Oruc uzun ömürlülüyün zəmanətidir


Samirə Mahmudova
Bu yazıya 892 dəfə baxılıb.

Allahın bəndələri üzərinə fərz buyurduğu ibadətlərin ən fəzilətlisi və savab yönündən ən ağır gələni olan oruc Mədinəyə hicrətdən il yarım sonra Şaban ayında fərz qılınmışdır. Hər bir ibadətin savabı bəlli olduğu halda Allah Təalanın orucun savab dərəcəsini bəndələrinə bildirməyərək özü təyin etməsi bu ibadətin Allah qatında nə kimi əcrləri olduğunu bizə ayan edir. İndiyə qədər oruc ibadətinin yalnız İslamda fərz qılınmasını düşünənlər, əslində, Qurani-Kərimi qiraət etsələr nə qədər yanıldıqlarını anlayarlar. Çünki həm ibadət yönündən Allaha sevimli olan,  həm də səhhət yönündən insanlığın uzun və sağlam yaşaması üçün vacib qılınan bu ibadət hələ İslamdan öncəki dinlərdə də:

“Ey iman edənlər! Oruc sizdən əvvəlkilərə fərz qılındığı kimi, sizə də fərz qılındı. Ümid edilir ki, çəkinərsiniz” (Bəqərə 2/183) şəklində  fərz qılınmışdı.  Digər ibadətlər kimi orucun da nəfslərinə ağır gəldiyini düşünən xristiyan və yəhudi din xadimləri bu ibadəti özlərinə asanlaşdıraraq pəhriz kimi istifadə etməyə davam etmişlər. Yəhudilər bunu tərk edərək ildə sadəcə bir günə endirmiş, xristiyanlar isə bu orucu çox isti olan bir ildə kilsə xadimlərinin görüş birliyi ilə yaz mövsümünə keçirmiş, bu dəyişikliyin kəffarəsini on gün, o dövrdə hökmdarlarının sağalması və yoluxucu xəstəliklərinin önünün alınması üçün də on gün əlavə edərək toplam əlli günə çıxarmış, adına da pəhriz qoymuşdular.

 Əslində, orucun insanı təmin etdiyi dini, tibbi, iqtisadi, mənəvi, psixoloji və sosial yöndə faydalarından çox danışmaq olar. Ancaq  burada orucun insan sağlamlığı yönündən faydalarına toxunmaq yerində olar.

Orucun zərərli olmadığını göstərən bir çox məlumatların yanında bir çox faydası da vardır. Alman professor Cehardet iradənin güclənməsi mövzusunda yazdığı kitabda orucu tövsiyə edərək insanın maddi meyillərinin əsiri olmamasını, nəfsinin yüyənini hər zaman əlində tutacaq və ruhun cəsədə hakimiyyətini təmin edəcək ən təsirli yolun oruc olduğunu bildirir. Professor Hamidullah bu mövzuda belə deyir: “Oruc ayı olan ramazan dövr-dövr qış və ya yay, ilin bütün fəsillərinə təsadüf edər. Bir insan, beləliklə, yayın qovurucu istisində olduğu kimi, qışın dondurucu soyuqlarında da bu məhrumiyyətlərə öyrəşmiş olar. Şübhəsiz ki insan bundan səhhət, dözümlülülk və s. bir sıra faydalar əldə edər.

Dr. Rowy isə bu xüsusda “Oruc vücudun xəstəliklərə qarşı müqavimətini artırır. Bu önəmli tibbi həqiqəti İslam orucu fərz qılaraq ortaya qoymuşdur. Bu günki müasir tibb isə orucu xəstəliklərə qarşı qoruyucu və əlac vasitəsi olaraq istifadə etməkdədir.

Bu xüsusu dəstəkləyən Dr. Nurbaki belə deyir: “Orucda, xüsusilə gündüz qida alınmaması səbəbi ilə qaraciyər qida saxlama işində  fövqaladə rahatlayar. Və bu rahatlıq sirasında vücüd üçün həyatı əhəmiyyət daşıyan qlobulinlər hazırlayar. Bu sayədə qorunma sistemimiz güclənər”.

Bu fikri prof dr. Kazım Gürkan da dəstəkləyərək belə açıqlayır: “Oruc bir rejimdən ibarətdir. Qayəsi də yenə bəşərin səhhət yolu ilə səadətini təmin etməsidir. Düşünməliyik ki, rejimin ən böyük müalicə yolu olduğu bir prinsip olaraq qoyulduğu zaman təzyiqdən, xolestroldan insanların xəbəri belə yox idi. Buna görə mən, bu dini pəhrizə hörmət göstərirəm.

Orucun bir müsbət təsiri də qansızlığa faydalarının olmasıdır. Buna görə qanı çox olanların əksinə qanı aşağı olanlar oruc tutduqlarında daha asan qan artışı olur. Oruclu ikən qaraciyər dincəldiyinə görə sümük iliyinin qan artırmaq üçün ehtiyac duyduğu maddələri daha gözəl və sağlam şəkildə hazırlayır. Orucun ən önəmli faydası xərçəng xəstəliyinin azalmasına yardımçı olmasıdır. Siçanlar üzərində aparılan araştırmalar nəticəsində məlum olmuşdur ki, enerji qəbulunun azaldılması nəticəsində onlarda döş, ağciyər və dəri xərçənginin inkişafı azalmışdır. Avropalı elm adamlarından Ross və Brass da az bir enerji ilə bu heyvanlarda xərçəng hüceyrələrinin azaldığı və ömürlərinin artdığını isbat etmişlər. Tibb sahəsində aparılan elmi tədqiqatlar sayəsində məlum olmuşdur ki, insanlar oruc tutduqları zaman vücüd müəyyən bir zaman zərfində qidadan məhrum olduğuna görə enerji qəbulu azaldığından onlarda təşəkkül edən xərçəngin hüceyrələri bir-birini yeməkdədir. Bu da xərçəngin aclıq sayəsində təşəkkülü bir yana, azalması prosesinə səbəb olur. Hankin və Rawling adlı elm adamları  da bu fikri məminsəyərək  Asiya və bəzi Afrika ölkələrində xərçəng xəstəliklərinin faizinin aşağı olmasının onların gündəlik qidalandıqları qida maddələrindəki enerji qəbulunun aşağı olmasına bağlamışdılar. Burada İslamın həm nəfsin, həm də bədənin sağlam olması üçün tövsiyə etdiyi az bir qida ilə kifayətlənməyin nə qədər faydalı olduğunu görürük. Rəsulullah (s.ə.s.)in həyatı boyunca doyunca yemək yemədiyi, bəzən günlərlə ac qaldığı, bəzən də bir stəkan südün günlük rasiyonu olduğunu gözümüzün önünə gətirdiyimiz zaman onun 63 illik həyatında sağlam yaşaması sirrinin məhz bu az yemə prinsipinin təsiri olduğunu görmək olar. Allah Təalanın bizə vacib qıldığı ibadətlərinin, əslində, Yaradana təzim və şükürdən çox insan üçün nə dərəcə vacib olduğu şübhəsiz ki, danılmayan bir həqiqətdir. Yaradan bizləri düşünərək: “Əgər bilsəniz oruc tutmağınızın sizə nə qədər faydası vardır” (Bəqərə,2/184 ) buyurmaqla bu ilahi hikmət və dərinliyə diqqət yetirməyimizi istəmişdir.

 


Samirə Mahmudova
Bu yazıya 892 dəfə baxılıb.