Yanmaq


Albina AXISKALI
Bu yazıya 1207 dəfə baxılıb.

            Bir-birlərini sevən üç kəpənək, bir gün, odun nə olduğu haqda mübahisə edirlər. Birincisi, oda uzaqdan baxmış və aydınlıqdır demiş. İkincisi, oda yaxınlaşdığında isidəndir demiş. Sonuncusu isə sürətlə odun içinə girmiş. Odun nə olduğunu bircə o başa düşmüşdür.

            Sevgi və bağlılıq da oda bənzəyir. Başa düşmək üçün nə uzaqdan baxmaq, nə də yaxınlaşmaq kifayət deyildir. YANMAQ  gərək!...

             Bəli, yanmaq gərək... İçdən-içə yanmaq... Ağrını bütün bədənində hiss edərək yanmaq... Elə bir yanmaq ki, ağrıdan qıvransan da heç kəsə deyə bilməmək... Elə bir yanmaq ki, geriyə səndən yanlız külünün qalması...

            Rəsulullah kimi yanmaq... Namazda sinəsindən odda qaynayan qazan səsi gəlməsi kimi yanmaq...

             Əshab kimi yanmaq... Geriyə baxmadan oda atılmaq...

            Hz. Mövlana kimi yanmaq... Ömrünün mərhələlərini sadalayarkən xam idim, bişdim və yandım deyə bilmək...

            Bəli, Onlar yandılar. Allahın sevgisiylə yandılar. Artıq yanmış birisini od yenidən yandırarmı?

            Bəs biz? Yanmağın ağrısını hiss etdikmi heç? Yanmaq bir yana kiçik də olsa bir qığılcım parıldadımı heç... Yoxsa oda uzaqdan baxdıq, uzaqdan oxuduq yananların hekayəsini... Atəşi yandıracaq heç nəyimiz yox idi. Ona görəmi yandıra bilmədik? Yoxsa yanımızda kibritimiz, odunumuz var idi, biz istəmədiyimiz üçün yandırmadıq? Yoxsa dünyadakı fani hüzünlər, üzüntülər o qədər bürüdü ətrafımızı, o qədər yandırdıkı bizi, artıq əlavə odu yandırmağı lazım görmədik. Bəlkə də içimizdə parıldamağa çalışan qığılcımları bəzilərinin gəlib üfürüb, söndürməsinə izin verdik. Bəli, qabağımıza çıxan hər əngəli aşmaq üçün cəsarət toplaya bilmədik. Hər deyilənə qulaq asdıq. Bir dəfə qəlbimizdən, vicdanımızdan doğruları soruşmadıq. Öz doğrularımızı yaşaya bilmədik. Külək hansı tərəfə əsdi isə biz də o tərəfə yönəldik.

            Bəlkə də buna görə təkcə uzaqdan baxıb qane olduq, özümüzü odun aydınlıq olduğuna inandırdıq. İgidlik göstərib bir az daha yaxınlaşa bilmədik. Odun bizə zərər verməsindən qorxduq. Açıqcası, yanmaqdan qorxduq. Ağrını, əzabı gözə ala bilmədik. Sevdiklərimizdən əl çəkə bilmədik. Fani arzularımızı fəda edə bilmədik. Halımızı pozmaq istəmədik. Çünki rahatlığa öyrəşmişdik. Əlbət, bir gün yanmamız gərəkdiyini unutmuşduq. Ya Allah sevgisi, məhəbbəti ilə yanacaqdıq, ya da cəhənnəmin dəhşətli odu ilə...

             Bəlkə də zaman-zaman cəsarət toplayıb oda yaxınlaşdıq. Və yaxınlaşdıqca yeni bir şeylərin fərqinə vardıq. Od aydınlıqdan əlavə isinməkdir. Amma yenə ətrafımızı qorxu bürüdü. Odun içinə girə bilmədik. Gözümüzü yumub, arxaya dönüb baxmadan oda atıla bilmədik. Və ömrümüzün qış mövsümlərində fırtınalar, qasırğalar əsdikcə oda yaxınlaşdıq  biraz isindik və yetərli sandıq. Daha çoxunu lazım bilmədik. Çünkü içimizdə qorxu var idi. Əslində, qorxulacaq olan halımız idi. Və qorxumuza görə də çox şeydən məhrum qaldıq. Əbədi olanı faniyə dəyişdik. Ticarətimiz zərərə uğradı. Amma əgər oda atılsaydıq, neçe- neçə mənləri yaxacaq, yox edəcəkdik. Mənləri yox edib, neçə-neçə Sənləri tapacaqdıq.

            Bəli, yana bilmədik. Əgər böyük olsaydı sevdamız, davamız da böyük olardı. O qədər dünya davaları məşğul etdi ki bizi həqiqi davamızı unutduq. Necə ki, külək əsdikcə şamı söndürər, odu isə gücləndirər, bizim sevdamız da ancaq şam kimi qaldı, od ola bilmədi. Ona görə də hər əsən küləkdə söndük. Hər qarşılaşdığımız çətinlikdə içimizdəki yanğın söndü. Ancaq qarşılaşdığımız çətinliklərə sinə gərməli, odumuz güclənməli idi .

            Yəni oda həqiqətlə baxa bilmədik , zahiri gördük. Həqiqət bizə uzaq qaldı.

            Amma unutmayaq, nə qədər uzaqdan baxıb od aydınlıqdır desək də, nə qədər  yaxınlaşıb, od isidəndir desək də, bunu bilməliyik ki, biz odun həqiqətini dərk edə bilmədik. Bu atəş bizdən əvvəl də yanırdı, indi də yanır, bizdən sonra da yanmağa dəvam edəcək. Yəni, hələ də gecikmiş deyilik. Daha ömrümüzün son səhnəsi oynanır, pərdələr çəkilməyib. Bizə lazım olan tək şey əzim, cəsarət və fədakarlıqdır...

            Rəbbim bizlərə yanmadan əvvəl, sevgi ilə yanmağı nəsib etsin...Amin!


Albina AXISKALI
Bu yazıya 1207 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI
  • Yanmaq
  • Tələlərlə Dolu Meşə