənabı Haqq, sonra Mələk, sonra isə axirətini gözəlləşdirən Adəm oğlu. Şeytan isə yarışdığı yolda insan oğlunun gözünə bir anlıq tor çəkir və dünyalığı insanların gözlərinə gözəl göstərərək axirətlərini korlamaqlarına səbəb olur. Dünyalığa dalan insanlar sanki bu dünyada qalacaqlarmış kimi yaşayıb gedirlər. Elə düşünüb günlərini hədər edənlər necə də cahil insanlardır.

Təbii ki, yuxarıda sadalanan mənfi xüsuslar Allahın saleh əməl işləyən qullarına məxsus hallar deyildir. Onlar əbədi sevgini seçən comərd insanlardır.

Dünyalığa dalanlar içlərində bəzən böyük bir boşluq hiss edirlər və o boşluğu doldurmaq üçün çox çalışırlar və hətta bəzən doldurduqlarını sanırlar, amma bilmirlər ki, o boşluq sadəcə doğru yolu, yəni Allaha gedən yolu tapmaqla dola bilər. Necə ki, boş bir stəkanı saf və təmiz suyun doldurduğu kimi. Eynilə Allahı tapan qəlblər də su kimi saf və çirklərdən təmizlənmiş olmalıdır. Necə də gözəl sözdür “Qəlblər ancaq Allahı tapmaqla aram tapar”. Cənabı Haqq nə göydə, nə də yerdədir. Allah onu tapmaq üçün yola çıxan insana, insanın öz addımından daha da yaxındır.

İnsan dünyaya gələrkən çılpaq gəlir, gedərkən isə sadəcə ağ kəfənlə gedir. Bunu qəbul etmək bəzən ağır gəlir. Amma qəbul etsək də, etməsək də insan oğlunun ömrü belə sona çatır. Əbədi sevgini, doğru yolu tapanlar üçün qəbul edilməsi çətin olan kəfən parçası hər şeydən əziz gəlir. Çünki sonunda Allaha dönəcəklərini və səadətə qovuşacaqlarını bilirlər. Məsələn: Allah Rəsulu (s.ə.s.), səhabələri - Hz. Həmzə (r.a.), Hz. Əli (r.a.), Hz. Musab Bin Ümeyr (r.a.) və s. Bu insanlar əbədi dünyanı seçib səadətə qovuşanlardandır. Bu insanların adı çəkildiyində hörmət ilə anmaq və Allah rızası üçün səmimi bir qəlb ilə bir Fatihə, üç İxlasla anmaq çox ibrətamiz olardı. Çünki onlar buna layiqdirlər.

Onların igidliklərinə, qəhrəmanlıqlarına və Allaha duyduqları sevgilərinə görə Allah Təala bu ayəti-kəriməni göndərdi:

“Möminlər içərisində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisidə (şəhid olmasını) gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər”. (Əhzab, 23)

Əbədi dünyanı seçənlər sadəcə Allahın Rəsulu (s.ə.s.) və Allah yolunda şəhid olanlar deyil, indi də günümüzdə yaşayan övliyalar da vardır ki, onlar da Allah yolunda çalışanlardır. Bu insanlar örnək götürülməli, və hansı yolun bizlər üçün daha xeyirli olmasının açıq bir cavabdır.

“(Ey insanlar!) Bilin ki, dünya həyatı oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Dünya həyatı aldanışdan (yalandan) başqa bir şey deyildir”. (Əl-Hədid, 20)

Dünya həyatı həqiqətən də, sadəcə bir aldanışdan ibarətdir. İnşallah ki, bizlər də bu dünyada gözəl işlər edərək Allah dərgahında gözəl mövqe qazanar və dünyaların ən gözəli olan əbədi dünyaya çata bilərik. Cənabı Haqq hər birimizə layiqli qul olmağı nəsib etsin. Amin!


Məhsəti Əsgərli
Bu yazıya 1102 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.